Məhkəmə qərarları › İş №e-2(032)-1286/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1286/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1286/2024 29.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli, FN-00726-00/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 7774.95 manat əsas borc, 401.76 manat faiz borcu, 179.93 manat dəbbə borcu olmaqla, ümumilikdə 8356.64 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 104 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli, FN-00726-00/22A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 10000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 7774.95 manat əsas borc, 401.76 manat faiz borcu, 179.93 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin xx.xx.2024-cü il tarixinə ümumi borcu 8356.64 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bankın tələbini əsas və faiz borcu hissəsində qəbul etdiyini, dəbbə borcunun isə qanuna müvafiq qaydada azaldılmasını xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə cavabdehin izahatını dinləyərək, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 noyabr 2022-ci il tarixli, FN-00726-00/22A saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 48 ay müddətinə aylıq faiz dərəcəsi 18% olmaqla, ödəniş planı üzrə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan kredit verilməsi barədə köçürmə qəbzindən görünür ki, kredit razılaşması üzrə 6000 manat bank tərəfindən hesaba köçürülmüş və Cavabdeh həmin pulu götürmüşdür. İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 18 noyabr 2022-ci il tarixli, FN-00726-00/22A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 7774.95 manat, faiz üzrə 401.76 manat, cərimə üzrə borcu 179.93 manat təşkil edir. İş materiallarında olan cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, bank ona olan borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə ünvanladığı ərizədə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı olan iddia tələbini qismən əsas və faiz borcu hissəsində qəbul etdiyini, ondan 7774.95 manat əsas və 401.76 manat faiz borcunun tutulmasına etiraz etmədiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, 18 noyabr 2022-ci il tarixli, FN-00726-00/22A saylı kredit müqaviləsi üzrə 7774.95 manat əsas, 401.76 manat faiz borcu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 7774.95 manat əsas borca münasibətdə cavabdehdən 179.93 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan dəbbənin (cərimə) məbləği 18 noyabr 2022ci il tarixli, FN-00726-00/22A saylı kredit müqaviləsi üzrə 8 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 18 noyabr 2022-ci il tarixli, FN-00726- 00/2 saylı kredit müqaviləsi üzrə 7774.95 manat əsas, 179.93 manat faiz borcu, 8 manat məbləğində cərimə borcu iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 104 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belkəliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18 noyabr 2022-ci il tarixli, FN-00726-00/2 saylı kredit müqaviləsi üzrə 7774.95 manat əsas, 401.76 manat faiz borcu, 8 manat məbləğində cərimə borcu iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 18 noyabr 2022-ci il tarixli, FN-00726-00/2 saylı kredit müqaviləsi üzrə 7774.95 manat əsas, 401.76 manat faiz borcu, 8 manat cərimə borcu olmaqla cəmi 8184.71 manat və dövlət rüsumuna görə ödənilmiş 104 manat və 0,40 manat bank xidmət haqqı iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar