Məhkəmə qərarları › İş №e-2(032)-1600/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1600/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1600/2024 26.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində Şirvan şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4499 manat 47 qəpik məbləğində əsas borcu, 978 manat 16 qəpik faiz borcu, 145 manat 58 qəpik cərimə olmaqla, cəmi 5623 manat 21 qəpik məbləğində pulun və 76 manat 64 qəpik məbləğində dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2023-cü il tarixində xx.xx.2026-cı il tarixədək illik 27,5% olmaqla istehlak məqsədləri üçün 5100 AZN nağd kredit (komissiya 209 AZN, aylıq ödəniş hər ayın 6-ı 210 AZN) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Nümayəndə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 28 dekabr 2021-ci il tarixli 01U/21 saylı Ümumi Ofertanın 5.1-ci maddəsinə əsasən Bank "Müştəri"nin ödəniş kartına (bundan sonra "Kart" adlanacaq) xidmət göstərilməsini və kartla bağlı olan cari hesab vasitəsilə hesablaşmakassa əməliyyatlarının aparılması üçün bank xidmətlərini göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. 5.1.1-ci maddəsinə əsasən bu müqavilə üzrə əldə olunmuş ödəniş kartı açar kart kimi istifadə olunur. Müştərinin seçiminə əsasən açar funksiyası ləğv oluna bilər. 5.2-ci maddəsinə əsasən Bu ofertada və Bank tərəfindən bildirilən digər bütün şərtlər “sayt”da əks olunur. 5.3-cü maddəsinə əsasən Müştəriyə təqdim olunan kartın növündən asılı olaraq, kartın cari hesabındakı gündəlik qalığına “sayt”da qeyd olunan illik faiz dərəcəsi ilə əlavə ödəniş hesablana bilər, Əlavə ödəniş hesablanarsa, ödəniş, hər təqvim ayının sonuncu iş günü Müştərinin Bankda olan cari bank hesabına köçürülür. Müştərinin kartında olan şəxsi vəsaitinə hesablanacaq faiz dərəcəsi haqqında məlumat “sayt”da əks olunur. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli ərizə anket və imza nümunəsinə dair ərizənin 2-ci və 3-cü maddəsindən görünür ki, bu ərizə-anket eləcə də hesabın açılması üçün müraciəti də əhatə etdiyini nəzərə alaraq ona təqdim edilən kartın növündən (VİSA, Mastercard) asılı olaraq VİSA kart olduğu halda AZN, USD, EUR, GBP valyutasında, Mastercard olduğu halda AZN, USD, EUR valyutasında hesab açılmasının təmin edilməsini xahiş etmişdir. Ona məlumdur ki, həmin hesablardan sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edə bilməz. Kredit xətti üzrə digər şərtləri ümümi ofertada qeyd edildiyi kimi qəbul etmişdir. Tərəfindən kredit limitinin azaldılması və artırılması ilə bağlı Banka müraciət edəcəyi halda bu barədə Bankın qəbul edəcəyi müvafiq qərarla razıdır. Bankın mülahizəsinə görə ona ayrılmış kredit xətti limitinin azaldılması və artırımasına razılıq vermişdir. Bütün bu məlumatlandırmaların ona SMS, mobil əlavə vasitəsilə və ya ofertada göstərilən digər elektron üsullarla göndərilməsinə razıdır. "Unibank” KB ASC tərəfindən tələb edildiyi kimi münasibət bildirəcəkdir. İş materiallarında olan SMS bildirişlərin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh xx.xx.2026-cı il tarixədək, illik 27.5%-lə 5100 AZN nağd kredit (komissiya 209 AZN, aylıq ödəniş 210 AZN) və Ucard kartına illik 29%-lə, 300 AZN-lik kredit xətti açılması təklif edilmiş və onun tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə "xxxx" KB ASC-yə 4499 manat 47 qəpik məbləğində əsas borcu, 978 manat 16 qəpik faiz borcu, 145 manat 58 qəpik cərimə olmaqla, cəmi 5623 manat 21 qəpik borcu vardır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh mövcud borcunu ödəməsi barədə xəbərdarlıq göndərilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, "xxxx" KB ASC tərəfindən xx.xx.2023-cü il tarixində xx.xx.2026-cı il tarixədək illik 27.5% olmaqla istehlak məqsədləri üçün 209 manat komissiya və hər ayın 6-ı 210 manat ödəniş etmək şərtilə 5100 manat məbləğində nağd kredit Cavabdeh ödəniş kartına köçürülmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 743-cu maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İddiaçının tələbi cavabdeh ilə onun arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarına əsasən müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Mülki Məcəllənin 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Qeyd etmək lazımdır ki, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “Elektron ticarət haqqında” Qanun) əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur. Belə ki, “Elektron ticarət haqqında” Qanunun 7-ci maddəsinə əsasən, elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: tərəflər, onu şəxsən imzalamaqla; mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); elektron imzadan istifadə etməklə; şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Tərəflər arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli Ümumi Oferta müqaviləsi yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 4499 manat 47 qəpik məbləğində əsas borca münasibətdə cavabdehdən 145 manat 58 qəpik dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 45 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 4499 manat 47 qəpik əsas, 978 manat 16 qəpik faiz, 45 manat cərimə borcu olmaqla cəmi 5522 manat 63 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki,məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 76 manat 64 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 4499 manat 47 qəpik əsas, 978 manat 16 qəpik faiz, 45 manat cərimə borcu olmaqla cəmi 5522 manat 63 qəpik məbləğində pul alınaraq "xxxx" KB ASC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 76 manat 64 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar