Məhkəmə qərarları › İş №e-2(032)-1025/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1025/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1025/2025 13.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR 0268521B299 saylı kredit müqaviləsinə əsasən 1892,91 manat əsas, 8.54 manat faiz, cəmi 1901.45 manat məbləğində borcun və 39.01 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli GTKR0268521B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına müddəti 35 ay, illik 25% faiz dərəcəsi ilə 3600 manat məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 1892,91 manat əsas, 8.54 manat faiz, cəmi 1901.45 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin zərf “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, GTKR0268521B299 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında cavabdehə 35 ay müddətinə, illik 25 faiz ödəmək şərtilə 3600 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 15/01279 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə xx.xx.2023-cü il tarixli, GTKR0268521B299 saylı kredit müqaviləsi üzrə 1892.91 manat əsas, 8.54 manat faiz, cəmi 1901.45 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 26-100-16/MH2996 nömrəli bildirişdən görünür ki, İddiaçı ASC borclu Cavabdeh borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. İş materialları ilə müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda cavabdeh də hazırki iddia ilə bağlı hər hansı etiraz verməməklə iddia tələbini təkzib edəcək hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağalnmış və borcverən tərəfindən müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam olaraq icra etmişdir. Müqavilə üzrə borcun ödənilmiş olamasını sübut etmə yüklülüyü cavabdeh tərəfin üzərinə düşsə də, cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 39.01 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR 0268521B299 saylı kredit müqaviləsinə əsasən 1892,91 manat əsas, 8.54 manat faiz borcu olmaqla, cəmi 1901,45 manat və ödənilmiş 39,01 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar