Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-193/2025 10.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Dəmir Yollarına vurulmuş 2733,29 manat pulun və ödənilmiş 47,33 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı-Ağstafa istiqamətinin Biləcəri stansiyasında "xxxx" QSC-nə məxsus DŞİ- 002 nömrəli, 734 saylı surətli elektrik qatar hərəkətdə olan zaman “B” vaqonuna kənardan daş atılması nəticəsində qatarın sol tərəfində olan şüşə hissəsi əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində ADY-yə 2733,29 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin X1 Şöbəsində araşdırma aparılmışdır. X1 Şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində axşam saatlarına yaxın DŞİ-002 nömrəli, 734 saylı surətli elektrik qatar Bakı-Ağstafa istiqamətində, Biləcəri stansiyasında hərəkətdə olarkən sol yan şüşəsinə kənardan daş atılması nəticəsində qapının şüşə hissəsinə zərər verən şəxsin xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh olması müəyyən edilmişdir. Bubunla əlaqədar Cavabdeh bölməyə dəvət edilmiş izahatı alınmış, izahatında qatarın sol yan şüşəsinə daş atdığını etiraf etmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvandan köçməsinə dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan iddia təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh DYNPİ-nin stansiyası XPŞ-də verdiyi xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam vaxtlarında X2 stansiyasının yaxınlığında dəmir yolu xəttinin kənarında gedərkən uzaqdan küçə itlərinin hürərək üzərinə cumduğunu görmüş, həmin itləri qorxutmaq məqsədi ilə yerdən daş parçası götürüb itlərin gəldiyi istiqamətə tərəf atmışdır. Lakin onun atdığı daş parçası həmin vaxt oradan keçən surətli sərnişin qatarının şüşəsinə dəymişdir. Qatar hərəkətini dayandırmadığı üçün o, atdığı daşın qatarın şüşəsini sındırıb-sındırmadığını görə bilməmişdir. Daha sonra isə oradan çıxıb getmişdir. xx.xx.2024-cü il tarixli DŞİ-002 qatarına dəymiş ziyanın aradan qaldırılmasına dair aktın surətindən görünür ki, ümumilikdə xərclər 2733,29 manat təşkil edir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin qənaəti bundan ibarətdir ki, "xxxx" QSC-yə məxsus DŞİ-002 nömrəli, 734 saylı surətli elektrik qatarına Cavabdeh təqsirli olaraq daş atılması nəticəsində həmin daş sürətli elektrik qatarının sol tərəfində olan şüşə hissəsinə dəyərək zədələmiş və qeyd edilən zədənin aradan qaldırılması "xxxx" QSC-yə 2733,29 manat məbləğində ziyanın vurulması ilə nəticələnmişdir. Odur ki, Cavabdeh əməlində delikt institunun dispozitiv şərtləri tam olaraq təsbit olunmaqla müəyyən edilmişdir ki, onun əməlində təqsirin ehtiyatsızlıq halı, yəni əməli törədərkən iradəsində nöqsanı olmuş, həmin hüquqa zidd əməlin nəticəsində qanunla qorunan obyektə zərərin dəyməsi arasında səbəbli əlaqə olması müəyyən edilmişdir. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli və "xxxx" QSCyə dəymiş maddi zərər cavabdehdən tutularaq iddiaçıə tərəfə ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş 47,33 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 47,33 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2733,29 manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 47,33 manat alınaraq iddiaçı "xxxx" QSC-yə verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №e-2(032)-193/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-193/2025
10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver