Məhkəmə qərarları › İş №e-2(032)-1657/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1657/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1657/2025 25.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 8610.85 manat məbləğində əsas, 3246.33 manat faiz borcu borcu olmaqla, ümumilikdə 11857.18 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 125.58 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixində müvafiq Ərizə-Anket və İmza nümunəsi formasını imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.leobank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta” ilə barəsində məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada anaoloq imza ilə və razılaşdığını təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2024-ci il tarixində xx.xx.2026-ci il tarixədək illik 27.6 (aylıq 2.3)% olmaqla 8000 manat kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. Kredit limiti 8610,85 manat qədər artırılmışdır. (Kredit xətti № AGİD**********1). Ümumi Ofertanın 5.7.15-ci bəndinə əsasən Bank kredit xəttinin limitini birtərəfli qaydada artıra bilər. Bu zaman Borcalan razı olmadığı təqdirdə limitdən istifadə edənədək mobil əlavə vasitəsi ilə bu limiti azalda bilər. Ümumi Ofertanın 5.3-ci bəndinə əsasən kreditin məqsədli təyinatı istehlakdır. Həmin ofertanın 5.7.5-ci bəndinə əsasən Borcalanın minimal aylıq ödəniş məbləği bank tərəfindən müəyyən olunur və bu məbləğ müqavilə üzrə öhdəliyin ümumi həcmindən artıq ola bilməz. Minimal ödəniş məbləğinin həcmi barədə məlumat “sayt”da və mobil əlavədə tariflərin yerləşdirildiyi siyahıda göstərilir. İlk minimal ödəniş məbləği güzəşt müddəti ərzində xətdən istifadə olunan aydan sonrakı ayın ilk günü formalaşır və bu məbləğ həmin ayın son günündə saat 23:55-dək borcalan tərəfindən ödənilməlidir. Bu müddət ərzində borcalan tam ödəniş də edə bilər. Tam ödəniş dedikdə, kredit xəttinin istifadə olunmuş hissəsinin ümumi məbləği başa düşülür. Ümumi Ofertanın 5.7.4-cü bəndinə əsasən əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulmuş birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 180%-lə cərimə tətbiq edilir. 5.7.13-cü bəndə əsasən Borcalan minimal ödəniş məbləğinin ödənilməsini gecikdirdikdə, Bank aşağıdakı qaydada cərimə faizlərindən əlavə olaraq birinci təqvim ayı 5 manatı ikinci təqvim ayından başlayaraq dördüncü təqvim ayınadək hər ay üçün 10 manat birdəfəlik cərimə (dəbbə pulu) tətbiq edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli ərizə-anket və imza nümunəsinin surətindən görünür ki, Cavabdeh elə həmin tarixdə müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 26 oktyabr 2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olaraq onun bütün şərtləri ilə razı olmasını təsdiq etmişdir. İş materiallarında olan elektron sms mətninin məzmunundan görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh cari hesabına xx.xx.2024-cü il tarixində xx.xx.2026-cı il tarixədək illik 27.6 (aylıq 2.3) % olmaqla 8000 manat kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. İş materiallarında olan "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişə əsasən iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixli ərizə-anketi imzalamaqla təsdiq (aksept) etdiyi “Ümumi Oferta” (Leobank kredit məhsulu üzrə) müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə 8610.85 manat əsas, 1355.92 manat faiz, 982.68 manat cərimə borcu olmaqla, cəmi 10949.45 manat borcunun yarandığını, bütün borc məbləğini tam olaraq 5 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan 02 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin AGİD**********1 saylı kredit müqaviləsi üzrə 8610.85 manat məbləğində əsas borcu, 3246.33 manat məbləğində faiz borcu borcu olmaqla, cəmi 11857.18 (on bir min səkkiz yüz əlli yeddi manat on səkkiz qəpik) manat kredit borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 407-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Beləliklə, müəyyən olundu ki, Cavabdeh xx.xx.2021-ci il tarixində müvafiq Ərizə-Anket və İmza nümunəsi formasını imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.leobank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta” ilə, barəsində məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada anaoloq imza ilə və razılaşdığını təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2024-ci il tarixində xx.xx.2026-ci il tarixədək illik 27.6 (aylıq 2.3)% olmaqla 8000 manat kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. Kredit limiti 8610,85 manat qədər artırılmışdır. Bank tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq öz üzərinə düşən öhdəliyi icra etmiş, lakin borclu tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müəyyən edilmiş müddət və cədvəl üzrə ödənişlərin həyata keçirilməsi öhdəliyi pozulmuşdur. Hazırda bank borclu tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış olan borcun ödənilməsi ilə bağlı məhkəmə müraciət etmişdir. Hazırda iddiaçı Cavabdehnmdan 8610.85 manat əsas və 3246.33 manat faiz borcunun tutulmasını xahiş edir. İddiaçının iddia tələbinin Cavabdeh 8610.85 manat əsas borcun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən kredit müqaviləsi üzrə əsas borca hesablanmış 3246.33 manat faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşdən göründüyü kimi iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının xx.xx.2025-ci il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilərək, cavabdehdən AGİD**********1 saylı kredit müqaviləsi üzrə faiz borcu məhz sonuncuya ünvanlanmış olan xx.xx.2025-ci il tarixli bildiriş əsas götürülməli və cavabdehdən 1355.92 manat məbləğində faiz borcu tutulmalıdır. Həmçinin iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 125.58 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh AGİD**********1 saylı kredit müqaviləsi üzrə 8610.85 manat əsas və 1355.92 manat faiz borcu olmaqla, cəmi 9966.77 manat və dövlət rüsumuna görə ödənilmiş 125.58 manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar