Məhkəmə qərarları › İş №e-2(032)-201/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-201/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-201/2025 17.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh (X3 qanun üzrə vərəsəsi) 30 Avqust 2022-ci il tarixli, SVNPU-05294 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 431,22 manat, faiz borcuna görə 0 manat olmaqla, cəmi 431,22 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şirvan filialı ilə borclu X4 arasında bağlanmış 30 avqust 2022-ci il tarixli, SVNPU-05294 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 14% olmaqla 24 ay müddətinə 1300 manat məbləğində cavabdehə kredit verilmişdir. Tərəflər arasında bağlanmış 30 avqust 2022-ci il tarixli, SVNPU-05294 saylı kredit müqaviləsinə görə, cavabdeh öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən 30 avqust 2022ci il tarixli, SVNPU-05294 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 431,22 manat, faiz borcuna görə 0 manat olmaqla, cəmi 431,22 manat təşkil edir. Şirvan şəhər Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən, X4 xx.xx.2023-cü ildə vəfat etmişdir. Hazırda Bank Azərbaycan Respublikası MMnin 1306.1-ci madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu X3 xx.xx.2023-cü ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən 30 avqust 2022-ci il tarixli, SVNPU-05294 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. Şirvan şəhəri 1 saylı notariat ofisinin sorğuya verdiyi cavab məktubu ilə xx.xx.2024-cü il tarixli 52 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti göndərilmişdir. xx.xx.2024-cü il tarixli 52 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsəsi Cavabdehdır. Bu səbəbdən 30 avqust 2022-ci il tarixli, SVNPU-05294 saylı kredit müqaviləsiüzrə qalıq borc tam şəkildə X3 qanun üzrə vərəsəsi Cavabdeh tərəfindən ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə X4 arasında 21 iyun 2022-ci il tarixli, SVNPU-05294 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən sonuncuya illik faiz dərəcəsi 14% olmaqla 24 ay müddətinə 1300 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 qanun üzrə vərəsəsinin 25 noyabr 2024-cü il tarixə 431.22 manat ödənilməmiş əsas borcu mövcuddur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC borclu X3 qanun üzrə vərəsəsi Cavabdeh borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan X6 və X1 ünvan ünvanlanmış **********007 və **********044 nömrəli, xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, onlar xx.xx.2023-cü il tarixdə ölmüş ataları X2 irs qalmış daşınar və daşınmaz əmlaklardan mirasın onlara çatası hissəsindən anaları Cavabdeh xeyrinə imtina etmişlər. İş materiallarında olan Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X3 qanun üzrə vərəsəsidir. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüş və sonuncunun adına vərəsəlik işi açılmışdır. Vərəsəlik işi üzrə Cavabdeh X3 qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir (maddə 739.1, 739.2, 739.3) Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələblərindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarından göründüyü kimi vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarından göründüyü kimi hazırkı mülki iş üzrə vərəsə mərhumdan miras qalmış əmlaka tam pay əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Həmçinin iş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 30 avqust 2022-ci il tarixli, SVNPU-05294 saylı kredit müqaviləsi üzrə 431.22 manat əsas borc və həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar