Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-150/2025 01.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2209 manat 90 qəpik pulun və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh Əliqulu qızından tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh Əliqulu qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X13” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 76x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin OBA Şirvan 16 mağazasında çalışdığı zaman xx.xx.2023-cü il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 4349 manat 72 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh Əliqulu qızının hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2209 manat 93 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul olunub. Daha sonra xx.xx.2021-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. Həmin vəzifəyə keçirilməsini özü xahiş etmişdir. Tərəflər arasında “X13” haqqında müqavilə imzalanmışdır. Müqavilədə administratorun mağazada məsul şəxs olması və mağazada hər hansısa məhsul əksik olarsa, həmin məhsulun dəyəri administrator tərəfindən şirkətə ödənilməsi göstərilib. İnvertarizasiya sənədlərində cavabdehin mağazaya ziyan vurduğu göstərilib. Həmin sənədlərdə məhsulların dəyəri 4349,72 manat təşkil edir. Şirkət tərəfindən güzəşt olunduqdan sonra 2209,93 manat pul qalmaqdadır. Qarşı tərəfə mağazada sayım keçirilməzdən əvvəl sayım keçirilməsi ilə bağlı əmr verilib. Əmr verilən zaman sayım keçirilib və qarşı tərəfin iştirakı təmin olunub. Qarşı tərəfə sayımda iştirakı və sayım üzvlərinə qarşı etirazının olub-olmaması ilə bağlı ondan yazılı izahat alınıb. Sayım keçirildikdən sonra mağazada olmayan məhsulların sayı ilə bağlı akt tərtib olunub. Qarşı tərəf xəbərdarlıq göndərilsə də aktı imzalamamışdır. Həmçinin sayımın araşdırılmaması, səhv və yalnış sayılması ilə bağlı heç bir məlumat daxil olmamış, operativ olaraq mağazada sayım keçirilmişdir. Məhkəmədən qeyd edilənlərə əsasən iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı qəbul etməyək izahatında bildirdi ki, İddiaçı MMC-də sayım günündə, həmçinin təhvil-təslim ediləndə iştirak etmişdir. Ona 5000 manat kəsrinin olduğunu bildirmişlər. İddiaçının iddia ərizəsində qeyd etdiyi 4349,72 manata münasibətdə 2139.79 manatı ona bağışlanma olub və bağışlanmadan çıxılmış, sayımda mallar düzgün sayılmadığından bölgə müdirindən sayımın təkrar keçirilməsini tələb etmişdir. Hazırda 2 ildir ki, işdən ayrılmışdır. İddiaçının ünvanladığı xəbərdarlıqda qeyd edilən tarixdə işlə bağlı iştirak edə bilməmişdir. Həmçinin iddia müddətinin tədbiqinə dair ərizə təqdim edərək tələb üzrə iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmə müddəti üzürlü səbəblər olmadan buraxıldığından iddia təmin olunmamalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2020-ci il tarixli 399 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə xx.xx.2020-ci il tarixindən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli 699 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə 22 dekabr 2021-ci il tarixindən administrator vəzifəsinə keçirilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əlavədən görünür ki, sonuncunun administrator vəzifəsinə işə qəbul olunması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə əlavələr olmuş, eyni tarixdə onunla X13 barədə müqavilə bağlanmışdır. Bağlanmış maddi məsuliyyət haqqında xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh yeni təyinat aldığı administrator vəzifəsinin icrası ilə əlaqədar işəgötürən şirkət qarşısında X13 daşıyır. Həmçinin vəzifəsinin təlimatına əsasən administrator kimi Cavabdeh qəbul edilmiş nağd pul vəsaitləri rəhbərliyin nümayəndəsinə və ya inkassatora təhvil verilənə qədər vəsaitlərin qorunmasına görə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli 76x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh ilə təftiş yoxlaması və təhviltəslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 4349.72 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 2209.93 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 28 dekabr 2023-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 2209.93 manat təşkil edir. İddiaçı MMC-nin 01 noyabr 2022-ci il tarixli, 136 nömrəli əmr ilə təyin olunmuş komissiyanın sədri maliyyə direktoru X7, komisiyanın sədr müavini mühasibatlıq departament müdiri X3, komissiyanın üzvləri Daxili Nəzarət Departament müdiri X5, satış departament müdiri X6, inventarizasiya şöbə müdiri X2 tərəfindən tərtib edilmiş 12 aprel 2023-cü il tarixli imtina aktından görünür ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən OBA-Şirvan 16 (1490) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs X1 iştirakı ilə xx.xx.2023-cü il tarixi vəziyyətinə invertarizasiya keçirilmiş, invertarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs X4 inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-4349.72 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə 3 gün müddətində borcun ödənilməsini təklif edərək, əks təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyini bildirmişdir. Məhkəmə ilkin olaraq iddiaçının hazırkı iddia tələbinə münsaibətdə hesab edir ki, iddiaçının vurulmuş olan maddi zərərəin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsin görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Tərəflərin birinin digərinə ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X13 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh müddətli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 22 dekabr 2021-ci il tarixli 699 saylı əmrlə Cavabdeh administrator vəzifəsinə keçirilmiş və onunla X13 haqqında müqavilə bağlanmışdır. Sonradan Cavabdeh İddiaçı MMC arasında bağlanmış olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xx.xx.2023-cü il tarixli 76x saylı əmrlə xitam verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı 01 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən OBA-Şirvan 16 (1490) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 01 mart 2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 4349.72 manat məbləğində zərər vurması məlum olmuşdur. Həmin zərərdən 2139.79 manat hissəsi şirkət tərəfindən güzəşt edilmiş və cavabdehin yekun olaraq qalıq borcu 2209.93 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi tərəflər (işə götürən və işçi) arasında əmək müqaviləsi bağlanmış və hazırda iddiaçının tələbi də məhz əmək münasibətləri nəticəsində vurulmuş zərərdən ibarətdir. Qanunvericiliyin tələbinə əsasən isə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur. Həmçinin işin faktiki hallarından göründüyü kimi hazırkı mülki iş üzrə cavabeh Cavabdeh məhkəmə icraatı zamanı İddiaçı MMC-nin ona qarşı olan maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi üzrə iddia müddətinin tədbiqinə dair ərizə təqdim edərək tələb üzrə iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmçinin Azırbaycan Respublikası Mülki Məcəlləsinin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi hazırkı mübahisə əmək münasibtələrindən irəli gələn mübahisədir. Əmək qanunvericiliyin tələblərindən göründüyü kimi işəgötürənin işçiyə qarşı ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşin faktiki hallarından görünən odur ki, Cavabdeh ilə İddiaçı MMC arasında əmək münasibətləri üzrə 01 mart 2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akt tərtib edilmiş və vurulmuş maddi ziyan müəyyən edilmişdir. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi işəgötürənin hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 il müddətində maddi ziyan vurulması məsələsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Yəni iddiaçının mövcud iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ xx.xx.2024-cü il tarixədək mövcud olmuşdur. Lakin işin faktiki hallarından görünən odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir və beləliklə də, qanunvericilik üzrə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Eyni zamanda məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı 4 saylı Mediasiya Təşkilatı vasitəsilə tərəfə təklif göndərilmiş, xx.xx.2024-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur (35.1). Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur (35.2). “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən Mediasiya prosesinə xitam verilir. İşin faktiki hallarından göründüyü kimi xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Yəni müddətin axımının dayandırılmasına səbəb olan hal aradan qalxmışdır və müddətin axımı davam etdirilmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia qanunvericilklə müəyyən edilmiş bir illik iddia müddəti 6 ay 24 gün (ümumilikdə 7 ay 30 gün – 1 ay 6 gün medisaiya müraciət dövrü = 6 ay 24 gün) ötürülmüşdür. İddia müddətinin tətbiqinin əsaslarını və nəticələrini tənzimləyən maddi hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh əmək münasibətlərindən irəli gələn maddi ziyanın ödənilməsi tələb etmək hüququ olsa da, iddia müddəti keçdiyinə görə həmin hüququn dövlət məcburetmə vasitələri ilə həyata keçirilməsi imkanını iddiaçı itirmişdir. Buna görə də, iddiaçının əmək münasibətlərindən irəli gələn maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdehdən 2209.90 manat və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-150/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-150/2025
01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver