Məhkəmə qərarları › İş №e-2(032)-1721/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1721/2025

06.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1721/2025 06.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Məmmədova Pərvin Şaiq qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 9439 manat 10 qəpik pulun, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu kimi ödənilmiş 65 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 1-x saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (Ə/M.müddətinin bitməsi ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin – OBA Salyan 19 mağazasında çalışdığı zaman xx.xx.2023-cü il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə 9970 manat 36 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 9439 manat 10 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında təqdim etmiş olduğu iddia müddətinin tədbiqinə dair ərizənin nəzərə alınmaqla iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmə müddəti üzürlü səbəblər olmadan buraxıldığından iddia təmin olunmamalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli 039/İQ saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə xx.xx.2023-cü il tarixindən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli 240 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2023-cü il tarixindən administrator vəzifəsinə keçirilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əlavədən görünür ki, sonuncunun administrator vəzifəsinə işə qəbul olunması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə əlavələr olmuş, eyni tarixdə onunla X1 barədə müqavilə bağlanmışdır. Bağlanmış maddi məsuliyyət haqqında xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh yeni təyinat aldığı administrator vəzifəsinin icrası ilə əlaqədar işəgötürən şirkət qarşısında X1 daşıyır. Həmçinin vəzifəsinin təlimatına əsasən administrator kimi Cavabdeh qəbul edilmiş nağd pul vəsaitləri rəhbərliyin nümayəndəsinə və ya inkassatora təhvil verilənə qədər vəsaitlərin qorunmasına görə məsuliyyət daşıyır. xx.xx.2024-cü il tarixli 1-x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İddiaçı MMC-də çalışmış Cavabdeh Zaur oğlu maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh ilə təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 9970.36 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 9439.10 (doqquz min dörd yüz otuz manat, 10 qəpik) manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 24 sentyabr 2024-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 9439.10 manat təşkil edir. İddiaçı MMC tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli DN6608 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 3 gün müddətində borcun ödənilməsini təklif edilərək, əks təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. Məhkəmə ilkin olaraq iddiaçının hazırkı iddia tələbinə münsaibətdə hesab edir ki, iddiaçının vurulmuş olan maddi zərərəin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsin görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Tərəflərin birinin digərinə ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh müddətli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli 240 saylı əmrlə Cavabdeh administrator vəzifəsinə keçirilmiş və onunla X1 haqqında müqavilə bağlanmışdır. Sonradan Cavabdeh İddiaçı MMC arasında bağlanmış olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xx.xx.2024-cü il tarixli 1-x saylı əmrlə xitam verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı 20 dekabr 2023-cü il tarixdə Salyan rayonu, Xıdırlı kəndində yerləşən OBA-Salyan 19 (1808) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 20 dekabr 2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 9970.36 manat məbləğində zərər vurması məlum olmuşdur. Həmin zərərdən 531.26 manat hissəsi şirkət tərəfindən güzəşt edilmiş və cavabdehin yekun olaraq qalıq borcu 9439.10 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi tərəflər (işə götürən və işçi) arasında əmək müqaviləsi bağlanmış və hazırda iddiaçının tələbi də məhz əmək münasibətləri nəticəsində vurulmuş zərərdən ibarətdir. Qanunvericiliyin tələbinə əsasən isə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur. Həmçinin işin faktiki hallarından göründüyü kimi hazırkı mülki iş üzrə cavabeh Cavabdeh məhkəmə icraatı zamanı İddiaçı MMC-nin ona qarşı olan maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi üzrə iddia müddətinin tədbiqinə dair ərizə təqdim edərək tələb üzrə iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Cavabdehnın iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmçinin Azırbaycan Respublikası Mülki Məcəlləsinin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi hazırkı mübahisə əmək münasibtələrindən irəli gələn mübahisədir. Əmək qanunvericiliyin tələblərindən göründüyü kimi işəgötürənin işçiyə qarşı ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşin faktiki hallarından görünən odur ki, Cavabdeh ilə İddiaçı MMC arasında əmək münasibətləri üzrə 20 dekabr 2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akt tərtib edilmiş və vurulmuş maddi ziyan müəyyən edilmişdir. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi işəgötürənin hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 il müddətində maddi ziyan vurulması məsələsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Yəni iddiaçının mövcud iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ xx.xx.2024-cü il tarixədək mövcud olmuşdur. Lakin işin faktiki hallarından görünən odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir və beləliklə də, qanunvericilik üzrə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İddia tələbinin mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu kimi ödənilmiş 65 manat məbləğin Cavabdeh tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 9439,10 manat pul, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 65 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar