Məhkəmə qərarları › İş №e-2(031)-614/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-614/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-614/2024 18.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-ci il tarixli Rest№ 009CASA191420005 saylı Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 12362.26 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 ilə 009FİZAM13136403 sayıl xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 onunla bağlanmış Güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4301,14 manat əsas borc, 56,39 manat faiz borcu, cəmi 4357,53 manat və 63,58 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-ci il tarixli Rest№ 009CASA191420005 saylı Güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 12362.26 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 009FİZAM13136403 sayıl xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2019-ci il tarixli Rest№ 009CASA191420005 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə 4301,14 manat əsas, 56,39 manat faiz, cəmi 4357,53 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh gecikdirilmiş borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - Mədaxil qəbzindən görünür ki, 63,58 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1 və 448.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4301,14 manat əsas borc, 56,39 manat faiz borcu, cəmi 4357,53 manat və 63,58 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4301 (dörd min üç yüz bir) manat 14 (on dörd) qəpik əsas borc, 56 (əlli altı) manat 39 (otuz doqquz) qəpik faiz borcu, cəmi 4357 (dörd min üç yüz əlli yeddi) manat 53 (əlli üç) qəpik və 63 (altımış üç) manat 58 (əlli səkkiz) qəpik dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar