Məhkəmə qərarları › İş №e-2(032)-1399/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1399/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1399/2024 26.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli, FM-00533-11/23A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 9000.27 manat əsas borc, 257.99 manat faiz borcu, 101.05 manat dəbbə borcu, ümumilikdə 9359.31 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 114 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli, FM-00533-11/23Asaylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 10000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh2 01 sentyabr 2023-cü il tarixdə FMZ-00533-11/23A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə bank məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 9000.27 manat əsas borc, 257.99 manat faiz borcu, 101.05 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin xx.xx.2024-cü il tarixinə ümumi borcu 9359.31 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh1 oğlu iddia tələbini qismən qəbul edərək, izahatında iddiaçı “Bank "xxxx" ASC ilə aralarında bağlanılmış 01 sentyabr 2023-cü il tarixli, FM- 00533-11/23A saylı kredit müqaviləsi üzrə 9000.27 manat əsas və 257.99 manat faiz borcunun ondan bankın xeyrinə tutulmasına etiraz etmədiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Həmçinin iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli, FM-00533-11/23A saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 48 ay müddətinə, illik 22 faizlə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli, FM-00533-11/23A saylı zaminlik müqaviləsindən görünür ki, o, 01 sentyabr 2023-cü il tarixli, FM-00533-11/23A saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 10000 manat ödənişlmiş və sonuncu tərəfindən qəbul edilmişdir. İş materiallarında olan cavabdehlərə ünvanlanmış pretenziyalardan görünür ki, bank onlara olan borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Bank "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 01 sentyabr 2023-cü il tarixli, FM-00533-11/23A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 9000.27 manat, faiz üzrə 257.99 manat, dəbbə borcu 101.05 manat, ümumi borc 9359.31 manat təşkil edir. Məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, onun bankın qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, 01 sentyabr 2023-cü il tarixli, FM- 00533-11/23A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ödənilməmiş 9000.27 manat məbləğində əsas borc və 257.99 manat faiz borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 9000.27 manat əsas borca münasibətdə cavabdehdən 101.05 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan dəbbənin (cərimə) məbləği 01 sentyabr 2023-cü il tarixli, FM-00533- 11/23A saylı kredit müqaviləsi üzrə 8 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 01 sentyabr 2023-cü il tarixli, FM-00533-11/23A saylı kredit müqaviləsi üzrə 9000.27 manat əsas, 257.99 manat faiz borcu, 10 manat məbləğində cərimə borcu iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 114,40 manat dövlət rüsumunun haqqının tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belkəliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 01 sentyabr 2023-cü il tarixli FM-00533-11/23A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ödənilməmiş 9000.27 manat əsas, 257.99 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilkdə 9268.26 manat və ödənilmiş 114.40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 01 sentyabr 2023-cü il tarixli FM-00533-11/23A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ödənilməmiş 9000.27 manat əsas, 257.99 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilkdə 9268.26 manat və ödənilmiş 114.40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar