Məhkəmə qərarları › İş №e-2(032)-1284/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1284/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1284/2025 12.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və banka təhvil verilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 33 m2 olan qeyri-yaşayış binasından Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmişdir) bağlanmışdır. Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 33 m2 olan qeyri-yaşayış binası alıcı Cavabdeh 7700 manat (yeddi min yeddi yüz) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 1000 (min) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 6700 (altı min yeddi yüz) manat məbləği isə 30 ay müddətinədək hər 3 aydan bir 600 (altı yüz) manat olmaqla 9 dəfə, sonuncu dəfə isə 1300 manat olmaqla ödəniş etməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 3902 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Hazırda olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 33 m2 olan qeyri-yaşayış binası İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın **********27-06301 reyestr nömrəli çıxarış alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən “Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Cavabdeh nisyə alğı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2025-ci il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı QSC-nin nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinə əsasən İddiaçı QSC ünvan 1ində yerləşən ümumi sahəsi 33 m2 olan qeyri yaşayış binasını Cavabdeh nisyə satmışdır. Sözügedən müqaviləyə 5-ci bəndində əsasən alıcı Cavabdeh ilkin olaraq 1000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsi ilə ödəyir. Qalan 6700 manat məbləği isə 30 ay müddətinədək hər 3 aydan bir 600 (altı yüz) manat olmaqla 9 dəfə, sonuncu dəfə isə 1300 manat olmaqla ödəniş etməyi öhdəsinə götürür. Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli 104914 nömrəli müqavilənin ləğv edilməsinə dair təklifdə X4 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin müqavilənin ləğv edilməsi təklif edilmiş və 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı QSC-nin mülkiyyətindədir. Həmin əmlaka dair İddiaçı QSC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış və nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 33 m2 olan qeyri-yaşayış binası alıcı Cavabdeh 7700 manata (yeddi min yeddi yüz) satılmışdır. Tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinin şərtlərinə əsasən alıcı Cavabdeh ilkin olaraq 1000 (min) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməli, qalan 6700 (altı min yeddi yüz) manat məbləği isə 30 ay müddətinədək hər 3 aydan bir 600 (altı yüz) manat olmaqla 9 dəfə, sonuncu dəfə isə 1300 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmuşdür. Lakin alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 3902 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Hazıda İddiaçı QSC Cavabdeh arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 33 m2 olan qeyri-yaşayış binasından Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməli olduğunu iddia edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin mahiyyəti tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və əmlakın mülkiyyətçiyə qaytarılmasından ibarətdir. Məhkəmə hesab edir ki, ilkin olaraq tərfələr arasında bağlanmış müqaviləyə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məclləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (maddə 14.2.1). Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli və 1 dekabr 2020-ci il tarixli T.Qasımovanın şikayəti üzrə Qərarlarında sərgilədiyi mövqeyə əsasən müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış, müqavilə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmişdir. Göründüyü kimi tərəflər aralarında bağlanmış olan müqavilə üzrə öz iradə ifadələrini bəyan etmişlər və tərəflər arasında müqavilə notarial qaydada təsdiq edilmişdir. Müqavilə şərtləri tərəflərin razılığı ilə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış olan müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış və digər şəxslərin əsassız olaraq hüquqlarının pozulması və ya məhdudlaşdırılması ilə nəticələnməmişdir. İddia tələbinin İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh müəyyənləşdirilmiş müddətlərdə ödənişlərin həyata keçirməsi barədə üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə üzərinə götümüş olduğu vaxtaşırı ödənişlərlə bağlı öhdəliyi tam olaraq icra etməmişdir. Nətcədə isə müqavilə tərəfi olan İddiaçı QSC müqavilənin ləğv edilməsi ilə bağlı öz iradə ifadəsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məclləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4). Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı QSC müqavilə şərtləri cavabdeh tərəfindən icra edilməməsinin nəticəsi olaraq tərəfə müqavilənin ləğv edilməsi ilə bağlı təklif ünvanlamış, lakin təklifə cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Məhkəmə hesab edir ki, müqavilə tərəflərin iradə ifadəsi olması və müəyyən hərəkətlərin qarşılıqlı icrası ilə şərtləndirilmiş olduğundan tərəflərindən hər hansı birinin müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsinə onun ləğv edilməsi ilə bağlı iradə ifadəsini bəyan etməsi əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli AN- İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddiası əsaslıdır və təmin edilməlidir. İddia tələbinin ünvan 2i yerləşən, ümumi sahəsi 33 m2 olan qeyri-yaşayış binasından Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məclləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur (maddə 568.1, 568.2). Həmin Məcəllənin 570-ci maddəsinə əsasən əgər alğı-satqısı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi mübahisəli əmlak İddiaçı QSCnin mülkiyyətindədir. Həmin əmlakla bağlı tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış və İddiaçı QSC mülkiyyətində olan əmlakı Cavabdeh nisyə olaraq satmışdır. Müqavilə şərtlərinə əsasən sonuncu vaxtaşırı ödənişlər etməklə bağlı öhdəlik götürmüş olmasına baxmayaraq öhdəlikləri icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və mülkiyyət hüququ dövlət tərfindən qorunan hüquq olduğundan İddiaçı QSC-nin mülkiyyət hüquqları bərpa olunmalı ünvan 2i yerləşən, ümumi sahəsi 33 m2 olan qeyri-yaşayış binasından Cavabdeh çıxarılmalı, əmlakın boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). İş materiallarına əlavə edilmiş ödəniş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu olaraq 100 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh Həsənova X3 rayonu, Dadaşbəyli kəndi ünvanında yerləşən, ümumi sahəsi 33 m2 olan qeyri-yaşayış binasından çıxarılsın və həmin əmlak boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsın. Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar