Məhkəmə qərarları › İş №e-2(032)-125/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-125/2024

19.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-125/2024 19.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5000 manat pulun və tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun, cəmi 5070 manat pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X1 dəfələrlə faizlə pul götürüb artıqlaması ilə ödəmişdir. Cavabdeh 350 manat sələmə ilə pul götürmüşdür. Həmin pulu götürən vaxt 1200 manat dəyərində, 750 əyarlıq 25 qram qızıl sep, qolbaq, 1000 manat dəyərində brilyant qaşlı üzüksırğa, qızıl kulon 2 qramlıq qiyməti 300 manata, nişan üzüyü qiyməti 1200 manata, bir qızıl üzük 2 qramlıq 200 manata, bir nişan üzüyü 4 qram qiyməti 600 manat girov qoymuşdum. 350 manat pulun əvəzinə 800 manat bir və 1000 manat bir pul vermişdir. Pulu tam artıqlaması ilə ödəyib qurtardıqdan sonra qızıllarını istəmişdir. Ona deyib ki, “sən pulu vaxtında ödəmədiyinə gorə sənin qızıllarını satmışam”. Sonradan yenə ona pul lazım oldu, Cavabdeh 600 manat sələmə ilə pul götürdü. Götürdüyü pulu hər ay 120 manat aylığa ödəyirdi. Bundan əlavə pulu gecikdirəndə ondan 200-300 manat əlavə pul alırdı. Dekabrın 16-da ona 500 manat Mehriban adlı qadınla göndərmişdir. Həmin vaxt Südabə ona deyib ki, “500 manat pulu aldım”. Bundan əlavə qonşudan faizlə 1500 manat pul alıb Sudabəyə borcundan vermişdir. Qardaşından da 300 manat alıb Sudabəyə vermişdir. xx.xx.2022-ci il tarixdə Sevinc adlı qadından sələmə ilə 1000 manat pul götürüb ona evində vermişdir. Axır vaxtlar Cavabdeh onu yeznəsi ilə hədələyirdi. Ona deyirdi ki, “sənin universitetdə oxuyan qızını götüzdürcəyəm, onun başına oyunlar açdıracağam, sənin yoldaşına sənin haqqında pis məlumatlar verəcəyəm”. Bu hadisələrdən bezib özünü öldürmək məqsədi ilə sirkə içdi və xəstəxanaya düşdü. İçdiyi sirkənin nəticəsində mədə-bağırsağı sıradan çıxmışdı. İndi də müalicəni davam etdirir. Onu pis-pis sözlərlə hədələyirdi. Evinə tanımadığı qadın göndərib pul tələb etdirirdi. Xəstəxanada yatdığı vaxt Cavabdeh bir dəfə də olsun gəlib ona dəymədi. Heç bir vaxt Cavabdeh 1400 manat pul almamışdır. Axırıncı dəfə cəmi 600 manat pul almışdır ki, onu da artıqlaması ilə ödəmişdir. Cavabdeh İddiaçı Rahman qızına qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, 1400 manat məbləğdə pul vəsaitinin və ödənilmiş 34 manat məbləğdə dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(032)-1624/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh İddiaçı Rahman qızından 600 manat məbləğdə pul və dövlət rüsumu üçün ödənilmiş 15 manat pulun alınaraq iddiaçı Cavabdeh verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-806/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(032)-1624/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. əlavə olaraq iddiaçı cavabdehə qızıllarını verərkən heç bir qəbzə imza etdirmədiyini, əlində əlavə yazılı sübutlarının olmamasını bildirdi. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Rahman qızını bir qonşu kimi tanımışdır. Əvvəllər münasibətləri çox yaxşı olub. 2019-cu ildən bəri o, qızının təhsili üçün pul götürüb ona vermişdir. O, dəfələrlə müəyyən vaxtlar da ondan pul götürüb gecikdirmiş olsa da gətirib verirdi. Axırıncı dəfə ona 1400 manat borcu qalmışdır. O hər dəfə onu aldadırdı ki, “narahat olma lanbartdan pul götürüb sənin borcunu verəcəyəm”. Lakin onun pulunu qaytarmadığına görə Şirvan şəhər Məhkəməsinə müraciət edərək 1400 manat məbləğində pulun və 34 manat məbləğində dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı qətnamədən Apellyasiya məhkəməsinə şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 806/2023 saylı, 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onun iddia ərizəsində göstərdiyi qızıl əşyaları heç bir vaxt olmayıb və həmin əşyaları ona verməyib, əgər onun qızıl əşyaları var idisə gedib həmin əşyaları lombarda qoyardı, pul götürərdi. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: “Şirvan Ticarət Mərkəzinin” zərgəri X4 tərəfindən verilmiş arayışda göstərilmişdir ki, komplekt dəst (qızıl sep və bilərzik-zəncir formalı) 750 əyarlı, 25 qram 3000 manat, brilyant qaşlı badamı formalı üzük və sırğa 750 əyarlı, 4 qram 600 manat, qızıl kulon 583 əyarlı 2 qram çəkidə 200 manat, qızıl nişan üzüyü 750 əyarlı 5 qram 600 manat, qızıl üzük paxlava formalı 583 əyarlı 2 qram 200 manat, qızıl kişi üzüyü brilyant qaşlı 583 əyarlı 4 qram 400 manat hazırki gün üçün bazar qiyməti ilə dəyərləndirilir. (İddiaçı ərizəsinə müəyyən qızıl əşyalarının foto şəkillərini əlavə etmişdir.) Məhkəmə iclasında iddiaçının vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid məhkəməyə verdiyi ifadəsində hər iki tərəfi qonşu kimi tanıdığını, həyətlərində dərzi işləməsini, Cavabdeh onun yanına gəlib, İlhaməni axtarmasını, sonuncunun ona borclu olmasını, bu səbəbdən də İlhamənin ona verdiyi qızılları məcbur qalıb satdığını bildirmişdir. Həmçinin Bakı şəhərində kirayədə qalarkən Südabənin onun oğlunun kartı vasitəsilə İlhaməyə pul göndərməsini, İlhamənin onun özündən 500 manat borc alaraq Südabəyə verməsini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin təqdim etdiyi səs yazısı dinlənilmişdir. səs yazısında Məcidova yanına danışmağa gəlmiş İddiaçı və onun əri ilə borc barəsində söhbətlər aparır və İlhamədən ona olan borcunu ödənilməsini tələb edir. İddiaçı Rahman qızının əri tərəfindən iddiaçıya verilmiş “konkret olaraq İlhamənin sizə nə qədər borcu var” sualına “600 manat bir və əvvəllər verdiyim 800 manatdan qalıqlar” deyə X5 bildirir. Dinləmə zamanı məhkəmə iş üçün əhəmiyyətli məzmunda başqa məlumat aşkar etməmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X2 cavabdeh İddiaçı Rahman qızına qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı Rahman qızından 600 (altı yüz) manat pul və dövlət rüsumu üçün ödənilmiş 15 (on beş) manat alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. 280.2-ci maddəsinə əsasən girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 280.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. 280.4-cü maddəsinə əsasən bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hazırki mülki iş üzrə iddiaçı cavabdehdən faizə pul götürdüyünü, əvəzində isə ona qızıl əşyalarını girov olaraq verdiyini iddia edir. Qarşı tərəf bunu qəbul etmir, Bayramovanın ona qızıl verdiyi təqdirdə həmin qızılları satmaq imkanı olan halda hansı səbəbdən onu məhkəməyə verdiyini, ondan pul tələb etdiyini bildirir. İddiaçı cavabdeh qarşısında borc öhdəliyinin əvəzi kimi özünə məxsus qızılları girov qoymasını bildirsə də bu halı məhkəmədə sübuta yetirə bilməmişdir. Onun vəsatəti ilə dindirilən şahidə münasibətdə isə məhkəmə hesab edir ki, şahidin sonuncu ilə yaxın münasibətlərdə olması (şahid özü bildirir ki, Bayramovanın Südabəyə olan 500 manat borcunu o ödəmişdir) bildirdiklərinin nə dərəcədə səmimi olmasına kölgə salır. Bundan əlavə iddiaçının özü, olmadığı təqdirdə isə dəyərini tələb etdiyi qızılları ərizəsində sadalasa da, həmin qızılları konkret olaraq nə vaxt, hansı borcun qarşılığında, hansı miqdarda verməsini göstərə bilməmişdir. Bundan başqa tələb olunan qızılların fotoşəkillərinin tədqiqi zamanı da şəkillərdə əks olunmuş qızıl zinət əşyalarının iddia ərizəsində siyahıda göstərilmiş əşyaların forma və xüsusiyyətləri ilə uyğunsuzluğu, fotoşəkillərdə yeni, satışda olan (qiymətini və çəkisini göstərən satış vərəqi aydın görünür) qızılların olması, hətta bəzi fotoşəkillərdə arxa planda qızıl dükanının piştaxtasının belə aşkar görünməsi məhkəmənin diqqətindən qaşmır və təqdim edilmiş fotoşəkillərin real olaraq iddiaçıya məxsus olan qızılları əks etdirməməsini və həmin qızıllara aidiyyətinin olmamasını bildirir. Hətta iddiaçının öz qızıllarını cavabeh qarşısında giov qoyması halı təsdiq edildiyi təqdirdə belə mülki qanunvericilik borclu ilə tələbkar arasında girov münasibətlərinin tənzimlənməsini İMPERATİV qaydada təsbit edir və heç bir halda və şəraitdə “şifahi girov müqaviləsi” məhfumunu qəbul etmir, bu münasibətlərə dair müəyyən etdiyi qaydalardan kənar müqaviləni əhəmiyyətsiz adlandırır. Həmçinin məhkəmə araşdırması zamanı tərəflər arasında əvvəllər də borc mübahisəsinə baxılaraq hüquqi qiymət verilmiş və araşdırma zamanı qanuni qüvvəyə minmiş, preyudisial xarakter daşıyan müvafiq məhkəmə qərarları (Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnamələri) tədqiq olunmuş, Bayramovanın cavabdehə qızıllarını girov qoymasına dair verdiyi bəyanatlar əvvəlki məhkəmə mübahisəsi zamanı da öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı irəli sürdüyü tələbi əsaslandıra bilməmiş, haqlı olmasını təsdiq edən mənsubiyyət, mümkünlük və mötəbərliyi üzrə məhkəmənin obyektiv qiymətləndirilmə süzgəcindən keçə bilən heç bir əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlar isə məhkəmənin iddianın rədd edilməsi ilə əlaqədar mövqeyinin doğru olmasını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş 70 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar