Məhkəmə qərarları › İş №e-2(031)-846/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-846/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-846/2024 31.10.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8, Cavabdeh X6 iştirak ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BPM**********546 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 8293,36 manat əsas borc və 9,68 manat faiz borcu olmaqla, cəmi 8303,04 manat və bundan başqa BPM**********15 nömrəli, xx.xx.2020-ci il tarxili tam kart çərçivə müqaviləsi üzrə 360,06 manat əsas borc olmaqla, cəmi 360,06 manat məbləğində kredit borcunun, ödənilmiş 106,64 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Şabran filialı ilə X7 arasında bağlanmış BPM**********546 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X5 59 ay müddətinə illik 21 faiz olmaqla 9300 manat məbləğində nağd kredit və BPM**********15 nömrəli, xx.xx.2020-ci il tarxili tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şabran rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 112 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh xx.xx.2023-cü il tarixli, 394 reyestr nömrəli vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Şabran” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlara əsasən, X4 vəfat etdiyi tarixə BPM**********546 nömrəli, xx.xx.2022-ci kredit müqaviləsinə əsasən nağd kredit üzrə 8293,36 manat əsas borc və 9,68 manat faiz borcu olmaqla cəmi 8303,04 manat və bundan başqa BPM**********15 nömrəli, xx.xx.2020-ci il tarxili tam kart çərçivə müqaviləsinə əsasən 360,06 manat əsas borcu olmaqla, cəmi 360,06 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X10 iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, həyat yoldaşı X7 "xxxx" ASC-dən kredit götürmüşdür. Lakin, 06 iyun 2023-cü il tarixdə vəfat etmişdir. Ona, xx.xx.2023-cü il tarixli, 394 reyestr nömrəli vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən qanuni vərəsə olaraq o, X5 məxsus "xxxx" QSC-də olan 2924,43 manat pul vəsaitini götürmüş, həmin pulu da, həyat yoldaşının qəbr daşının düzəldilməsinə xərcləmişdir. Məhkəmə proses iştirakçılarının çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, "xxxx" ASC-nin Şabran filialı ilə X7 arasında bağlanmış BPM**********546 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X5 59 ay müddətinə illik 21 faiz olmaqla 9300 manat məbləğində nağd kredit və BPM**********15 nömrəli, xx.xx.2020-ci il tarxili tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06 iyun 2023-cü il tarixdə Şabran rayonunda vəfat etmişdir. İş materiallarında olan Şabran rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 112 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh xx.xx.2023-cü il tarixli, 394 reyestr nömrəli vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan "Elektron notariat" X1 çıxarışdan görünür ki, X4 qanun üzrə vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-də olan 2924,43 manat pul vəsaitindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə laktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki. mirasın nədə ifadə edilməsindən və harda olmasından asılı olmayaraq, o. mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 558.1 -ci maddəsinin tələbinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin məcəllənin 1153-cü maddəsinə əsasən isə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Lakin kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qovanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi X4 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsəsinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Eyni zamanda, "Elektron notariat" X1 çıxarışdan görünür ki, X4 qanun üzrə vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-də olan 2924,43 manat pul vəsaitindən ibarətdir. Belə olan halda, Cavabdeh 2924,43 manat məbləğində miras kütləsi qəbul etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəx.sıı ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etməl hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onuı pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdiriİmı müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, Cavabdeh 2924,43 manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2924 (iki min doqquz yüz iyirmi dörd) manat 43 (qırx üç) qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar