Məhkəmə qərarları › İş №e-2(032)-1233/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1233/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1233/2023 08.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" lizinq şirkəti MMC ilə borclu X5 arasında 24 ay müddətinə, illik 28% ödəmək şərti ilə 618 manat məbləğində xx.xx.2014-cü il tarixli FC15-0034193 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. "xxxx" KB ASC ilə "xxxx" lizinq şirkəti MMC arasında bağlanan “Faktorinq Müqaviləsi”-nə əsasən "xxxx" MMC lizinq müqavilələrindən irəli gələn pul tələbini "xxxx" (Unibank KB ASC-yə) güzəşt etmiş və bu barədə "xxxx" lizinq şirkəti MMC tərəfindən "xxxx" KB ASC-yə “Tələb hüququnun keçməsi barədə”arayış verilmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" KB ASC-yə keçməsi barədə lizinq alana müvafiq bildiriş göndərilmişdir. Borcalan xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Şirvan şəhər 1 saylı Notariat Ofisinin məlumatına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhumun vərəsələri olduğu müəyyən edilmişdir. Bu isə cavabdehlərin mərhumun hüquqi varisinin olması anlamına gəlir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 513 manat 0.73 qəpik əsas, 30 manat 0.43 qəpik faiz, 1 manat 0.58 qəpik cərimə borcu, ümumilikdə 545 manat 0.74 qəpik məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 30 manat 40 qəpik məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş iddia icraatına keçmiş və mülki iş üzrə məhkəmə iclası təyin edilmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, mərhum X2 "xxxx"KB ASC-yə FC15-0034193 saylı müqavilə üzrə qalıq borcu ilə bağlı onun vərəsəsinə qarşı iddia qaldırılmışdır. İddia ərizəsində texniki olaraq vərəsələrdən birinin faktiki və qeydiyyat ünvanı Şirvan şəhəri, H.Əliyev küçəsi ev 3A, m 33 olan Cavabdeh2 cavabdeh kimi qeyd olunması yaddan çıxmışdır. Odur ki, iddia tələbinin dəyişdirilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınması barədə qətnamə çıxarılmasını və mülki işin onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin izahatında bildirmişdir ki, mərhum borclu ilə bağlı vərəsəlik sənədləri banka gec daxil olduğundan iddia ərizəsini də məhkəməyə gec vermişdir. Hazırda iddialarını müdafiə edirlər və təmin edilməsini xahiş edirlər. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək ərinin 2015-ci il tarixdə vəfat etməsini, illərin keçməsinə baxmayaraq bankın heç bir əsas olmadan onları məhkəməyə verməsini və hazırda iddia müddətinin keçməsinə baxmayaraq onlardan pul tələb etməsinə etiraz etdiyini bildirdi. Məhkəməyə ərizə təqdim edərək, baxılan iş üzrə iddia müddəti keçdiyinə görə rədd edilməsini xahiş etmişdir. Digər cavabdeh X1 Türkiyə Respublikasında təhsil alması müəyyən edildi və o, məhkəməyə ərizə göndərərək iş üzrə iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, cavabdehlərin iddia müddətinin keçməsinə dair ərizələrinə, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 15-0034193 nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" lizinq şirkəti ilə alıcı X5 arasında Dell İnspirion 3542 markalı notebookun 24 ay müddətinə, illik 28% ödəmək şərti ilə 34 manat məbləğində, cəmi 618 azn məbləğində nisyə almışdır. Alıcı malın satış qiymətini ən geci xx.xx.2016-cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli, FC15-0034193 nömrəli kredit müqaviləsinin 1 saylı Əlavəsindən görünür ki, X5 hər ay 34 manat ödəməli idi. xx.xx.2015-ci il tarixli arayışdan müəyyən olunur ki, "xxxx" KB ASC ilə "xxxx" lizinq şirkəti MMC arasında imzalanmış “Faktorinq Müqaviləsi”-nə əsasən X5 ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 15-0034193 nömrəli kredit müqaviləsi üzrə tələb hüququ "xxxx" MMC -yə tam olaraq ödənildiyi üçün tam olaraq "xxxx" KB ASC-yə keçmişdir. xx.xx.2023-cü il tarixli tarixli maliyyə arayışından görünür ki X2 513 (beş yüz on üç) manat 0.73 (yetmiş üç) qəpik əsas, 30 (otuz) manat 0.43 (qırx üç) qəpik faiz, 1 (bir) manat 0.58 (əlli səkkiz) qəpik cərimə borcu, ümumilikdə 545 (beş yüz qırx beş ) manat 0.74 (yetmiş dörd) qəpik qəpik məbləğində borcu vardır . Ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 xx.xx.2015-ci ildə Şirvan şəhərində vəfat etmişdir. xx.xx.2023-cü il tarixli Cavabdeh1, X3 və Cavabdeh2 göndərilmiş bildirişin surətindən görünür ki, "xxxx" lizinq şirkəti MM ilə mərhum X5 arasında bağlanmış FC15-0060080 saylı kredit müqaviləsi üzrə cəmi 152,74 manat ödənilməmiş borcu qalmışdır. Mərhumunun vərəsəsi müəyyən olunduqları üçün üçün borcalanın kredit müqaviləsi üzrə qalıq borcunu 5 iş günü ərzində ödəmələri xahiş edilmişdir. xx.xx.2014-cü il tarixdə X5 ilə satıcı "xxxx" lizinq şirkəti arasında 15-0034193 nömrəli malların nisyə satışı haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 vərəsələri yoldaşı Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan bərabər hissələrdə pay almalıdırlar. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 113 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2015-ci il tarixində vəfat etmiş X2 adına xx.xx.2015-ci il tarixində Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisində vərəsəlik işi açılmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, satıcı "xxxx" borclu X4 618 manat məbləğində malı xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə dəyərini tam şəkildə ödəmək şərtilə nisyə satmışdır. İş materiallarına əlavə edilmiş arayışdan məlum olur ki, "xxxx" KB ASC ilə "xxxx" lizinq şirkəti MMC arasında imzalanmış “Faktorinq Müqaviləsi”-nə əsasən X5 ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 15-0034193 nömrəli kredit müqaviləsi üzrə tələb hüququ "xxxx" MMC-yə tam olaraq ödənildiyi üçün tam olaraq "xxxx" KB ASC-yə keçmişdir. Beləliklə müqavilənin icra müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, borclu X5 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, xx.xx.2016cı il tarixdə hazırki cavabdehlər qanun üzrə vərəsə kimi tanınmışlar, hazırda isə müqavilə üzrə iddia müddətinin xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq iddiaçı mərhum borclunun vərəsələrinə qarşı iddia tələbini xx.xx.2023-cü il tarixdə irəli sürmüş, cavabdehlər haqlı olaraq iddia müddətinin ötürülməsi səbəbindən tələbin rədd edilməsinə dair ərizə ilə müraciət etmişlər. İddiaçı tərəf isə həm özünün tələb irəli sürmək, həmçinin də iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı tələb irəli sürmək kimi subyektiv hüququ olmadığından iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə iddia təmin olunmamalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən iddiaçı tərəfə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki,məhkəmə xərcləri ödənilmiş 30 manat 0.40 qəpik dövlət rüsumundan ibarətdir. İddianın rədd edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1- 284-6.3-cü maddələrini rəhbər tutaraq Qət etdi: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar