Məhkəmə qərarları › İş №e-2(032)-104/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-104/2024

01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-104/2024 01.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Zahid oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh Zahid oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2245 (iki min iki yüz qırx beş) manat sığorta ödənişi məbləğinin və 42,45 (qırx iki manat qırx beş qəpik) manat dövlət rüsumunun, cəmi 2287,45 (iki min iki yüz səksən yeddi manat qırx beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21723” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “VAZ 21723” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Yamaha Scooterr XC 115B” markalı, 10 B 848 dövlət qeydiyyat nişanlı avtomobilə və X1 zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən cəmi 2245 (iki min iki yüz qırx beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Nərimanov RPİ-nin İstintaq şöbəsinin qərarında Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Nərimanov RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21723” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət etməklə, iddia tələbini müdafiə edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının nümyandəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Zahid oğlu məhkəmənin 10 yanvar 2023-cü il tarixli hazırlıq iclasında iştirak edərək, iddiaçı "xxxx" ASC-nin ona qarşı iddia tələbini qəbul etdiyini, ondan 2245 manat sığorta ödənişi məbləğinin və 42,45 manat dövlət rüsumunun tutulmasına etiraz etmədiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi Publik Hüquqi X2 barəsində verilmiş məhkəmə-tibbi ekspertizasının 28 yanvar 2020ci il tarixli, 77 nömrəli rəyindən görünür ki, X4 aşkar edilmiş xəsarətlər-sağ gözün ağlı qişası altına geniş sahəli qansızma ilə müşayiət olunan, hər iki göz yuvasının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırları və hər iki almacıq sümkülərin qapalı yerdəyişmiş sınıqları (osteosintez cərrahi əməliyyatından sonrakı vəziyyət) küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, sübutların qiymətləndirilməsi və əməlin tövsif ediməsi haqqında qərarın surətindən görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə tövsif edilmiş, iş üzrə “VAZ 21723” markalı, **- NS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin tərkib əlamətləri olduğundan ona 08 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək və ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 20-03075/05/AA-2411/20 saylı sığorta aktının surətindən görünür ki, sığorta hadisəsi nəticəsində sağlamlığa dəymiş ziyana görə X5 1500 manat məbləğində dəymiş ziyanın ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 005249 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X5 1500 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci saylı sığorta aktının surətindən görünür ki, sığorta hadisəsi nəticəsində “Yamaha Scooterr XC 115B” markalı, 10 B 848 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə "xxxx" MMC-yə 745 manat məbləğində dəymiş ziyanın ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 005296 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 745 manat pul ödənilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyat şəhadətnaməsinin surətindən görünür ki, “Yamaha Scooterr XC 115B” markalı, 10 B 848 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh Zahid oğluna ünvanlanmış xx.xx.2024-cü i il tarixli AS-23436/3039 saylı məktubun surətindən görünür ki, ona 2245 manat məbləğində pulun 10 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci (1108.1 və 1108.2) maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan “VAZ 21723” markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilməklə Bakı şəhəri Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Yamaha Scooterr XC 115B” markalı, 10 B 848 dövlət qeydiyyat nişanlı avtomobilə və X1 zərər vurmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə və avtomobilə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən cavabdeh yol-nəqliyyat hadisəsi törətməklə sözügedən digər avtomobilə, şəxsə zərər vurması və eyni zamanda X3 yüngül dərəcəli xəsarət alması məhkəmə araşdırması zamanı təsdiqini tapdığından, eyni zamanda cavabdeh iddia tələbini etiraf etdiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə “Yamaha Scooterr XC 115B” markalı, 10 B 848 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 745 (yeddi yüz qırx beş) manat və X1 vurulan zərərə görə 1500 manat sığorta ödənişi məbləği tutulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görəiddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 42.45 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Zahid oğlundan 2245 manat sığorta ödənişi və dövlət rüsumuna görə ödənilmiş 42.45 manat olmaqla, cəmi 2287,45 (iki min iki yüz səksən yeddi manat qırx beş qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar