Məhkəmə qərarları › İş №e-2(032)-1339/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1339/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1339/2025 29.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinin vərəsələrə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2024-cü il tarixli, SVNPU-07935 saylı kredit müqaviləsi üzrə 8083,61 manat məbləğində əsas borc, 66,6 manat məbləğində faiz borc, cəmi 8150,21 manat və 102 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şirvan filialı ilə borclu X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SVNPU-07935 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16,5% olmaqla, 36 ay müddətinə 8270 manat məbləğində cavabdehə kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SVNPU- 07935 saylı kredit müqaviləsinə görə cavabdehlər öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixli, SVNPU-07935 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 8083,61 manat, faiz borcuna görə 66.6 manat olmaqla, cəmi 8150,21 manat təşkil edir. Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, X3 xx.xx.2024-cü ildə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsaslanaraq, borclu X1 xx.xx.2024-cü ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən xx.xx.2024-cü il tarixli, SVNPU-07935 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsələrindən tələb edir. Şirvan şəhəri 1 saylı Notariat Ofisinin sorğuya verdiyi cavab məktubu ilə xx.xx.2025-ci il tarixli, 2V-40 və 2V-43 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti göndərilmişdir. xx.xx.2025-ci il tarixli, 2V-40 və 2V-43 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsələri Cavabdeh2 və Cavabdeh1dır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, tərəflərin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə X3 arasında xx.xx.2024-cü il tarixli, SVNPU-07935 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16,5% olmaqla, 36 ay müddətinə 8270 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 qanun üzrə vərəsələrinin 13 iyun 2025-ci il tarixə 8083,61 manat ödənilməmiş əsas borcu, 66,6 manat faiz borcu mövcuddur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC borclu X1 qanun üzrə vərəsələri Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Şəhər Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Şirvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü ildə vəfat etmiş X1 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1dır və onlar miras əmlakdan ½ hissədə pay almalıdır. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, bankla X3 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə bank tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlik tam olaraq icra edilmişdir. Lakin kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və borclunun bank qarşısında yuxarıda göstərilən məbləğdə (əsas) icra edilməmiş pul öhdəliyi qalmışdır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Həmçinin Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 xx.xx.2024-cü il tarixdə ölmüş və sonuncunun adına vərəsəlik işi açılmışdır. Vərəsəlik işi üzrə Cavabdeh2 və Cavabdeh1 X1 qanun üzrə vərəsələridir. Hazırda bank kredit müqaviləsi üzrə borcun borclunun vərəsələri olan Cavabdeh2 və Cavabdeh1 tutulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı ASC ilə mərhum X3 arasında xx.xx.2024-cü il tarixində kredit müqaviləsi bağlanmış və kredit vəsaiti təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixdə borcalanın vəfat etməsi şəxsi xarakter daşımayan əmlak öhdəliklərini ortadan qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1153-cü maddələrinə əsasən, belə öhdəliklər mirasın tərkibinə daxil sayılır və vərəsəyə keçir.Şirvan şəhər 1 saylı Notariat Kontorunun xx.xx.2025-ci il tarixli şəhadətnaməsinə əsasən, mərhumun vərəsələri kimi Cavabdeh2 və Cavabdeh1 mirası qəbul etmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarına əsasən, mirası qəbul etmiş vərəsə mirasın dəyəri miqdarında kreditor qarşısında birgə məsuliyyət daşıyır. Bank tərəfindən vərəsəyə yazılı xəbərdarlıq göndərilməsinə baxmayaraq, öhdəlik yerinə yetirilməmişdir. Təqdim olunmuş kredit müqavilələri, ödəniş qrafikləri, ölüm və vərəsəlik şəhadətnamələri iddianın hüquqi və faktiki əsaslara söykəndiyini sübut edir. Mülki Məcəllənin 445 və 449-cu maddələrinə əsasən, öhdəliyin icra edilməməsi həm cərimə, həm də istifadə olunan vəsait üçün faiz tutulmasına əsas verir. Yuxarıda göstərilən hallar və hüquqi normalar nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmənin baxılan mülki mübahisə ilə son qənaəti bundan ibarətdir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8083,61 manat əsas borc, 66.6 manat faiz borcu, cəmi 8150,21 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 102 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 102 manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 218, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8083,61 manat əsas borc, 66,6 manat faiz borcu, cəmi 8150,21 manat və ödənilmiş dövlət rüsumuna görə 102 manat olmaqla, ümumilikdə 8252,21 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar