Məhkəmə qərarları › İş №e-2(032)-2161/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-2161/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-2161/2025 27.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit üzrə əsas borc məbləği 400 manat, faiz borcu məbləği 16.5 manat, kredit üzrə hesablanmış cərimə məbləği 133.5, birdəfəlik komissiya borcunun məbləği 69.5 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında elektron qaydada 23 noyabr 2024-cü il tarixli, **********001 nömrəli əlavə kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, Cavabdeh illik 60% verilmiş kredit məbləğindən istifadəyə görə haqq 2.7% verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 70.00 manat olmaqla, 400 (dörd yüz) manat məbləğdə kredit verilib. Müqavilənin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliklər Borcalan tərəfindən yerinə yetirilmədikdə BOKT müqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında 23 noyabr 2024-cü il tarixli, **********001 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə 30 gün müddətinə illik 60 %, verilmiş kredit məbləğindən istifadəyə görə haqq 2.7 %, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 70 manat olmaqla, 400 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 0207/25 nömrəli “tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh "xxxx" BOKT MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları "xxxx" MMC-yə ötürülmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə 400 manat əsas, 16.5 manat faiz, 69.5 manat komissiya və 133.5 manat cərimə borcu mövcuddur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC borclu Cavabdeh borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun ödənişinin təmin edilməsi barədə xəbərdar etmişdir. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 194, 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmişdir. Cavabdeh həmin müqavilə üzrə ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Belə olan halda borc verənin tələb hüququ yaranmışdır. Həmçinin "xxxx" BOKT MMC ilə "xxxx" MMC arasında bağlanmış tələbin güzəşt hüququ barədə müqaviləyə əsasən tələb hüquqları sonuncuya ötürülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 23 noyabr 2024-cü il tarixli, **********001 saylı kredit müqaviləsi üzrə 400 manat əsas, 16 manat faiz borcu və 69.50 manat birdəfəlik komissiya borcunun cavabdehdən tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 23 noyabr 2024-cü il tarixli, **********001 saylı kredit müqaviləsinə əsasən 400 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 133,50 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 23 noyabr 2024-cü il tarixli, **********001 saylı kredit müqaviləsinə əsasən 13 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-29, 227, 233, 284-5.3, 152-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 400 manat əsas, 16.5 manat faiz, 69.5 manat komissiya, 13 manat cərimə borcu olmaqla, ümumilikdə 499 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar