Məhkəmə qərarları › İş №e-2(032)-1380/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1380/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1380/2025 03.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 iyun 2013-cü il tarixli, BAL0025426/13 saylı, müqaviləyə əsasən 268.31 manat əsas, 432.25 manat faiz borcu,40 manat cərimə borcu cəmi 740.56 manat 13 avqust 2015ci il tarixli, CC/97396/52/26 saylı, müqaviləyə əsasən 807.48 manat əsas, 1170.91 manat faiz borcu cəmi 1978.39 manat, 17 iyun 2014-cü il tarixli, DK/98314/41/26 saylı, müqaviləyə əsasən 195.5 manat əsas, 455 manat faiz,38.49 manat cərimə borcu cəmi 688.99 manat borcun və kredirlər üzrə cəmi 60 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir . İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış 07 iyun 2013-cü il tarixli, BAL0025426/13 saylı, müqaviləyə əsasən 500 manat, 13 avqust 2015-ci il tarixli, CC/97396/52/26 saylı, müqaviləyə əsasən 1011 manat, 17 iyun 2014-cü il tarixli, DK/98314/41/26 saylı, müqaviləyə əsasən 200 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X1 3407.94 manat banka borcu vardır. X6 31 avqust 2015-ci il tarixdə vəfat etmişdir. Şirvan şəhəri 1 saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu X1 vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Sonradan iddiaçı iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddianın predmeti üzrə tələbin həcmini azaldaraq Cavabdeh qarşı qarşı “Kreditin və ona hesablanmış faiz və cərimə borcunun qaytarılmasına” dair iddia üzrə cavabdehdən İddiaçı ASC-nin xeyrinə BAL0025426/13 saylı müqaviləyə əsasən 268.31 manat əsas borc, 6.65 manat faiz borcu, 40 manat cərimə borcu olmaqla ümumilikdə 314.96 manat, CC/97396/52/26 saylı müqaviləyə əsasən 807.48 manat əsas borcu, DK/98314/41/26 saylı müqaviləyə əsasən 195.5 əsas borcu, 7 manat cərimə borcu olmaqla 202.5 manat borcu və ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, bildirdi ki, o, kredit müqavilələri üzrə hər hansı ödəniş etməmişdir. İddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını və iddia müddətinin tətbiqi barədə ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ASC ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, DK/98314/41/26 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 200 (iki yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, CC/97396/52/26 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1011 (bir min on bir) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə X7 ilə bağladığı xx.xx.2013-cü il tarixli, BAL0025426/13 saylı kart kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixinədək 5000 (beş min) manat məbləğində kredit limiti açılmış, kredit xəttindən ilk olaraq istifadə edilə biləcək məbləğ 500 (beş yüz) manat təşkil etmişdir. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir. xx.xx.2019-cu il tarixli 2V-228 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsəsi Cavabdeh və azyaşlı qızı X3 miras əmlakdan ½ hissədə pay almalıdır. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin tərəfindən xx/xx/2019 tarixdə X4 verilmiş **********83-10301 reyestr nömrəli, ********** qeydiyyat dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri 1 May küçəsi 105 D (yeni qaydalarla , AZ 1812 ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi və onun yerləşən ümumi sahəsi 81.1 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X5 xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizə verərək , iddia müddətinin tətbiqi ilə əlaqədar verilmiş xx.xx.2025-ci il tarixli ərizənin hesab edilməsi, yekun qərar verilərkən əsaslı sübut kimi nəzərə alınmamasını xahiş etmişdir. Etiraz ərizəsinə görə məhkəmənin icraatda İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbi üzrə e-2(032)-1380/2025 saylı mülki iş mövcuddur. Cavabdeh tərəfindən mülki iş üzrə xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşən elektron kabinetə “iddia müddətinin tətbiqi” ilə bağlı ərizə ünvanlanmışdır. Hesab edirlər ki, ərizə hüquqi əsassızdır və cavabdehin ərizə üzrə mülahizələrinə öz etirazlarını bildirirlər. X6 ilə İddiaçı ASC arasında bağlanmış 07 iyun 2013-cü il tarixli, BAL0025426/13 saylı, müqaviləyə əsasən 500 manat, 13 avqust 2015-ci il tarixli, CC/97396/52/26 saylı, müqaviləyə əsasən 1011 manat, 17 iyun 2014-cü il tarixli, DK/98314/41/26 saylı, müqaviləyə əsasən 200 manat məbləğlərində kredit verilmişdir. X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ünvan 2 ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya sonuncu tərəfindən verilmiş cavabdan aydın olur ki, cavabdeh X1 mirasını cavabdeh qəbul etmiş, miras əmlakına dair rəsmiləşən xx.xx.2019-cu il tarixli 2V/228 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə həmin şəxslə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən “Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.” Lakin mərhumun vərəsələri tərəfindən İddiaçı ASC-yə mirasın açılması və miras əmlakin qəbul edilməsi barədə hər hansı məlumat verilməmiş, cavabdehlər qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərin icrasından qəsdən yayınaraq daha sonradan iddia müddətinin tətbiqi ilə bağlı ərizə ünvanlamaqla iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadə etməyə cəhd göstərmişdir. Kreditor cavabdehlərin vərəsə olması barədə ünvan 3 ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya verilmiş cavab ilə məlumatlı olmuş, dərhal sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-c maddəsinə əsasən “iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.” Şəxsin (bu halda kreditorun) öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. Öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 5.3-cü maddəsində ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürübsürməməsindən asılı olmayaraq hüquqdan sul-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində İsə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sul-istifadə edilməsinə yol verilmir. Beləliklə, vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olursa olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdaflə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir. (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). İddia müddətinin tətbiqi ilə bağlı müraciət subyektiv hüquqdur. İddia müddəti və onun tətbiqi cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmn edir. Bu səbəbdən iddia müddəti məhz hər bir cavabdehə münasibətdə onun özü tərəfindən verilmiş ərizə əsasında tətbiq edilir. İddia müddətinin keçməsindən istifadə etmək hər borclunun ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir iddia müddətinin tətbiqi və ya hesablanması məsələsi hər cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir. O da nəzərə alınmalıdır ki, iddianın cavabdehlərdən birinin ərizəsi əsasında digər(lər)inə qarşı da rədd edilməsi iddia müddətinin mahiyyəti və təyinatı ilə uzlaşmır. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 211021- 2911/2023 saylı qərarına və bu qərarın vahid məhkəmə təcrübəsini formalaşdıran presedent xarakterli akt olmasına xüsusi diqqət çəkmək istərdik. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış 19 iyun 2013-cü il tarixli, BAL0025426/13 saylı, müqaviləyə əsasən 500 manat, 13 avqust 2015-ci il tarixli, CC/97396/52/26 saylı, müqaviləyə əsasən 1011 manat, 17 iyun 2014-cü il tarixli, DK/98314/41/26 saylı, müqaviləyə əsasən 200 manat məbləğlərində kredit verilmişdir. X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. xx.xx.2019cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.1 və 554.4-cü maddələrinə əsasən-müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377-ci maddəsinin digər normalarında müvafiq müqavilə öhdəliklərinin icra müddətinin şərtləri nəzərə alınmaqla, iddia müddətinin axımının başlanmasının xüsusi qaydaları öz əksini tapmışdır. Belə ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli Qərarında (bundan sonra Plenum Qərarı) qeyd edilmişdir ki, öhdəliklərin icra müddəti ilə bağlı qanunvericiliyin tələblərinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (Mülki Məcəllənin 427.1, 427.2, 427.4-cü maddələri). Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, icra müddəti müəyyənləşdirilmiş müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa, həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir. X10 əsasən Konstitusiyanın 60-cı maddəsi baxımından Mülki Məcəllənin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Mülki Məcəllənin 427-ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. Plenum Qərarında həmçinin qeyd olunmuşdur ki, digər tərəfdən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1309-cu maddəsinə görə, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat vermək vərəsələrin borcu kimi müəyyən olunmuşdur. Beləliklə, vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, müvafiq kredit müqavilələri üzrə iddiaçı ilə cavabdehin mərhum həyat yoldaşı X6 arasında 19 iyun 2013-cü il tarixdə xx.xx.2016-cı il tarixədək, 17 iyun 2014-cü il tarixdə, 12 ay müddətinə, 13 avqust 2015-də 12 ay müddətinə bağlanılmışdır, yəni sözügedən müqavilələlərin bitmə müddəti müəyyən edilmişdir. X6 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, xx.xx.2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 2019-cu verilməsinə baxmayaraq, İddiaçı iddia tələbinə cavab verməli olan vərəslərin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş və yalnız 6 il sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Plenum Qərarında formalaşmış mövqedən göründüyü kimi öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Yəni kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. Lakin İddiaçı ASC xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərək, müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı BAL0025426/13 saylı müqaviləyə əsasən 268.31 (iki yüz altmış səkkiz) manat 31 (otuz bir) qəpik əsas borc, 6.65 (altı) manat (altmış beş) qəpik faiz borcu, 40 (qırx) manat cərimə borcu olmaqla ümumilikdə 314.96 (üç yüz on dörd) manat, (doxsan altı) qəpik, CC/97396/52/26 saylı müqaviləyə əsasən 807 (səkkiz yüz yeddi) manat 48 (qırx səkkiz) manat əsas borc, DK/98314/41/26 saylı müqaviləyə əsasən 195 (bir yüz doxsan beş) 5 (əlli ) qəpik əsas, 7 (yeddi) manat cərimə borcu olmaqla 202.5 (iki yüz iki) manat 50 qəpik borcun və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun alınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar