Məhkəmə qərarları › İş №e-2(032)-1651/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1651/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1651/2024 08.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “icarə haqqının və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 900 manat məbləğində icarə haqqının, avtomobilə vurulmuş 1760 manat məbləğində ziyanın, ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi üzrə iş sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan məhkəməyə aidiyyəti baxımından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı təkrar xx.xx.2024-cü il tarixdə məhkəməyə eyni məzmunlu və eyni nöqsanlı iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində qeyd olunur ki, xx.xx.2024-cüil tarixli 01 saylı avtomobil icarəsi haqqında müqavilə əsasında mülkiyyətində olan “Nissan note” markalı ** CO *** dövlət nömrə nişanlı avtomobili cavabdehə aylıq ödənişi 600 manat olmaqla 36 ay müddətinə icarəyə vermişdir. Lakin iyul və avqust ayları ərzində heç bir ödəniş olmamış, hətta telefonlara belə cavab verməmiş, məcburiyyət qarşısında qalaraq etibarnaməni ləğv etdirməli olmuşdur. Avqust ayının 14-də isə avtomobil cavabdehdən 1760 manat dəyərində qüsurla götürülmüşdür. Həmin günədək isə 900 manat ödənilməmiş icarə haqqı borcu qalmışdır. Nəticədə, cavabdeh tərəfindən icarə müqaviləsinin 2.1.2, 2.1.4, 2.1.5-ci maddələrinin tələbləri pozulmuşdur. Müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh ümumilikdə ödəməli olduğu 2660 (1760+900) manat pulu gecikdirdiyi hər gün üçün 1 faiz cərimə ödəməlidir. Həmin vəsaitlərin ödənilməsi cavabdehdən dəfələrlə tələb edilməsinə baxmayaraq nəticəsi olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmişdir (VÖEN **********, VÖEN-nin statusu fəaliyyətini müvəqqəti dayandırmış ). “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışından görünür ki, hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmişdir. (VÖEN **********) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqının və vurulmuş ziyanın ödənilməsi” iddia tələbi sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan məhkəməyə aidiyyəti baxımından Şirvan Şəhər Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 47 (qırx yeddi) manat məbləğində pul Şirvan şəhəri Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılması qərara alındığından təkrarən həmin rüsumun iddiaçıya qaytarılması mümkün deyil. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqının və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 152.1.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqının və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı məhkəmə aidiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar