Məhkəmə qərarları › İş №e-2(032)-1947/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1947/2025

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1947/2025 16.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 iyun 2014cü il tarixli, BAL2014326/14 saylı müqaviləyə əsasən 80 manat 12 qəpik əsas, 30 iyun 2014-cü il tarixli, DK0240326/14 saylı müqaviləyə əsasən 90 manat əsas borc, cəmi 170 manat 12 qəpik borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir . İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 ilə İddiaçı ASC arasında bağlanmış 30 iyun 2014-cü il tarixli, BAL2014326/14 saylı müqaviləyə əsasən 500 manat, 30 iyun 2014cü il tarixli, DK0240326/14 saylı müqaviləyə əsasən 100 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X1 170.12 manat banka borcu vardır. X2 10 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Şirvan şəhəri 1 saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu X1 vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı etiraf etmədi, bildirdi ki, həmin kredit müqavilələri üzrə bankın məhkəməyə müraciət üçün müddəti artıq keçmişdir. İddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını və iddia müddətinin tətbiqi barədə ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki : İddiaçı ASC ilə X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, DK0240326/14 saylı kredit sazişinə əsasən cavabdehə 12 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 100 (bir yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə X2 ilə bağladığı 30 iyun 2014-cü il tarixli , BAL2014326/14 saylı kart kredit sazişinə əsasən xx.xx.2014-cü il tarixinədək 10000 (on min) manat məbləğində kredit limiti açılmış, kredit xəttindən ilk olaraq istifadə edilə biləcək məbləğ 500 (beş yüz) manat təşkil etmişdir. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir. xx.xx.2021-ci il tarixli V-214/2021 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak Şirvan RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AD056593 nömrəli nəqliyyat şəhadətnaməsinə əsasən ban nömrəsi H76W0044561,mühərrikin nömrəsi, buraxılış ili 1999-cu il olan Mitsuhishi Pajero-İO minik markalı ** HC *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Maliyyə arayışından görünür ki, X1 30 iyun 2014-cü il tarixli , BAL2014326/14 saylı müqaviləyə əsasən 80.12 manat əsas, xx.xx.2014-cü il tarixli, DK0240326/14 saylı müqaviləyə əsasən 90 manat əsas borcu vardır. Cavabdeh xx.xx.2026-cı il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 xx.xx.2026-cı il tarixdə məhkəməyə etiraz ərizə verərək, iddia müddətinin tətbiqi ilə əlaqədar verilmiş xx.xx.2026-cı il tarixli ərizənin əsassız hesab edilməsi, yekun qərar verilərkən əsaslı sübut kimi nəzərə alınmamasını xahiş etmişdir. Etiraz ərizəsinə görə X2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014- cÜ il tarixli DK0240326/14 saylı, müqaviləyə əsasən 100 manat, eyni tarixli BAL2014326/14 saylı müqaviləyə əsasən 500 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ünvan ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya sonuncu tərəfindən verilmiş cavabdan aydın olur ki, X1 mirasını cavabdeh qəbul etmiş, miras əmlakına dair rəsmiləşəu xx.xx.2021-ci il tarixli V-214/2021 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə həmin şəxslərə verilmişdir. Lakin mərhumun vərəsəsi tərəfindən "xxxx" ASC-ə mirasın açılması və miras əmlakın qəbul edilməsi barədə hər hansı məlumat verilməmiş, cavabdehlər qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərin icrasından qəsdən yayınaraq daha sonradan iddia müddətinin tətbiqi ilə bağlı ərizə ünvanlamaqla iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan suiistifadə etməyə cəhd göstərmişdir. Kreditor cavabdehlərin vərəsə olması barədə yalnız ünvan ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya verilmiş cavab ilə məlumatlı olmuş, dərhal sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən "iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır." Şəxsin (bu halda kreditorun) öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. Öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 5.3-cü maddəsində ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürübsürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Beləliklə, vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan suiistifadəsi kimi qiymətləndirilməlidir. (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). İddia müddətinin tətbiqi ilə bağlı müraciət subyektiv hüquqdur. İddia müddəti və onun tətbiqi cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz hər bir cavabdehə münasibətdə onun özü tərəfindən verilmiş ərizə əsasında tətbiq edilir. İddia müddətinin keçməsindən istifadə etmək hər borclunun ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir iddia müddətinin tətbiqi və ya hesablanması məsələsi hər cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir. O da nəzərə alınmalıdır ki, iddianın cavabdehlərdən birinin ərizəsi əsasında digər(lər)inə qarşı da rədd edilməsi iddia müddətinin mahiyyəti və təyinatı ilə uzlaşmır. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(102)-2911/2023 saylı qərarına və bu qərarın vahid məhkəmə təcrübəsini formalaşdıran presedent xarakterli akt olmasına xüsusi diqqət çəkir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə X2 arasında bağlanmış 30 iyun 2014-cü il tarixli, BAL2014326/14 saylı, müqaviləyə əsasən 500 manat, 30 iyun 2014-cü il tarixli, DK0240326/14 saylı, müqaviləyə əsasən 100 manat məbləğlərində kredit verilmişdir. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.1 və 554.4-cü maddələrinə əsasən-müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377-ci maddəsinin digər normalarında müvafiq müqavilə öhdəliklərinin icra müddətinin şərtləri nəzərə alınmaqla, iddia müddətinin axımının başlanmasının xüsusi qaydaları öz əksini tapmışdır. Belə ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli Qərarında (bundan sonra Plenum Qərarı) qeyd edilmişdir ki, öhdəliklərin icra müddəti ilə bağlı qanunvericiliyin tələblərinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (Mülki Məcəllənin 427.1, 427.2, 427.4-cü maddələri). Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, icra müddəti müəyyənləşdirilmiş müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa, həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir. X8 əsasən Konstitusiyanın 60-cı maddəsi baxımından Mülki Məcəllənin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Mülki Məcəllənin 427-ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. Plenum Qərarında həmçinin qeyd olunmuşdur ki, digər tərəfdən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1309-cu maddəsinə görə, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat vermək vərəsələrin borcu kimi müəyyən olunmuşdur. Beləliklə, vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, müvafiq kredit müqavilələri üzrə iddiaçı ilə cavabdehin mərhum həyat yoldaşı X2 arasında 30 iyun 2014-cü il tarixli, DK0240326/14 saylı 12 ay müddətinə bağlanılmışdır, yəni sözügedən müqavilələnin bitmə müddəti müəyyən edilmişdir. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 2021-ci il tarixdə verilməsinə baxmayaraq, İddiaçı iddia tələbinə cavab verməli olan vərəslərin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş və yalnız 3 il 10 ay sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Plenum Qərarında formalaşmış mövqedən göründüyü kimi öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Yəni kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. Lakin İddiaçı ASC xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərək, müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə iddianın 30 iyun 2014-cü il tarixli, DK0240326/14 saylı müqaviləyə əsasən 90 manat məbləğində pulu tutulması hissəsində rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə həmçinin cavabdehin 30 iyun 2014-cü il tarixli, BAL2014326/14 saylı müqavilə üzrə də iddia müddətinin tətbiqi məsələsinə baxmışdır. Belə ki, iddiaçı ilə cavabdehin mərhum həyat yoldaşı X2 arasında 30 iyun 2014-cü il tarixli, BAL2014326/14 saylı müqavilə 10 il müddətinə bağlandığından, müqavilənin müddəti 30 iyun 2024-cü il tarixdə başa çatdığından və iddiaçı müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmədən ,yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən həmin müqavilə üzrə iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi tətbiq olunmamalı, bu hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ASC ilə borcalan X2 arasında bağlanmış 30 iyun 2014-cü il tarixli, BAL2014326/14 nömrəli kredit sazişinə əsasən borcluya 10 il müddətinə, 500 (beş yüz ) manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Şirvan RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AD056593 nömrəli nəqliyyat şəhadətnaməsinə əsasən ban nömrəsi H76W0044561,mühərrikin nömrəsi, buraxılış ili 1999-cu il olan Mitsuhishi Pajero-İO minik markalı ** HC *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət miras aktivi və iddiaçı ilə bağladığı müqavilə üzrə icra etmədiyi öhdəlikləri miras passivi olaraq miras qalmışdır. Cavabdeh ondan qalmış miras aktivini qəbul etmiş və bu barədə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1244-cü maddəsinə görə, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.4-ci maddəsinə əsasən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 aprel 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit sazişi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit sazişi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 30 iyun 2014-cü il tarixli, BAL2014326/14 nömrəli kredit sazişinə əsasən 80 (səksən) manat 12 (on iki) qəpik məbləğində əsas borc Cavabdeh alınıb İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30 iyun 2014-cü il tarixli, BAL2014326/14 nömrəli kredit sazişinə əsasən 80 (səksən) manat 12 (on iki) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin . Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC -yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar