Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-176/2024 02.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Cavabdeh işitrakı ilə , İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 5299,98 manat əsas, 1399,94 manat faiz, cəmi 6699,92 manat məbləğində borcun və 87,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 9309sSLY/20 saylı kredit xətti müqaviləsinə əsasən, cavabdehə 60 (altmış) ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) illik faiz dərəcəsi 36%-dək olmaq şərtilə 10000 (on min) manat məbləğinədək kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 29 noyabr 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 5299,98 manat əsas, 1399,94 manat faiz, cəmi 6699,92 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı ödədiyi pulun böyük hissəsini faiz borcuna, olduqca cüzi hissəsini isə əsas borca hesablamışdır. Əsas olmadan onun banka olan faiz borcu düzgün hesablanmayaraq həddindən artıq şişirdilmişdir. Eyni zamanda qeyd etdi ki, kredit üzrə hesablanmış faiz məbləği ilə razı deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı "xxxx" KB ASC-nin yerləşdiyi hüquqi ünvana məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə hazırlıq və baxış iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçı "xxxx" KB ASC -nin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan : "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 9309sSLY/20 saylı kredit xətti müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana illik faiz dərəcəsi 36%-dək olmaq şərtilə 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) ilkin 10000 manat kredit limiti təyin edilmişdir. Sms çıxarış portalından görünür ki, Cavabdeh Albalı plus kartına xx.xx.2021-ci il tarixdə 60 ay müddətinə, illik 29 faiz dərəcəsi, 4300 manat kredit xətti təklif olunmuşdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh 9309sSLY/20 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 5299 manat 98 qəpik əsas borc, 1399 manat 94 qəpik faiz borcu, cəmi 6699 manat 92 qəpik məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli, 9309sSLY/20 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 5299 manat 98 qəpik əsas borc, 784 manat 37 qəpik faiz borcu, cəmi 6084 manat 35 qəpik məbləğində borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6057 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 9309sSLY/20 saylı kredit xətti müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu 7107 manat 12 qəpik məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 5602 manat 57 qəpik , faiz borcu üzrə 1504 manat 55 qəpik. xx.xx.2023-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 87 manat 40 qəpik dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 9309sSLY/20 saylı kredit xətti müqaviləsi üzrə 5299 manat 98 qəpik əsas, 784 manat 37 qəpik faiz borcu olmaqla cəmi 6084 manat 35 qəpik pul və dövlət rüsumu üçün ödənilmiş 87 manat 40 qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC -yə ödənilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, müqavilə üzə krediti Cavabdeh vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, borcunu tam və vaxtında ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının hesablanmış faiz borcunun cavabdehdən tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehin banka xx.xx.2021-ci il tarixli, 9309sSLY/20 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 5299 manat 98 qəpik əsas borc, 784 manat 37 qəpik faiz borcu, cəmi 6084 manat 35 qəpik məbləğində kredit borcu mövcuddur. İddia ərizəsində isə göründüyü kimi, əsas borc və faiz borcu dəyişməmişdir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Beləliklə, iddiaçı "xxxx" ASC-nin tərəfindən müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) barədə iradə ifadəsi qarşı tərəfə xx.xx.2023-cü il tarixli bildirişlə çatdırılmış və daha sonrakı tarixə faiz hesablanmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, faiz borcunun tutulması hissəsində iddia təmin edilərək, cavabdehdən xx.xx.2021-ci il tarixli, 9309sSLY/20 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 784 manat 37 qəpik faiz borcu tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, Cavabdeh xx.xx.2021ci il tarixli, 9309sSLY/20 saylı kredit xətti müqaviləsi üzrə 5299 (beş min iki yüz doxsan doqquz) manat 98 (doxsan səkkiz) qəpik əsas, 784 (yeddi yüz səksən dörd) manat 37 (otuz yeddi) qəpik faiz borcu olmaqla cəmi 6084 (altı min səksən dörd) manat 35 (otuz beş) qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, bununla da iddia təmin olunmalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki,ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, həmçinin hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 87 (səksən yeddi ) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 5299 (beş min iki yüz doxsan doqquz) manat 98 (doxsan səkkiz) qəpik əsas, 784 (yeddi yüz səksən dörd) manat 37 (otuz yeddi) qəpik faiz borcu olmaqla cəmi 6084 (altı min səksən dörd) manat 35 (otuz beş) qəpik məbləğində pul alınaraq iddiaçı “X1” ASC-yə verilsin . Məhkəmə xərcləri cavabdehə aid edilsin . Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 87 (səksən yeddi ) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq iddiaçı “X1” ASC -yə verilsin, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-176/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-176/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver