Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-161/2024 01.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçıSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçıSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1917,14 manat əsas kredit borcu, 13,38 manat faiz borcu olmaqla, cəmi 1930,52 manat borcun və iddia qaldırılması üçün ödənilmiş 39,31 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 021CASA193290010 saylı güzəştli kredit müqaviləsinə əsasən mərhum X2 60 ay müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 2026,01 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmin kimi bankla digər cavabdehlər Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, 021FİZAM77972801 saylı və Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli, 021FİZAM12496108 saylı zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dəfələrlə şifahi və rəsmi müraciət etmələrinə baxmayaraq, tərəflərindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq həmin ünvanın bağlı olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehlərin iştirakları olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2019-cu il tarixli, 021CASA193290010 saylı Güzəştli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən X3 5 il müddətinə illik 1% dərəcəsi, 1 il güzəşt müddəti olmaqla 2026,01 AZN məbləğində kredit verilmişdir. İddiaçıSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021FİZAM77972801 saylı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021FİZAM12496108 zaminlik müqavilələrinin surətindən məlum olur ki, Cavabdeh2 və Cavabdeh1 arasında borcalan X1 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşıyırlar. Kreditin ödəniş cədvəlindən görünür ki, borclu xx.xx.2019-cu il tarixli, 021CASA193290010 saylı Güzəştli kredit müqaviləsinə görə hər ay 43 manat 0.08 qəpik ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2024-cü il tarixə kimi ödəməli idi. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2023-cü il tarixə İddiaçıSC-yə 1917,14 manat əsas borc və 13,38 manat faiz borcu, cəmi 1930,52 manat borcu vardır. Pretenziyanın surətindən görünür ki, İddiaçı ASC-i cavabdehləri mövcud kredit müqaviləsi ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 xx.xx.2020-ci ildə Şirvan şəhərində vəfat etmişdir. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.3-ci maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3-ci maddəsinə əsasən kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306 maddələrinin şərh edilməsinə dair” 2018-ci il 04 iyun tarixli Qərarına əsasən bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Borclunun ölümü halında isə onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmamışdır. Həmçinin qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin (və ya onun vərəsəsi) öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə üzrə öhdəliklərini icra etməmələri nəticəsində xx.xx.2019-cu il tarixli, 021CASA193290010 saylı güzəştli kredit müqaviləsi üzrə yaranmış 1917 manat 0.14 qəpik məbləğində əsas kredit borcu, 13 manat 0.38 qəpik faiz borcu, cəmi 1930 manat 0.52 qəpik borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 39 manat 0.31 qəpik məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1917 (bir min doqquz yüz on yeddi) manat 0.14 (on dörd) qəpik əsas borcu, 13 (on üç) manat 0.38 (otuz səkkiz) qəpik faiz borcu, cəmi 1930 (bir min doqquz yüz otuz) manat 0.52 (əlli iki) qəpik manat məbləğində pul və 39 (otuz doqquz) manat 0.31 (otuz bir) qəpik dövlət rüsumu alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(032)-161/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-161/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver