Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1120/2024 25.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2011-ci il tarixli, 2(106)-429/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq birgə nikahlarından doğulmuş 16 iyul 2009-cu il təvəllüdlü X5 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 04 oktyabr 2007-ci il tarixdə rəsmi nikah münasibətlərinə girməklə evlənmiş, birgə nikahlarından 16 iyul 2009-cu il təvəllüdlü X5 adlı bir uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə 17 noyabr 2009-cu il tarixdən ayrılmışlar və həmin vaxtdan da ayrı yaşayırlar. Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2011-ci il tarixli 2(106)-429/2011 saylı qətnaməsinə əsasən Şirvan şəhər Məhkəməsinin 04 mart 2011-ci il tarixli 2(032)-221/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş 75 manat alimentin miqdarı dəyişdirilərək 50 manat müəyyən edilmişdir. Son illərdə gedən infliyasiya nəticəsində göstərilən məbləğlə uşağı saxlamaq qeyrimümkündür. Hazırda uşaq böyüyür, iddiaçı isə uşağın ehtiyaclarını ödəyə bilmir və uşaqın saxlanması üçün çox çətinlik çəkir. Cavabdeh isə uşağı ilə maraqlanmır və əlavə heç bir maddi yardım göstərmir. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2011-ci il tarixli 2(106)-429/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını istəyir. Tərəflər arasında olan mübahisənin mediasiya prosesində həlli ilə əlaqədar müraciət olunsa da mediasiya prosesində razılıq əldə etməmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh məhkəməyə etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində məqsədi onun himayəsində 2 övladının olduğunu məhkəmədən bilərəkdən gizlədərək, onun uşağla maraqlanmadığını və əlavə heç bir yardım göstərmədiyini və ən əsası öz qazancı barədə ümumiyyətlə məlumat verməməklə ona qarşı məhkəmədə fikir ayrılığı yaratmaqdır. İddiaçının niyyəti həqiqəti gizlətməklə istəyinə, yəni alimentin miqdarının artırılmasına və onu özündən asılı vəziyyət salmasıdır. O, 2011-ci il tarixdə ikinci dəfə nikah münasibətlərinə girərək xx.xx.2015-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində 122 nömrəli qeydiyyatla alınmaqla nikah şəhadətnaməsi verilmişdir. Həmin nikah münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X6 adında iki uşaqları vardır. Hər ikisi azyaşlı olmaqla məktəblidirlər. İddiaçının iddia ərizəsində qeyd etdiyi ilk olaraq Şirvan şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2 (032)-221/2011 saylı qətnaməsinə əsasən nikah pozulmaqla yanaşı təyin edilmiş hər ay 75 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək 50 manat olması Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2 (106)-429/2011 saylı qətnaməsi ilə müəyyən edildiyini bildirmiş, lakin həmin qətnamənin ləğv edilməsi və dəyişdirilməsinə səbəb olan hallar barədə münasibət bildirməmişdir. Ona görə də Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2 (032)-221/2011 saylı qətnaməsinə əsasən təyin edilmiş 75 manat alimentin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(106)-429/2011 saylı qətnaməsi əsasında dəyişdirilməsinə səbəb kimi onun yeni ailə həyatı qurmağı və həmin vaxtlarda qazancının olmadığı, yalnız günəmuzd əsasında işlədiyi də qazancının aşağı olması olmuş, iddiaçının isə işlədiyi müəyyən olunmuş və həmin hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığından aliment dəyişdirilərək 50 manat müəyyən olunması qərarına gəlinmiş və həmin alimentdə vaxtı-vaxtında hər ay iddiaçıya ödənilir, lakin iddianın iddia ərizəsində onun tərəfindən övladı ilə maraqlanmaması və hər hansı bir maddi yardım ödəməməsi deməsi hesab edir ki, tərəfindən ona atılmış böhtandır ki, iddiaçı iddia ərizəsində bunu qeyd etməkdə məqsədi onun birinci nikah münasibətlərindən anadan olmuş övladına laqeyd yanaşması kimi məhkəmədə fikir ayrılığı yaratmaqdır. İddiaçı və onun nümayəndəsi iddia ərizəsində birinci nikahdan anadan olmuş övladı, onun laqeyd yanaşmasını formal mülahizə xarakterli sözlər əsasında göstərən, lakin həmin halları təsdiq edəcək belə sübut təqdim etmir. Halbuki, həmin halların təkzibi bildirir ki, əgər belə olan halda o cavabdehdən Şirvan İcra və probasiya şöbəsinə şikayət edərək icra və probasiya şöbəsi tərəfindən isə hər hansı bir icra tədbirlərinin aparılması barədə qərar qəbul olunardı. Bundan başqa o, istər ad günündə, istər də bayramlarda görüşmək istəsə də, lakin iddiaçı tərəfindən maneə olduğundan, ona pul və yaxud hədiyyə şəklində yaşadığı ünvana gedərək təqdim etmişdir. Həmin halları alimentin ödənilməsi müəyyən olunan məbləğin üstünə qoymaqla olub ki, ödəmişdir. Bu əvvəlki ödənilmiş qəbzlərdən də müəyyən etmək olar. Lakin son zamanlarda iddiaçı tərəf onunla övladının görüşməyinə maneə törətməsi və uşağın isə artıq həddi buluğa çatdığına görə iddiaçının təsiri altında olduğundan, onunla görüşməyə imkan verməmiş və o, övladı ilə ünsiyyət qura bilmədiyindən, yalnız ona müəyyən edilmiş aliment miqdarını göndərə bilmişdir. Həmçinin ikincin dəfə nikah qurduğundan, həmin nikah münasibətlərindən 2 uşağı vardır və onlar azyaşlı olduğu məktəblidirlər və hesab edir ki, birinci övladına münasibətdə onların sosial təlab artıqdır və bu onların mənafeyi baxımından hesab edir ki, birinci nikahdan olan övladına münasibətdə də ədalətli olmalıdır. Belə ki, iddiaçının nümayəndəsi iddia ərizəsində infilyasiyaya uyğun olaraq tələbatın artığını bildirir, lakin nisbət baxımından götürsə birinci nikahdan doğulan övladının təlabatlarına nisbətdə ikinci nikahdan olan övladlarının təlabatları həm də azyaşlı baxımından artıq olmamaqla fərqlidir. İddiaçı alimentin miqdarının 235 manat tələb etdiyi halda qeyd etdiklərini nəzərə almamışdır. Halbuki, o, iddiaçının mediasiyadan öncə əlaqə saxlayarkən ona hər ay alimentin qaldırılaraq 100 manat ödəmək gücündə olduğu barədə təklif vermiş, lakin iddiaçı qətiyyətlə rədd edərək, uşaqlar üçün bugünkü yaşayış tələbatı olan 235 manatın ödənilməsini tələb etdiyindən, ona ikinci nikahlarından 2 uşaqlarının olmasını diqqətinə çatdırsa da, amma iddiaçı tələbində israrlı idi. Bunu söyləməkdə məqsədi, məhkəmə tərəfindən fikirləşilməsin ki, birinci nikahından olan uşağına alimentin miqdarının artırılmasının tamamilə əlehiyinədir. Əslində belə deyil, o, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixi, 2(106)-429/2011 saylı qətnaməsi əsasında dəyişdirilmiş alimentin, yəni 50 manatın üzərinə qoymaqla 100 manat aliment ödənilməsini həmişə iddiaçının diqqətinə çatdırmışdır. Lakin iddiaçı onun ikinci nikahdan doğulmuş uşağlarımın mənafeyini nəzərə almayaraq, ona qarşı alimentin yüksək kəsilməsinə və onu çıxılmaz vəziyyətdə qoymağa çalışmışdır. Bu hal isə iddiaçının yalnız öz mənafeyini güdərək, lakin ikinci nikahdan olan övladlarının mənafeyini nəzərə almayaraq, əksinə gələcəkdə alımentin miqdarının artılacağı təqdirdə onun tərəfindən ödənilə bilməməsi halda, bu hər iki halda həm birinci, həm də ikinci nikahından olan uşaqların maddi vəziyyətlərinin daha da pisləşəcəyinə gətirib çıxaracağı anlamını bildirir. Bundan başqa o, digər halda “Azərbaycan beynalxalq Bank”dan kredit götürdüyündən, onu ödəyə bilmədiyindən, ona qarşı bank tərəfindən icra olunması ilə bağlı Şirvan İcra və probasiya şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixli qərarı əsasında cavabdehdən 989 manat məbləğində pul vəsaitinin tutularaq “Azərbaycan Beynalxalq Bank”na ödənilməsi qərara alınmışdır. Həmin qərar əsasında hər ay o ondan müəyyən məbləğ əsasında “Azərbaycan Beynalxalq Bank”na ödənilməsi barədə izahat alınmış və həmin vaxtdan da tutulur. Bunu deməkdə məqsədi tərəfindən hər ay kredit borcunun ödənilməsi vardır ki, belə olan halda hər ay 235 manat ödənilməsi qeyri-mümkündür. Bütün bu hallar hesab edir ki, məhkəmə tərəfindən yuxarıda qeyd edilən hallar əsasında Ailə Məcəlləsinin 101.2.-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. İddiaçı iddia tələbində alimentin tələbinin əsası kimi heç bir yerdə işləməməsini qeyd edir və ona görə də uşağın sosial təminatlarının yaxşılaşdırılması və ehtiyaclarının ödənilməsi üçün alimentin 235 manat həddində irəli sürmək məcburiyyətində qaldığını bildirir. Lakin iddiaçı unudur ki, Ailə Məcəlləsinin 56.1, 58.1-58.3-cü maddələrinə əsasən hər iki valideynlər öz uşaqları barəsində bərabər hüquq vəzifələrə malikdirlər. Və bu o deməkdir ki, aliment tərəflərin birindən tutulmasına baxmayaraq uşağların maddi və mənəvi cəhətdən təmin etməyə hər iki valideynlər borcludurlar. Belə olan halda aliment alan tərəf gözləməməlidir ki, aliment verən tərəfin ödənişləri əsasında uşaqların həyat tərzinin qurulmasına çalışmalıdır. Aliment alan tərəf də çalışmalıdır ki, aliment ödəyən tərəfin aliment ödənişi onu uşağların ehtiyaclarının ödənilməsinə kifayət etmirsə, həmin halda həmin tələbatların yaxşılaşması üçün aliment alan tərəf də çalışmalı və bunu əmək fəaliyyəti və yaxud fərdi qazanc əsasında yaxşılaşdırmağa çalışmalıdır. İddiaçı isə yalnız iddia tələbindən görünür ki, çalışır ki, ona qarşı yüksək aliment tələbi irəli sürməklə hesab edir ki, ona qarşı aliment tələbi onu sanki alimentin ödənilməsi məcburiyyətindən irəli gələn hal kimi cavabdehlik məsuliyyəti ilə onu çıxılmaz vəziyyətdə qoymaqla iştəyinə çatacaqdır. Halbuki, iddiaçı ona qarşı yüksək aliment tələbi irəli sürməklə və aliment məhkəmə tərəfindən kəsildiyi təqdirdə o cavabdeh ödənişin həyata keçirə bilməyəcəyi halda qanunvericilk əsasında azadlıqdan məhrum etmə halları ilə üzləşə bilər və belə olan halda uşaqların mənafeyi baxımından onların vəziyyətinin yaxşılaşmasına deyil, əksinə pisləşməsinə aparcaqdır ki, bu halda alimentin yüksək kəsiləcəyi halda digər halda ümumiyyətlə alimentin ödənilmədiyi halı da özündə ehtiva edir. Belə olan halda iddiaçı fikirləşməlidir ki, məqsəd alimentin müəyyən məbləğdə aylıq ödənişi həyata keçirilməklə uşağların mənafeyləri baxımından yaxşılaşdırmaq olmalı, əksinə yüksək aliment tələbi irəli sürməklə mümkün olmayan ödənişin ödənilmədiyi halda vəziyyətin daha da pisləşəcəyinə gətirib çıxaracağı qaçılmaz olacaqdır. Bütün bunları söyləməkdə məqsədi iddiaçı alimentin aratırılması iddia tələbi irəli sürdükdə bilməlidir ki, onun qazancı həcmində ödənilməsi mümkün olacağı halda yüksək aliment tələbinin ödənilməsinin qazancın həcmindən kənara çıxmaqla necə ödənişi həyata keçirə biləcəyi də nəzərə alınmalıdır. Ona görə də onun işləməməyi və faktiki qazancının olmaması və yuxarıda qeyd etdiyi hallar məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-429/2011 saylı, 18 may 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şirvan şəhər məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(032)221/2011 saylı qətnaməsi dəyişdirilməsi, Şirvan şəhər məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(032)-221/2011 saylı qətnaməsi ilə Cavabdeh 16 iyul 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay sabıt pul məbləğində odənilməli olan 75 manat alimentin miqdarı dəyişdirilərək 50 manat həddində müəyyən edilməsi qət edilmişdir. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 16 iyul 2009-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X4r. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 noyabr 2015-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah Şirvan şəhər Məhkəməsinin 09 avqust 2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Qurbanəli oğlu ilə X12 11 mart 2015-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 122 nömrə ilə qeydiyyata alınmışdır. Nikahdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə və X8 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X1r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X11 haqqında 20 sentyabr 2024-cü il tarixli, ********** nömrəli arayışında qeyd edilmişdir ki, Cavabdeh X13 xx.xx.2024-cü il tarixdən işsiz kimi qeydiyyata alınmışdır. İddiaçı şəxsi məlumatlarından çıxarışdan görünür ki, o, “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi Şəxsində tibb işçisi,yardımçı işçilər/məsləhətçi vəzifəsində çalışır və əmək haqqı 609 manatdır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, habelə cavabdehin himayəsində digər nikahından yetkinlik yaşına çatmayan iki uşağının olmasından, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşaqaların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə 16 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay uşağa görə 140 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği ümumilikdə 90 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1080 manat (90x12=1080) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 30.80 (otuz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2011-ci il tarixli, 2(106)-429/2011 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 16 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 140 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30.80 (otuz manat səksən qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1120/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1120/2024
25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver