Məhkəmə qərarları › İş №e-2(032)-1049/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1049/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1049/2024 01.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2594,86 manat məbləğində əsas borcu, 213,64 manat məbləğində faiz borcu, 47,46 qəpik cərimə borcu olmaqla, ümumilikdə 2855,96 (iki min səkkiz yüz əlli beş manat doxsan altı qəpik) manat və 49 (qırx doqquz manat) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış SA0010716-2023 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 48% ödmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq, Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli, ZM1-SA0010716-2023 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 kreditor təşkilat qarşısında yaranmış öhdəliyini tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, cavabdeh müqavilə üzrə razılaşdırılmış müqavilə şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 2594,86 manat əsas, 213,64 manat faiz borcu, 47,46 manat hesablanmış cərimə olmaqla, cəmi 2855,96 manat kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf “ünvan bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, Cavabdeh1 rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, SA0010716-2023 saylı çərçivə kredit müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 60 ay müddətinə, illik 48% ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ZM1-SA0010716-2023 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, SA0010716-2023 saylı çərçivə kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 01 mart 2024-cü il tarixli, 1584/2024 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 2594,86 manat məbləğində əsas borcu, 213,64 manat məbləğində faiz borcu, 47,46 qəpik cərimə borcu olmaqla, ümumilikdə 2855,96 manat məbləğində borcu vardır. İş materiallarında olan 111 nömrəli, xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC borclu Cavabdeh1 və zamin olaraq Cavabdeh2 borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcunu xx.xx.2024-cü il tarixinə qədər ödəməsi barədə xəbərdar etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zamin qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448, 739, 470 və 472ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2594,86 manat əsas kredit borcu, 213,64 manat faiz borcu, olmaqla, cəmi 2808,5 manat cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2594,86 manat məbləğində əsas borca münasibətdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 47,46 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 4 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 49 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada müştərək qaydada 2594,86 manat məbləğində əsas borcu, 213,64 manat məbləğində faiz borcu, 4 manat cərimə borcu olmaqla, cəmi 2812,5 (iki min səkkiz yüz on iki manat 50 qəpik) manat, həmçinin ödənilmiş 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar