Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1272/2025 28.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli, 51-X saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin “Şirvan-23” mağazasında çalışdığı zaman, xx.xx.2024-cü il tarixində aparılmış İnventarizasiya nəticəsində cavabdehin cəmiyyətə müvafiq olaraq 1017 manat 23 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair aktda da yekun ziyan məbləği öz əksinə tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1017 manat 23 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Cavabdehə hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 13 iyun 2025-ci il tarixli, e-2(032)-1272/2025 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. İşdə olan xx.xx.2022-ci il tarixli, 26/İQ saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə 24 yanvar 2022-ci il tarixindən etibarən satıcı-kassir vəzifəsinə keçirilməsi və əmək haqqı ştat cədvəlinə əsasən ödənilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli arayışda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim nəticəsi olaraq hesabında 4473 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq, 1017,23 manat borcu qalmışdır. Cavabdeh 13 mart 2025-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 1017,23 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən Cavabdeh “Oba-Şirvan 23” mağazasında çalışdığı zaman cəmiyyətə vurduğu yekun ziyan məbləği 1017,23 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli imtina aktından görünür ki, İddiaçı MMC-nin Şirvan şəhəri ünvanında yerləşən “Oba Şirvan 23” (1688) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-1017,24 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, vurulmuş ziyana görə 1017,23 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməlidir. İddiaçı həmçinin mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərci işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1017,23 (bir min on yeddi manat iyirmi üç qəpik qəpik) manat pul və 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №e-2(032)-1272/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1272/2025
28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver