Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1071/2025 03.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, iddiaçı Atasığorta ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC-i Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12176 manat sığorta ödənişi məbləğinin və 126 manat 53 qəpik dövlət rüsumunun iddiaçı "xxxx"Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “Mercedes Benz 250D” markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yasamal rayonu, İzmir küçəsi ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış "X7" markalı, 10EU777 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 17176,00 (on yeddi min yüz yetmiş altı) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ DYPŞ-nin xx.xx.2019-cu il tarixli İnzibati xəta haqqında qərarının surəti ünvanlarına daxil olmuş və sözügedən qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Yasamal RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən “Mercedes Benz 250D” markalı, 10 OM602 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5 000,00 (beş min) manat müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən “Mercedes Benz 250D” markalı, ** OM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış "xxxx" ASC tərəfindən 5000,00 (beş min) manat məbləğində pul vəsaitinin Atasığorta ASC-yə ödənilməsi ilə bağlı müraciət olunmuşdur. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 12 176,00 (on iki min yüz yetmiş altı) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Bildiririk ki, Atasığorta ASC tərəfindən Cavabdeh ünvanına xx.xx.2025-ci il tarixli, AS-25/702 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bugünədək Atasığorta ASC-ə ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı Atasığorta ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh iddia tələbinə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iş materialına əlavə edilmiş texniki pasportdan da görünür ki, “X7” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil 2009-cu il tarixli buraxılışdır və hadisə baş verən zaman həmin avtomobil 10 il istismar müddətini keçmişdir. Hadisə yerinin protokolundan da görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmiş və həmin maddənin dizposiyasından da görünür ki, nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində avtomobillərin toqquşması halı baş vermişdir. Həmçinin DİN-in Bakı şəhəri BPİ Yasamal RPİ tərəfindən xx.xx.2019-cu il tarixli, 091-15570-1219 №-li arayışda qeyd edilmişdir ki, yol nəqliyyat hadisəsi zamanı avtomobillərə zərər dəyən hissələr sağ və sol yan hissələri olmuşdur. Arayışdan da belə müəyyən etmək olur ki, avtomobillərə tam deyil, müəyyən yan hissələrinə zərər dəymişdir. Lakin iddiaçı sığortalanmış “X7” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 17176,00 manat məbləğində sığorta ödənişi həyata keçirtdiyini və bunun sübutu əsası olaraq “X7” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinin ödənişinin həyata keçirildiyini təsdiq edən akt tərtib etmişdir. Həmin aktı nəzərdən keçirtdikdə görmək olar ki, iddiaçı tərəfindən sığortalanmış “X7” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən zaman tamamilə yararsız vəziyyətə düşmüş və texniki baxımdan idarə edilməsi üçün iddiaçı tərəfindən həmin avtomobili yararlı vəziyyətə gətirilməsi üçün 17176,00 manat məbləğində vəsait ödənilməsini həyata keçirtmişdir. Halbuki, iddiaçının tərtib edildiyi aktı nəzərdən keçirtdikdə belə nəticəyə gəlmək olur ki, hadisə zamanı baş vermiş avtoqəza nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşmüşdür. Lakin DİN-nin Bakı şəhəri BPİ Yasamal RPİ tərəfindən xx.xx.2019-cu il tarixli, 091-15570-1219 №-li arayışdan da görmək olur ki, avtomobillərə iddiaçının aktda qeyd etdiyi və şişirdilmiş rəqəmlər əsasında maddi ziyan dəyməsi mümkün deyil və məntiqlə yanaşdıqda belə güman etmək olar ki, iddiaçının aktda qeyd etdiyi hallar əsasında dəymiş ziyan nəticəsində hər iki avtomobilləri idarə edən şəxslərin sağlamlıqlarına dəymiş bədən xəsarətləri almaqla avtomobillərin də hər ikisi tamamilə yarasız vəziyyətə düşmə ehtimalı olmalı idi. Lakin iddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi kimi “Mercedes Benz 250 D” markalı, ** OM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış "xxxx" ASC tərəfindən 5000 manat məbləğində müəyyən edilmişdir və həmin məbləğdən artıq ödənilmişdir. İddiaçının iddia ərizəsində ona qarşı 12302 manat sığorta ödənişi olaraq pul tələb etməsi həm məntiqi baxımdan, həm də hüquqi əsaslarla qeyd edilənlərə əsasən əsassız varlanmaq məqsədi ilə ondan həmin vəsaiti almaq niyyəti olmuşdur. Halbuki, iddiaçı tərəfindən sığortalanmış “X7” markalı, **- EU-*** dövlət qeydiyyat nişanlı avtomobil 2009-cu il tarixli buraxılışdır və yol nəqliyyat hadisəsi baş verən zaman 10 il idarə edilməklə istismar olunmuş və belə olan halda avtomobilin bazar qiymətinə uyğun olaraq tam dəyərinə yaxın iddiaçı tərəfindən 17176 manat məbləğ müəyyən edilmişdir. Yuxarıda qeyd etdiyi faktiki hallara əsasən iddiaçının akt əsasında müəyyən etdiyi məbləğ ağlabatan hesab edilə bilməz. Bu hal iddiaçı ilə sığortaolunan şəxs arasında qarşılıqlı anlaşma əsasında əvvəlcədən sövdələşmə əsasında müəyyən edilmiş məbləğdir ki, bunun da nəticəsində iddiaçı əsassız varlanmaq məqsədi ilə belə bir iddia tələbi irəli sürməklə məhkəmə aktı əsasında ondan həmin vəsaiti almaq məqsədi güdür. Bu səbəbdən də iddiaçının iddia tələbi əsassızdır və təmin edilməsi üçün heç bir hüquqi əsasları yoxdur. İddiaçı iddia ərizəsini elektron məhkəmə kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirməklə ona qarşı sığorta ödənişi barədə tələb irəli sürmüşdür. İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2, 373.3 və 377.2, 377.3-cü maddələrinin tələblərini nəzərə almayaraq iddia tələbi üzrə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddia ərizəsindən və iş materialına əlavə edilmiş sənədlərdən də görünür ki, yol nəqliyyat hadisəsi xx.xx.2019-cu il tarixdə baş vermiş və xx.xx.2019-cu il tarixdə inzibati xəta haqqında qərar qəbul edildikdən sonra xx.xx.2019-cu il tarixdə ödəniş həyata keçirtmişdir. Lakin iddiaçı tərəfindən isə ona sığorta ödənişinin tutulması ilə əlaqədar xx.xx.2025-ci il tarixdə yaşadığı ünvana məktub göndərilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası MM-nin 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə əsasən iddia qaldırmamış və beləliklə də tələb olunan iddia müddətlərini ötürmüş və həmin müddətin üzürlü səbəblərdən ötürülməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı bu müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsinə maneə olan halları iddia ərizəsində qeyd etməmiş və həmin halları əsaslandırmamışdır. İşdə olan sənədlərdən də görünür ki, xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsinin baş bverməsi barədə qərar qəbul edildikdən sonra iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə sığorta ödənişi həyata keçirilmişdir. Lakin hər iki tarixdən sonra iddiaçı ona qarşı istər 3 il, istər də 6 il ərzində iddia tələbi irəli sürməmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktda tərtib edilmiş müvafiq məbləğ barədə ona hər hansı bir məlumat verilməmişdir ki, həmin məbləğlə razılaşıb-razılaşmamağı barədə münasibətini bildirə bilsin. Halbuki, həmin aktın sürəti rəsmi qaydada ona iddiaçı tərəfindən təqdim edilməklə onun fikri barədə məlumatı olmalı idi. Çünki, aktda tərtib edilən məbləğin əsaslı olub-olmadığına əmin olmaq üçün onun tərəfindən iddiaçı tələb irəli sürərkən sığorta olunmuş “X7” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 17176 manat məbləğin həqiqiliyinin müəyyən edilməsinin sübutu əsasını təşkil edəcək mütəxəssis rəyi tələb edilməklə həmin hallara 2019-cu il tarixdə məhkəmə müstəvisində araşdırılıb hüquqi qiymət verilməklə müəyyən edilməsi mümkün idi. Lakin 2019-cu il tarixdən 6 il keçdikdən sonra iddiaçının ona qarşı 12176 manat sığorta ödənişi irəli sürməsi məntiqi baxımından ağlabatan deyil. Həmin tarixdən 6 ilə yaxın müddət keçdikdən sonra yuxarıda qeyd olunan faktiki halları müəyyən etmək mümkün deyil. Çünki, 2019-cu il tarixdə sığorta olunmuş “X7” markalı, 10-EU777 dövlət qeydiyyat nişanlı avtomobil artıq təmir edildiyindən, ona görə də onun aktda qeyd edilənlərin təsdiqi olan halların həqiqiliyini müəyyən etmək heç bir sübut və dəlillərlə təsdiq edilməsi mümkün deyil. İddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan M**********7 nömrəli, sığorta şəhadətnaməsindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər dəymiş “X7” markalı, 10-EU777 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Atasığorta ASC-də xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarında olan 07 may 2019-cu il tarixli 19-04413/05/CM-192/19 saylı sığorta aktından və 08 may 2019-cu il tarixli 007113 saylı ödəniş tapşırığından görünür ki, yol- nəqliyyat hadisəsi nəticəsində sığorta olunan X2 dəymiş maddi ziyanın məbləği 17276 manat hesablanmış və 17176 manat məbləğində pul X1 hesabına köçürülmüşdür. İş materiallarında olan 15 aprel 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh sığorta ödənişini 05 iş günü ərzində Atasığorta ASC-yə ödəməsi, zərər məbləği qeyd edilən müddət ərzində ödənilməsə müvafiq iddia ərizəsi ilə məhkəmə orqanına müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 23 dekabr 2025-ci il tarixli hesabatında “X7” markalı, 10EU777 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) yuvarlaq hesabla 13700 manat müəyyən olunmuşdur. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “Mercedes Benz 250D” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yasamal rayonu, İzmir küçəsi ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış "X7" markalı, 10EU777 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər dəymiş “X7” markalı, 10EU777 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Atasığorta ASC-də xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində sığorta olunan X2 dəymiş maddi ziyanın məbləği 17276 manat hesablanmış və qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 17176 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ DYPŞ-nin xx.xx.2019-cu il tarixli İnzibati xəta haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Cavabdeh məxsus “Mercedes Benz 250D” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Qeyd olunanlara əsasən "xxxx" ASC zərərin aradan qaldırılması üçün X2 ödədiyi 12176 manat sığorta ödənişini tələb etmiş, Cavabdeh isə avtomobilə iddiaçının aktda qeyd etdiyi rəqəmlərin şişirdilmiş olmasını qeyd edərək qiymətləndirmə ekspertizasının keçirilməsi üçün vəsatət vermişdir. "xxxx" MMC-nin 23 dekabr 2025-ci il tarixli hesabatında “X7” markalı, 10EU777 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) yuvarlaq hesabla 13700 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə qiymətləndirmə rəyini nəzərə alaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, "X7" markalı, 10EU777 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər "xxxx" MMC-nin rəyində göstərilmiş məbləğdə, yəni 13700 manat məbləğində müəyyən olunmalı, “Mercedes Benz 250D” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" ASC-də mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği (5000 manat) nəzərə alınmaqla Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə verilməlidir. O ki qaldı Cavabdeh iddia müddətinin keçməsi ilə əlaqədar verdiyi ərizəyə məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqinə qanuni əsaslar müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, iddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013- cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Beləliklə məhkəmə qeyd edir ki, subroqasiya tələbi üzrə iddia müddətinin axımı sığorta ödənişinin verildiyi andan hesablansa da, bu müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz. Ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır. Bu baxımdan reqres tələb üzrə iddia müddətinin axımının əsas öhdəliyin icrası anından başlanması delikt üzrə ümumi iddia müddətinin aşılmasına əsas verə bilməz. Hazırkı işdə məhkəmə müəyyən edir ki, istinad olunan mülki hüquq pozuntusu cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə törədilmiş, iddia isə 25 aprel 2025-ci il tarixdə qaldırmışdır. Belə olan halda qanunla müəyyən olunmuş on illik ümumi iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri ödənilmiş 126 manat 53 qəpik məbləğində dövlət rüsumundan və 350 manat məbləğində qiymətləndirmənin həyata keçirilməsinin dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölünməli, qiymətləndirmə işinin həyata keçirilməsinin dəyəri 71 faizi -248 manat 50 qəpik məbləğində pul Cavabdeh, 101 manat 50 qəpik məbləğində pul Atasığorta ASC-dən alınaraq Meyar Ekspertiza MMC-nin (Müxbir/Hesab AZ61NABZ********************, Kod 507280, TİN **********,S.W.İ.F.T RBTAAZ22, VÖEN**********, Hesab/İBAN AZ 74RBTA********************) hesabına köçürülməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş məbləğin 71 faizi -89 manat 46 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pul alınaraq Atasığorta ASC -yə verilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 89 manat 46 qəpik məbləğində pul alınaraq iddiaçı Atasığorta ASC -yə verilsin. Qiymətləndirmə işinin həyata keçirilməsinin dəyəri 248 manat 50 qəpik məbləğində pul Cavabdeh, 101 manat 50 qəpik məbləğində pul Atasığorta ASC-dən alınaraq Meyar Ekspertiza MMC-nin (Müxbir/Hesab AZ61NABZ********************, Kod 507280, TİN **********,S.W.İ.F.T RBTAAZ22, VÖEN**********, Hesab/İBAN AZ 74RBTA********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №e-2(032)-1071/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1071/2025
03.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver