Məhkəmə qərarları › İş №e-2(032)-1436/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1436/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1436/2024 08.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı ASCnin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9852 manat 34 qəpik əsas, 1034 manat 52 qəpik faiz borcu, 429 manat 38 qəpik cərimə borcu cəmi 11316 manat 24 qəpik məbləğində borcu və iş üzrə ödənilmiş 125 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 17% olmaqla 12500 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı ASC-yə olan borcunu etiraf edir. İşdən çıxarıldığı üçün ödənişləri həyata keçirə bilməmişdir. Maddi imkanı olduğu təqdirdə ödəniş edəcəkdir. Hesablanmış cərimə borcunun həddindən artıq çox olduğunu bildirib, cərimə borcunun azaldılması və iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və işdə olan sənədləri hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2023-cü il tarixli, CC/74913/89/4 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 12500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli, CC/74913/89/4 saylı kredit müqaviləsinə 1№ əlavədən görünür ki, Cavabdeh 12500 manat kredit məbləğini hər ay 445 manat 66 qəpik olmaqla 36 ay müddətinə ödəməlidir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı ASC tərəfindən 150 manat məbləğində komissiya haqqı tutulmuş, 12350 manat məbləğində pul Cavabdeh hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-ci il tarixli bildiriş məktubuna əsasən cavabdehlə bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş, borcun ödənilməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 9852 manat 34 qəpik əsas, 1034 manat 52 qəpik faiz borcu, 429 manat 38 qəpik cərimə borcu cəmi 11316 manat 24 qəpik təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 17% olmaqla 12500 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borcun ödənilməsi cavabdehlərə 08 iyul 2024-cü il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsi nəticəsində gecikdirməyə görə hesablanmış 429 manat 38 qəpik məbləğində cərimə borcu azaldılmalıdır. Belə ki, tərəflər arasında 13 yanvar 2023-cü il tarixli, CC/74913/89/4 saylı kredit sazişinin bağlanmasına və həmin müqavilənin şərtlərinə görə borcalan X1 tərəfindən vaxtında ödəniş aparılmaması nəticəsində vaxtından əvvəl borcun ödənilməsini kreditor İddiaçı ASC-nin tələb etmək hüququnun olmasına baxmayaraq, müqavilənin bağlandığı tarixdən və cavabdehin kredit müqaviləsi üzrə borcun gecikdirilməsini bildiyi vaxtdan xeyli müddət keçdikdən sonra əsas, faiz borcun və gecikdirilməyə görə cərimə borcun ödənilməsini tələb etmiş, bu da ki, tənasübsüz surətdə yüksək dəbbə pulunun əmələ gəlməsinə əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında icra edilməməsinə görə hesablanmış 429 manat 38 qəpik məbləğində gecikdirilməyə görə cərimə borcu tənasübsüz surətdə yüksək dəbbə pulu hesab olunmalı, buna görə də tələb olunan gecikdirilməyə görə cərimə borcu 50 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşdən göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixində cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9852 manat 34 qəpik əsas, 1034 manat 52 qəpik faiz, 50 manat cərimə borcu olmaqla cəmi 10936 manat 86 qəpik və iş üzrə ödənilmiş 125 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddianını qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 9852 manat 34 qəpik əsas, 1034 manat 52 qəpik faiz, 50 manat cərimə borcu olmaqla cəmi 10936 manat 86 qəpik məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 125 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar