Məhkəmə qərarları › İş №e-2(032)-210/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-210/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-210/2024 25.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi: Cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq ərizə-anket və imza nümunəsi formasını imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səifəsində yerləşdirilmiş ARGİD********** saylı, xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixədək illik 27.6% (aylıq 2.3%) olmaqla 500 AZN nağd kredit açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhəliyi vaxtında və lazımi qaydada etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş Cavabdeh çatdırılmışdır. Lakin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Ərizə-Anket və İmza nümunəsinə əsasən Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə bütün bank hesabları və müqavilə ilə bağlı yazışmaları mobil əlavə və ya digər məsafədən istifadə olunan kanallar vasitəsilə edilməsini xahiş edir və buna razıdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə 500 manat əsas, 80.31 manat faiz, 25 manat cərimə borcu, ümumilikdə 605.31 məbləğində borcu vardır . xx.xx.2023-cü il tarixli bildirişin surətindən və göndərilməsini təsdiqləyən xəbərnamədən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh mövcud kredit müqaviləsi ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, kredit müqaviləsi ilə aldıqlarını iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni 500 manat, 80 manat 0.31 qəpik faiz, 25 manat cərimə borcu, ümumilikdə 605 manat 0.31 qəpik məbləğində pulu "xxxx" Kommersiya Bankı ASC-yə verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 30 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3cü maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat əsas, 80 (səksən) manat 0.31 (otuz) qəpik faiz, 25 (iyirmi beş) manat cərimə borcu, ümumilikdə 605 (altı yüz beş) manat 0.31 (otuz bir) qəpik məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar