Məhkəmə qərarları › İş №e-2(032)-1429/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1429/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1429/2023 02.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1256,12 manat əsas, 165,79 manat faiz, 35,85 manat cərimə, cəmi 1457,76 manat və 34,98 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 2851nkSLYb/22 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a illik 36 ay müddətinə illik 18% ödəmək şərtilə 1460 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə “Borcverənə”ə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə “Borcalana” ayrılan kredit məbləği oferta çərçivəsində Borcalana verilən ödəniş kartına köçürülür. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin verilməsi və kredit prosedurlarına görə 0% həcmində, kreditin nağdlaşdırılmasına görə isə kredit məbləğinin 0% həcmində komissiya tutulur. Сavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2851nkSLYb/22 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a illik 36 ay müddətinə illik 18% ödəmək şərtilə 1460 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə “Borcverənə”ə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 14 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 1256,12 manat əsas, 165,79 manat faiz, 35,85 manat cərimə, cəmi 1457,76 manat məbləğində borcu vardır. İş materiallarında olan 14 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC borclu Cavabdeh borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun 3 iş günü müddətində ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 1460 manat kredit verilmiş, cavabdeh həmin müqavilə üzrə ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 2851nkSLYb/22 saylı kredit müqaviləsinə əsasən, 1256,12 manat əsas borcu, 165,79 manat faiz borcu cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, 2851nkSLYb/22 saylı müqaviləyə əsasən 1256,12 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 35,85 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 14xx.xx.2022-ci il tarixli, 2851nkSLYb/22 saylı müqaviləyə əsasən 3 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Həmçinin iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 34,98 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 2851nkSLYb/22 saylı müqavilə üzrə ödənilməmiş 1256,12 manat əsas, 165,79 manat faiz, 3 manat cərimə borcu olmaqla, cəmi 1424,91 manat məbləğində borc və ödənilmiş 34,98 manat dövlət rüsumu, ümumilikdə 1459,89 (bir min dörd yüz əlli doqquz manat səksən doqquz qəpik) manat tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar