Məhkəmə qərarları › İş №e-2(032)-2044/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-2044/2025

09.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-2044/2025 09.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 2920 manat maddi ziyan, 50,40 manat ödənilmiş dövlət rüsumunun və 500 manat hüquqi yardım üçün köçürülmüş pul, cəmi 3470 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan “SEAT İBAZ” markalı, ** FY *** dövlət qeydiyyat nömrəli, 2012-ci il istehsalı mini avtomobilini etibarnamə əsasında X1 idarə etdiyi bir vaxtda xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində iş üzrə Cavabdeh Sabirabad rayonu, Yuxarı Dəllək kənd yolunda 1 baş inəyi yolda nəzarətsiz qoymuş, nəticədə avtomobil həmin inəklə toqquşmuş və avtomobilə maddi zərər dəymişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə o, Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(056)-1846/2025 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat miqdarında cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli rəyə əsasən mülkiyyətində olan “SEAT İBAZ” markalı, ** FY *** dövlət qeydiyyat nömrəli, 2012-ci il istehsalı avtomobilə ümumilikdə 2920 manat madi ziyan dəymişdir. Hazırda həmin ziyanın Cavabdeh könüllü olaraq ödənilməsini tələb etsə də, o, müxtəlif bəhanələr gətirərək həmin ziyanı ödəməkdən boyun qaçırmışdır. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, hazırda dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. İş üzrə ekspertizanın keçirilməsini istəmir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)-1846/2025 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli rəy aktında göstərilmişdir ki, yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsində əzilmiş, qırılmış, deformasiyaya uğrayaraq yararsız vəziyyətə düşmüş hissələrin və tələb olunan materialların dəyəri 2070 manat təşkil edir. Nəqliyyat vasitəsinin əvvəlki vəziyyətə salınması, təmiri, rənglənməsi və hadisə yerindən təmir sexinə daşınması üçün tələb olunan xidmət haqqının məbləği 850 manat təşkil eidr. Yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 2920 manat təşkil edir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları birgə və qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu, Yuxarı Dəllək kəndi yolunda 1 baş iribuynuzlu heyvanın nəzarətsiz şəkildə yolun hərəkət hissəsində saxlanılması nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsi ilə toqquşma baş vermiş, avtomobilə maddi zərər dəymişdir. Bu hal Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə də təsdiq olunmuş, cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş inzibati qərarla cavabdehin hüquqa zidd hərəkətə yol verməsi artıq müəyyən olunmuş faktdır və bu hal mülki məsuliyyət məsələsinə baxılarkən sübut kimi qiymətləndirilməlidir. xx.xx.2025-ci il tarixli rəy aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş real ziyanın məbləği 2920 manat təşkil etmişdir. Cavabdeh həmin rəyin düzgünlüyünə etiraz etməmiş, iş üzrə ekspertiza keçirilməsini istəmədiyini məhkəmə iclasında açıq şəkildə bildirmişdir. Bu səbəbdən məhkəmə təqdim edilmiş rəy aktını mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnun bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən hüquqa zidd və təqsirli hərəkət nəticəsində başqa şəxsə zərər vurulması mülki hüquq pozuntusu (delikt) hesab olunur. Məcəllənin 1097.1-ci maddəsi zərərvuran şəxsin vurduğu zərərin tam həcmdə ödənilməsini imperativ qaydada tələb edir. İş üzrə toplanmış sübutlarla müəyyən olunur ki:  cavabdehin hərəkəti hüquqa zidd olmuşdur;  həmin hərəkət təqsirli formada törədilmişdir;  iddiaçıya real maddi zərər vurulmuşdur;  cavabdehin hərəkəti ilə zərər arasında birbaşa səbəbli əlaqə mövcuddur. Beləliklə, delikt məsuliyyətinin yaranması üçün tələb olunan bütün hüquqi şərtlər mövcuddur. Məhkəmə cavabdehin “maddi imkanı yoxdur” məzmunlu etirazını əsassız hesab edir. Çünki zərərin ödənilməsi vəzifəsi şəxsin maddi vəziyyətindən asılı deyildir və bu hal məsuliyyətdən azad etmə əsası kimi çıxış edə bilməz. İş materiallarına əlavə olunmuş rəyə əsasən avtomobilə ümumilikdə 2920 manat məbləğində maddi ziyan dəydiyi təsdiq olunmuşdur. İddiaçı həmçinin hüquqi yardım üçün 500 manat və dövlət rüsumu üçün 50,40 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə əmlakın zədələnməsi və zərərçəkənin çəkdiyi xərclər başa düşülür; Həmin məcəllənin 1096 və 1097-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərər təqsirli şəxs tərəfindən tam həcmdə ödənilməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:  77.1-ci maddəsinə görə hər bir tərəf iddia və etirazlarını sübut etməlidir;  217.4-cü maddəsinə görə qətnamə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanır. İddiaçı təqdim etdiyi rəylər, protokol və qəbzlərlə iddiasını sübuta yetirmiş, cavabdeh isə öz etirazlarını təsdiq edən sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tələbin təmin olunma dərəcəsindən asılı olaraq cavabdeh üzərinə qoyulur. Bura daxildir: 50,40 manat dövlət rüsumu Yuxarıda göstərilənləri, qanunvericiliyin tələblərini, iş materiallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır və tam təmin olunmalıdır. Ziyanın tərkib hissəsi kimi vəkil xərcinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə yalnız əmlakın sıradan çıxması deyil, həm də zərərçəkmişin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Deməli, zərərçəkmiş şəxs hüququ pozulduğu üçün məhkəməyə müraciət edirsə və hüququnun müdafiəsi üçün vəkil cəlb edirsə, bu xərclər məhz hüququnun pozulmasının nəticəsində yaranır. Əgər zərər törədilməsəydi, iddiaçı vəkil tutmaq məcburiyyətində qalmazdı. Bu baxımdan, vəkil xərci zərərin birbaşa nəticəsi kimi real zərər anlayışına daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə xərcləri tələbin təmin olunmasına mütənasib qaydada cavabdeh üzərinə qoyulur. Buraya dövlət rüsumu və işin baxılması ilə bağlı digər xərclər daxildir. 121.2 və 121.4-cü maddələrinə əsasən, vəkilin göstərdiyi hüquqi yardımın dəyəri də bu xərclərə daxildir və məhkəmə həmin xərclərin məqbul və zəruri olub-olmamasını qiymətləndirməlidir. Məhkəmə təcrübəsində də dəfələrlə vurğulanmışdır ki, əgər vəkil xərci sənədlə təsdiq olunubsa və mübahisəli iş üzrə hüququn müdafiəsi üçün obyektiv zərurət təşkil edirsə, bu xərclər cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə, hər kəsin məhkəmə müdafiəsi hüququ vardır. Bu müdafiənin effektivliyi üçün vəkilin iştirakı çox vaxt labüddür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə qərarlarında (xüsusilə delikt öhdəliyi və ziyanın ödənilməsi ilə bağlı) vurğulanır ki, zərərin tam həcmdə ödənilməsi prinsipi yalnız maddi əmlakın bərpasını deyil, həm də hüququn müdafiəsi üçün çəkilən zəruri xərclərin ödənilməsini əhatə edir. Hazırkı işdə İddiaçı vəkil Nümayəndə 500 manat ödəmiş, bu ödəniş rəsmi qəbzlə təsdiqlənmişdir. Belə ki, iddia hüquqi mürəkkəblik kəsb etdiyindən, vəkilin iştirakı obyektiv zəruri olmuşdur. Bu xərclər iddiaçının hüququnun bərpası üçün çəkildiyindən, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərərin tərkib hissəsi və MPM-in 121-ci maddəsinə əsasən isə məhkəmə xərcləri sayılır və cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ İddia təmin edilsin. Cavabdeh 2920 (iki min doqquz yüz iyirmi) manat dəymiş maddi ziyan, ödənilmiş 50 manat 40 qəpik dövlət rüsumu və 500 manat hüquqi yardım üçün köçürülmüş pul alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar