Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-138/2025 30.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10133.55 manat məbləğində əsas kredit borcunun, 575.90 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 25.57 manat məbləğində cərimə borcu, cəmi 10735.02 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 122.21 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 21250***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə, illik faiz dərəcəsi 29 %-dən artıq olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 21250***-*******02L saylı əsas Kredit limit razılaşmasına şərtlərinin 1.1, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh1 48 ay müddətinə illik 16,5 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 12200 manat məbləğində kredit verilmişdir (sms kredit mətni iddia ərizəsinə əlavə edilmişdir). Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, əsas kredit limit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Əsas kredit limit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 10133.55 manat əsas kredit borcu, 575.90 manat kreditdən istifadəyə görə faiz borcu, 25.57 manat cərimə borc olmaqla, cəmi 10735.02 manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf edərək, izahatında bildirmişdir ki, bankdan krediti Ramid Həsənov götürmüş, onunla bank arasında isə zaminlik müqaviləsi bağlanmışdır. Ramid kredit üzrə ödənişləri vaxtı-vaxtında ödəmədiyindən tələb olunan məbləğlərdə borc yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 03 dekabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini etiraf edərək izahatında bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən iddia ərizəsində qeyd edilən məbləğdə kredit götürmüş, kredit borcunun müəyyən hissəsini ödəmiş, hal-hazırda kredit borcunu ödəməyə maddi imkanı yoxdur, banka olan borcu ödəməyi üçün ona müddət verilməsi məqsədilə evin çıxarışını və uşağın xəstəliyi ilə bağlı sənədləri banka təqdim etmişdir. Məhkəmə, Cavabdeh2 izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 21250***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredi limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh1 məxsus hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə sonuncuya 48 ay müddətinə illik 16,5 % faiz olmaqla 12200 manat kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 21FİZAM145700701 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 nın xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 10133.55 manat əsas, 575.90 manat faiz borcu, 25.57 manat cərimə borcu, cəmi 10735.02 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziyada sonuncuların xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10133.55 manat əsas, 499.33 manat faiz və 12.57 manat cərimə borcu olmaqla, ümumilkdə 10645.45 manat borcunun olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 21250***-*******02L saylı əsas kredit limiti razılaşması müqaviləsi bağlanmış, həmin müqavilənin tələblərinə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 12200 (on min iki yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı ASC Cavabdeh1 borc (kredit) verməyi, Cavabdeh1 isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir (maddə 739.1, 739.2, 739.3 ). Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağalnmış və borcverən tərəfindən müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam olaraq icra etmişdir. Müqavilə üzrə borcun ödənilmiş olamasını sübut etmə yüklülüyü cavabdeh tərəfin üzərinə düşsə də, cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehin də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə Cavabdeh2 imzaladığı zaminlik müqaviləsi ilə borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyin tamamilə icra etməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliyini pozduğuna görə zaminin də onunla birlikdə kreditor qarşısında birgə (solidar) məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin mülki iş üzrə digər Cavabdeh2 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzərinə götürmüşdür. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görəiddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasəncavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iclaslarında iştirak edən cavabdehlər hər biri ayrı-ayrılıqda kredit müqaviləsi üzrə pulun götürülmüş olduğunu, lakin müqavilə üzrə öz üzərlərinə düşən öhdəlikləri tam və vaxtında icra etmədiklərini etiraf etmişdirlər. Məhkəmə cavabdehlərin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 21250***-*******02L saylı kredit müqavilə üzrə 10133.55 manat əsas, 575.90 manat faiz borcu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 25,57 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə 25,57 manat deyil, 10 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 122.21 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10133.55 manat əsas, 575.90 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 10719.45 manat və ödənilmiş dövlət rüsumuna görə 122.21 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-138/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-138/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver