Məhkəmə qərarları › İş №e-2(032)-1381/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1381/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1381/2025 04.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 qızından 03 iyul 2023-cü il tarixli, CC/47742/92/26 saylı, müqaviləyə əsasən 1870.9 manat əsas, 18 manat faiz borcu, cəmi 1888.9 manat borcun və 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyev Kamal Lətif oğlu ilə İddiaçı ASC arasında bağlanmış 03 iyul 2023-cü il tarixli, CC/47742/92/26 saylı, müqaviləyə əsasən 2500 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum Əliyev Kamal Lətif oğlunun 1888.9 manat Banka borcu vardır. Əliyev Kamal Lətif oğlu 13 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Şirvan şəhəri 1 saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdehlər borclu Əliyev Kamal Lətif oğlunun vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin məhkəməyə təqdim edilmiş mülahizəsində qeyd edirlmişdir ki, vərəsəlik işinin materiallarından görünür ki, cavabdehlərdən bəziləri onlara çatası paydan imtina etmişlər. Qeyd edilən halın vərəsələrin miras qoyanın borcları qarşısında məsuliyyəti məsələsinə təsiri barədə bildirir ki, bu hal yalnız onların miras aktivinin konkret hissəsi üzərində sərəncamvermə hüququnu ehtiva edir və onların mirasın passivinə münasibətdə məsuliyyətdən azad etmir. Analoji mübahisələr dair Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini müəyən edən qərarına 2(102)-900/2024 saylı, xx.xx.2024-cü il tarixli əsasən vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərindən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürülməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə səbəb olar. Mirasın qəbul edilməsinin vərəsəlik şəhadətnaməsi alınmaqla, eyni zamanda ona faktiki sahiblənmə üsulu ilə qəbulu mümkündür. İş materiallarında mərhumun bəzi vərəsələrinin mirasdan imtina edilməsi haqqında ərizələrinin olması onlar tərəfindən mirasın qalan hissəsinin digər üsulla qəbulunu istisna etmir. Qeyd edilənlərə əsasən iddia tələbinin bütün cavabdehlərə münasibətdə tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 hər biri ayrı-ayrılıqda iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Digər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbi barəsində heç bir məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ASC ilə borclu Əliyev Kamal Lətif oğlu arasında bağlanmış 03 iyul 2023-cü il tarixli, CC/47742/92/26 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 23 % olmaqla 29 ay müddətinə 2500 manat məbləğində Əliyev Kamal Lətif oğluna kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Əliyev Kamal Lətif oğlu ilə İddiaçı ASC arasında bağlanmış 03 iyul 2023-cü il tarixli, CC/47742/92/26 saylı müqaviləyə əsasən banka 1870.9 manat məbləğində əsas borcu, 18 manat məbləğində faiz borcu vardır. xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan borcun ödənilməsi barədə rəsmi xəbərdarlıq edilmişdirlər. Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Kamal Lətif oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş Əliyev Kamal Lətif oğlunun vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 Şurvan şəhəri 1 saylı Notariat Ofisinə vermiş olduqları **********310, **********307, **********851 və **********109 nömrəli ərizələrdə qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2023-cü ildə vəfat etmişdir. Ondan miras qalmış bütün daşınar və daşınmaz əmlaklara onlara düşən payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə bağlı notariat ofisinə ərizə verməmişlər. Vərəsəliyi qəbul etməmişlər, vərəsəlik hüququnu rəsmiləşdirmək fikrində deyildilər. Gələcəkdə bununla və müddətin bərpası ilə bağlı məhkəmə mübahisəsi qaldırmayacaqdırlar. Notarius tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1267 və 1268-ci maddələr onlara izah olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC-nin ilə borclu Əliyev Kamal Lətif oğlu arasında bağlanmış 03 iyul 2023-cü il tarixli, CC/47742/92/26 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 23 % olmaqla 29 ay müddətinə 2500 manat məbləğində Əliyev Kamal Lətif oğluna kredit verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əliyev Kamal Lətif oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmiş və sonuncunun adına xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri 1 saylı notariat ofisi tərəfindən vərəslik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə mərhumun vərəsi olaraq Cavabdeh3 miras əmlakdan tam hissədə pay alması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Digər vərəsələr Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 isə notariat ofisinə ərizə verərək miras paydan imtina etmişdirlər. Hazırda İddiaçı ASC mərhum Əliyev Kamal Lətif oğlunun vərəsələri cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 03 iyul 2023-cü il tarixli, CC/47742/92/26 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1870.9 manat, faiz borcuna görə 18 manat borcun tutulmalı olduğunu iddia edir. Məhkəmə ilkin olaraq bankla cavabdeh arasında bağlanmış olan kredit müqaviləsi üzrə münasibətlərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının kredit müqavilələri üzrə pul tələbi əsaslıdır. Belə ki, işin faktiki hallarından göründür ki, müqavilə üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Əliyev Kamal Lətif oğluna borc (kredit) verməyi, cavabdeh Əliyev Kamal Lətif oğlu isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi müqavilə üzrə bank tərəfindən üzərinə götürülmüş olan öhdəliklər icra edilsə də, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş olan öhdəlikləri tam olaraq icra edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin kredit müqaviləsi pulun tutulması hissəsinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddia tələbinin kredit müqaviləsi üzrə borcun Əliyev Kamal Lətif oğlunun vərəsələrindən tutulması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin faktiki hallarından göründüyü kimi mərhum Əliyev Kamal Lətif oğlunun vərəsələrinin dairəsi notarius tərəfindən müəyyən edilmiş, lakin vərəsələrdən yalnız Cavabdeh3 miras əmlakı qəbul etmiş, digər vərəsələr olan mərhumun övladları miras paylarından imtina etmiş və nəticə olaraq Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə tələbin yalnız mirası qəbul etmiş şəxsə, yəni Cavabdeh3 münasibətdə məhrum Əliyev Kamal Lətif oğlu ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması əsaslıdır və iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməlidir. Digər vərəsələr miras paylarından imtina etdiklərinə görə onların miras qoyanın borclarına görə məsuliyyət daşımaması qanunvericiliyə tam uyğun hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Əliyev Kamal Lətif oğlunun vərəsəsi Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 03 iyul 2023-cü il tarixli, CC/47742/92/26 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1870.9 manat, faiz borcuna görə 18 manat olmaqla, ümumilikdə 1888.9 manat pul tutulmalıdır. İddia tələbinin ödənilmiş 39 manat dövlət rüsumunun cavabdehdən müştərək qaydada tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli “AsanPay” ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 39 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.1, 119.2). İşin faktiki hallarından göründüyü kimi iddia tələbi qismən təmin edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumu Cavabdeh3 alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 03 iyul 2023-cü il tarixli, CC/47742/92/26 saylı müqavilə üzrə 1870.9 manat məbləğində əsas borc, 18 manat məbləğində faiz borcu və 39 manat dövlət rüsumu olmaqla, cəmi 1927.9 (bir min doqquz yüz iyirmi yeddi manat doqquz qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar