Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-207/2025 30.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.552,74 manat maddi zərərin, 121,66 manat dövlət rüsumunun və 325 manat vəkilə ödənilmiş xidmət haqqının alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh Namiq oğlu arasında 03 oktyabr 2024-cü il tarixli əmək müqaviləsi başlanmış və cavabdeh sürücü peşəsinə işə qəbul edilmişdir. İddiaçı mülkiyyətində olan “İSUZU” NKR55 E markalı, 77JM 350 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilə əsasında işçi Cavabdeh Namiq oğluna təhvil vermişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə Binəqədi-Balaxanı yolunda şirkətə məxsus “İSUZU” NKR55 E markalı, 77JM 350 nömrə nişanlı yük avtomobilini idarəetməni itirərək "xxxx" Şirkətinə məxsus hasarın üzərinə aşıraraq hasara və maşına maddi ziyan vurmuşdur. Cavabdeh nəqliyyat vasitəsinə vurulmuş zərərdə, həm də iddiaçını qazanc əldə etməsindən məhrum etmişdir. Faktla bağlı araşdırma başlanılmış Cavabdeh Namiq oğlunun əməlində İXM-nin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati protokol tərtib olunması üçün qərarın surəti Binəqədi rayon DYPŞ-nə göndərilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən cavabdehin istifadəsində olan “İSUZU” NKR55 E markalı, 77JM350 nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan məbləği 10.552,74 manat müəyyən edilmişdir. İşçi ilə işəgötürən arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh tam maddi məsul şəxs olaraq ona etibar edilərək istifadəsində olan nəqliyyat vasitəsinin qorunub saxlanması, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması barədə öhdəlik götürmüşdür. Tərəflərindən cavabdehə rəsmi qaydada müraciət olunaraq 10.552,74 manat məbləğində dəymiş ziyan məbləğinin ödənilməsi təklif olunmuşdur. Lakin bu günədək cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək dəymiş ziyan məbləğini ödəməmişdir. Binəqədi rayon Polis İdarəsində və işçinin işəgötürənin adına yazmış olduğu izahatda işçi əməlini tam etiraf edərək dəymiş ziyan məbləğinin ödəyəcəyinə söz vermişdir. Mübahisənin məhkəməyədək həll olunması üçün cavabdehə mediasiya təklifi göndərilib. Cavabdeh təklifə münasibət bildirmədiyi üçün mübahisənin mediasiya vasitəsilə həll olunması üçün Qusar 1 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 xx.xx.2025-ci il tarixdə təşkil etdiyi lkin mediasiya sessiyasında etibarnamə üzrə nümayəndəmiz Nümayəndə iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir. Bunun nəticəsi olaraq Qusar 1 saylı Mediasiya Təşkilatı tərəfindən MŞQ/MT-027/2024-02005 saylı xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış verilmişdir. İlkin mediasiya sesiyası üçün qanunla müəyyən olunmuş 50 manat məbləğində mediasiya xərci tərəflərindən ödənilmişdir. Mübahisənin məhkəmədən kənar həll olunması üçün bütün vasitələrdən istifadə etmişlər. Lakin heç bir nəticəsi olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci ildə Şabran rayonu, Ağbaş kəndində anadan olmuşdur. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də sürücü-ekspeditor vəzifəsinə qəbul olunmuşdur. Bildirmək istəyir ki, xx.xx.2024-cü il tarixdə Binəqədi-Balaxanı yolunda şirkətə məxsus “ İSUZU” NKR55 E markalı, 77 JM350 nömrə nişanlı yük avtomobilini idarə edərkən əyləc sistemi tutmadığından (belə ki, əyləc sistemində olan nasazlıq barədə şirkətə məlumat vermişdir. Bir dəfə düzəldib verildikdən sonra yenidən problem olmuşdu. Sonradan dəfələrlə bu barədə desə də, heç bir tədbir görülmədi. Dedilər ki, salona apararsan baxarlar) idarəetməni itirmişdir. Əks istiqamətdə ailə ilə gələn maşına dəyməsin deyə sükanı sağ tərəfə əymiş və "xxxx" Şirkətinə məxsus hasarın üstünə aşmışdır. Həmin vaxtı şirkətə zəng edib, bu barədə məlumat vermişdir. Nümayəndə gəlib hadisə yerinə baxdı. Həmin vaxtı DYP-nə, Sığorta şirkətinə zəng olunmadı. Həmçinin o, kamera görüntülərinə baxılmasını desə də, bildirdilər ki, əyər baxılsa dəyən ziyanın qiymətini ikiqat ödəyəcəksən. Sonradan işə getmiş, ona bildirdilər ki, narahat olma, dəyən ziyanı ayda 50- 100 manat olmaqla ödəyərsən. Dəyən ziyanın nə qədər olduğunu soruşanda ona təxminən 2000 manata yaxın olduğunu bildirdilər. O, öz vəsaitim hesabına maşını təmir etməyini bildirdirsə də, buna razılıq vermədilər. Bir neçə müddət gəlib getdikdən sonra bildirdi ki, o belə gəlib-gedə bilmir, yolu uzaqdı gəlib getmək maddi cəhətdən ona çətinlik yaradır, xahiş edir ki, onu işdən azad edəsiniz. Bildirdilər ki, səni tam ziyanı qəpiyinəcən ödəməsən, işdən azad etməyəcəyik. Servisdən nümayəndə dəvət edəcəyik, akt tərtib edəcək, nə qədər ziyan olsa onu ödəyəcəksən. xx.xx.2024-cü il tarixdə poçtla işdən çıxmaq barədə ərizə göndərdi, lakin heç bir cavab almadı. Həmçinin AR ƏƏSMN yanında DƏMX-nə işdən azad olunmağı barədə də məktub ünvanlamışdır. Belə ki, başqa yerdən iş təklifi almışdır. Lakin oradan xx.xx.2024-cü il tarixli, 3-17-5/2-A-98419/2024 saylı cavab məktubu ilə ona bildirmişlər ki, müəssisə tərəfindən tələb olunan sənədlər təqdim olunmadığından heç bir tədbir görə bilmirlər. Sonradan xx.xx.2025-ci il tarixdə sifarişli məktubla "xxxx" MMC-nin iddia ərizəsinin surətini almışdır. İddiaçı "xxxx" MMC iş № e- 2(031)-207/2025 saylı, xx.xx.2024-cü il tarixli, “ maddi ziyanın ödənilməsinə ” dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh qismində ondan 10552,74 manat maddi zərərin, 121,66 manat dövlət rüsumunun və 325 manat vəkilə ödənilmiş xidmət haqqının alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Dəymiş zərər barədə Azərmaş Avtoservis MMC-nin çox böyük, şişirdilmiş, fantastik məbləğdə qüsur aktı ilə həmin iddia ərizəsini alanda tanış olmuşdur. Hadisə baş verən zaman xx.xx.2024- cü il tarixində şirkət qanunsuzluq edərək avtomabili hadisə yerindən aparıb (şirkətin nümayəndəsi) qanundan yayınıb DYP nə xəbərdar olunmayıb mənədə icazə verilməyib sığorta idarəsinə məlumat verilməyib hadisə baş verdikdən sonra avtomabil şirkət həyətinə aparılıb avtomabilə dəymiş zərərin qiymətləndirilməsi baxış keçirilən zaman mən dəvət olunmamış, əlavə olaraq hadisə xx.xx.2024-cü il tarixində baş versə də, lakin avtomobilə qiymətləndirilmə xx.xx.2024-cü il tarixində olub, belə ki, bu tarixlər ərzində o, şirkətin işçisi kimi fəaliyyət göstərmişdir. Yuxarda qeyd etiyi faklara əsaslanaraq məhkəmədən ona qarşı qadirilmiş pul tələbinə dair iddia ərizəsinin əsassız olduğundan rədd edilməsini xahiş edir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, onun maddi imkanı olmadığı üçün iddiaçı tələfin tələb etdiyi məbləği ödəmək imkanı yoxdur. Ondan tələb edilən ziyan məbləği ilə razı deyil, xahiş edir, iddia tələbi təmin edilməsin. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mülkiyyətində olan “İSUZU” NKR55 E markalı, 77JM 350 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilə əsasında işçi Cavabdeh Namiq oğluna təhvil vermişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən Cavabdeh Namiq oğlunun istifadəsində olan “İSUZU” NKR55 E markalı, 77JM350 nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan məbləği 10.552,74 manat müəyyən edilmişdir. İş materiallarında olan X3 Haqqında TR ******* saylı qərardan görünür ki, Cavabdeh Namiq oğlu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti tərəfindən verilmiş «İSUZU» NKR55 E markalı ** JM *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin dəyərinin müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixli 34 saylı hesabatdan görünür ki, «İSUZU» NKR55 E markalı ** JM *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin dəyəri 8555 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin №0016/301124 nömrəli, qüsur aktı üzrə avtomobil hissələrinin qiyməti, bazar dəyər qiymətlərinə uyğundur. İş materiallarında olan Hüquqi yardımın göstərilməsi hqqında EM-1958VK-16248/24 saylı müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini vəkil olaraq Nümayəndə Fizulm qızı müdafiə edir, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 325 manat müəyyən edilmişdir. Qeyd edilməlidir ki, qanunvericiliyə əsasən işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mülkiyyətində olan “İSUZU” NKR55 E markalı, 77JM 350 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilə əsasında işçi Cavabdeh Namiq oğluna təhvil vermişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə Binəqədi-Balaxanı yolunda şirkətə məxsus “İSUZU” NKR55 E markalı, 77JM 350 nömrə nişanlı yük avtomobilini idarəetməni itirərək "xxxx" Şirkətinə məxsus hasarın üzərinə aşıraraq hasara və maşına maddi ziyan vurmuşdur. İşçi ilə işəgötürən arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh tam maddi məsul şəxs olaraq ona etibar edilərək istifadəsində olan nəqliyyat vasitəsinin qorunub saxlanması, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi və əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 200-cü maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 201-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 201-ci maddəsinin 2-ci hissəsinə əsasən işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Həmin Məcəllənin 201-ci maddəsinin 3-cü hissəsinə əsasən əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 206-cı maddəsinin 1-ci hissəsinə əsasən məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir).( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub, işəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında bir daha qeyd etməyi zəruri hesab etmişdir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. (Azərbaycan Respublikası Plenumunun 17 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı) Beləliklə görünürdüyü kimi, Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti tərəfindən verilmiş «İSUƏU» NKR55 E markalı ** JM *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin dəyərinin müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixli 34 saylı hesabatdan görünür ki, «İSUƏU» NKR55 E markalı ** JM *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin dəyəri 8555 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mülkiyyətində olan “İSUZU” NKR55 E markalı, 77JM 350 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilə əsasında işçi Cavabdeh Namiq oğluna təhvil verdiyindən iddiaçıya dəyən ziyanın cavabdehdən tam şəkildə tələb edilməsi üçün qanuni əsas mövcud olduğundan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8555 manat maddi zərər tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iş üzrə məhkəmə xərcləri, o cümlədən vəkilin xidmət haqqı və dövlət rüsumu, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında EM-1958VK- 16248/24 saylı müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini vəkil olaraq Nümayəndə Fizulm qızı müdafiə edir, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 325 manat müəyyən edilmişdir. Belə olan halda, iddiaçının çəkdiyi 325 manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iddiaçının ödədiyi dövlət rüsumunun təmin olunan hissəyə mütənasib məbləği 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8555 (səkkiz min beş yüz əlli beş) manat maddi zərər, 100 (yüz) manat dövlət rüsumu və 325 (üç yüz iyirmi beş) manat vəkilə ödənilmiş xidmət haqqı alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(031)-207/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-207/2025
30.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver