Məhkəmə qərarları › İş №e-2(032)-1620/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1620/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1620/2023 30.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı “pul tələbi” barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC Cavabdeh qarşı “pul tələbi” barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 233-EMB-0783-22 saylı kredit müqaviləsinə əsasən 903 manat 88 qəpik əsas, 135 manat 58 qəpik cərimə borcunun, 30 manat 79 qəpik dövlət rüsumunun, cəmi 1070 manat 25 qəpik pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 20 ay müddətinə qaytarılmaq şərti 1016 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 233-EMB-0783-22 saylı kedit müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə əsas borcu 903 manat 88 qəpik əsas, 135 manat 58 qəpik cərimə, cəmi 1039 manat 46 qəpik təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmiş və kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan poçt göndərişinin izlənməsi barədə arayışdan görünür ki, Cavabdeh ünvanına göndərilmiş məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə ona təqdim olunmuş, lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddiaya qarşı etirazının olmamasını, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 233-EMB-0783-22 saylı Kredit Müqaviləsinə əsasən ona 20 ay müddətinə 1016 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 233-EMB-0783-22 saylı kredit müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, Cavabdeh iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə cəmi 1016 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli, N MA-0032127-23 saylı maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixli 233-EMB-0783-22 saylı Kredit müqaviləsinə əsasən 903 manat 88 qəpik əsas, 135 manat 58 qəpik cərimə, cəmi 1039 manat 46 qəpik borcu vardır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xəbərdarlıq edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,79 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Beləliklə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 233-EMB-0783-22 saylı kedit müqaviləsi bağlanmış və ona 20 ay müddətinə qaytarılmaq şərti 1016 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdehin həmin müqavilə üzrə banka 903 manat 88 qəpik əsas, 135 manat 58 qəpik cərimə olmaqla, cəmi 1039,46 manat borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 233-EMB-0783-22 saylı müqavilə üzrə hesablanmış 135 manat 58 qəpik məbləğində cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və 40 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 903 manat 88 qəpik əsas və 40 manat cərimə olmaqla, ümumilikdə 963 manat 88 qəpik borc, dövlət rüsumu kimi ödənilmiş 30.79 manat pul tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2022-ci il tarixli 233-EMB-0783-22 saylı kredit müqaviləsinə əsasən 903 manat 88 qəpik (doqquz yüz üç manat səksən səkkiz qəpik) əsas, 40 (qırx) manat cərimə olmaqla, ümumilikdə 943 manat 88 qəpik (doqquz yüz qırx üç manat səksən səkkiz qəpik) borc və dövlət rüsumu kimi ödənilmiş 30,79 (otuz manat yetmiş doqquz qəpik) manat məbləğində pul iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar