Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1029/2025 21.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15149.14 manat məbləğində kredit borcu, 1060 manat məbləğində faiz borcu, 215.09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 16.424 manat 23 qəpik məbləğində borcun və ödənilmiş 139.28 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış 055A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.6667% olmaqla, 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 27.500 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 12350.86 manat ödəniş etmiş və onun iddiaçıya 15149.14 manat məbləğində kredit borcu qalmışdır. O, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 96 gün üçün hesablanmış faiz borcu 1060 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, 2 ayı ödəniş etməmişdir. Faiz və cərimə borcu yüksəkdir. Maddi imkanı yoxdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Həmçinin elektron məhkəmə portalı vasitəsilə cavabdehə məxsus mobil telefon nömrəsinə SMS xəbərdarlıq çatdırılmışdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.3-cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ilə "xxxx" QSC-i arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış 055A********** saylı kredit xətti müqaviləsinə əsasən 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, 27.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2025/02/18-6 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 15149.14 manat əsas, 1060 manat faiz və 215,09 manat cərimə borcu, cəmi 16424.23 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh2 Cavabdeh1 qarşı bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki borclu hər ay 841 manat ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2026-cı il tarixədək ödəməli idi. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 055A********** saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə 15149,14 məbləğində kredit borcu, 1060 manat məbləğində faiz borcu və 215,09 məbləğində cərimə borcu, cəmi 16424,23 manat borcu vardır. İddiaçının dəlillərini yoxlamaq məqsədi ilə Şirvan Şəhər Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2(032)-1029/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4098 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 055A********** nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx.xx.2025-ci il tarixə xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə əsas borc üzrə 16018.64 manat, faiz borcu üzrə 115,63 manat, xx.xx.2025-ci il tarixə mülki iş üzrə daxil olduğu günə əsas borc üzrə 16018,64 manat, faiz borcu üzrə 640,43 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, 055A********** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.3-ci maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı QSC-nin iddia tələbində göstərilən məbləğlər ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4098 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi arasında fərq müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə görə, məhkəmə hər hansı sübutun etibarlılığı və əhəmiyyətini öz daxili inamına əsasən qiymətləndirir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən, ekspert rəyi da digər sübutlar kimi məhkəmə üçün məcburi olmayıb, yalnız onun qiymətləndirməsi üçün nəzərə alınır. Bununla belə, məhkəmə praktikasında (o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-61/2021 saylı qərarında) qeyd olunur ki, pul məbləğlərinin dəqiq hesablanması ilə bağlı məsələlərdə müvafiq sahə üzrə təyin edilmiş ekspert rəyinə üstünlük verilməlidir, əgər həmin rəy qanuni, əsaslı və iş materiallarındakı digər sübutlarla ziddiyyət təşkil etmirsə. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə iddianın predmeti və həcmi ilə məhdudlaşdırılaraq qərar qəbul edir və iddiaçının tələbindən artıq məbləğdə qərar çıxara bilməz. -“Məhkəmə iddia tələbindən kənara çıxaraq, tələb edilməyən məbləği kreditorun xeyrinə müəyyən edə bilməz”. Beləliklə, məhkəmə aşağıdakı yanaşmanı əsas götürür: Əgər iddia tələbində göstərilən əsas borc və ya faiz məbləği ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən çoxdursa – bu halda, iddia tələbi ilə müəyyən edilmiş məbləğ ekspertin rəyinə uyğun olaraq azaldılmalı və məhkəmə qərarı ekspert rəyi əsasında qəbul edilməlidir. Bu, sübutların obyektivliyinin təmin edilməsi və əsassız ödənişin qarşısının alınması məqsədini daşıyır. Əgər ekspert rəyi ilə müəyyən edilmiş əsas borc və ya faiz məbləği iddia tələbində göstərilən məbləğdən çoxdursa – bu halda, məhkəmə iddiaçının tələbindən artıq məbləğ təyin edə bilməyəcəyi üçün yalnız iddia tələbində göstərilən məbləği əsas götürməlidir. Bu yanaşma həm mülki prosessual iqtisadiyyat prinsipinə, həm də ədalətli məhkəmə araşdırması (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, AİHK-nın 6-cı maddəsi) tələblərinə tam uyğundur. Məhkəmə, toplanmış sübutlar, xüsusilə də ekspert rəyi və iddia tələbi arasında aparılmış müqayisə nəticəsində müəyyən etmişdir ki, iddianın təmin edilməli olan məbləği yuxarıda göstərilən meyarlara uyğun olaraq hesablanmalıdır. Nəticədə, borcun məbləği müəyyən edilərkən iddia tələbi ilə ekspert rəyi arasındakı fərqlər üzrə yalnız aşağı olan məbləğ əsas götürülmüşdür. Bu, həm tələb hüdudlarının qorunması, həm də iqtisadi əsaslandırmanın təmin edilməsi məqsədilə zəruridir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4098 saylı rəyi ilə qismən razılaşaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 055A********** saylı kredit müqaviləsinə əsasən 15149,14 manat əsas, 115,63 manat faiz, cəmi 15264,77 manat borcu tutularaq İddiaçı QSC-yə verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, iddia tələbinin 215,09 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia cərimə borcunun tutulması hissəsində də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 215,09 deyil, 25 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri hissəsinə gəldikdə isə ödənilmiş 139,28 manat dövlət rüsumundan və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdan ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15149,14 məbləğində kredit borcu, 115,63 manat məbləğində faiz borcu və 25 manat məbləğində cərimə borcu, cəmi 15289,77 manat alınaraq İddiaçı QSC-yə verilməlidir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15149,14 manat məbləğində əsas kredit borcu, 115,63 manat məbləğində faiz borcu, 25 manat məbləğində cərimə borcu, cəmi 15289,77 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 139,28 manat pul tutularaq İddiaçı QSC -yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №e-2(032)-1029/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1029/2025
21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver