Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-22/2025 02.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə icraat qaydasında yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3931 manat 58 qəpik əsas borc, 91 manat 55 qəpik faiz borcu, cəmi 4023 manat 13 qəpik məbləğində borcun, ödənilmiş 60 manat 24 qəpik dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şirvan” filialı ilə Əzizzadə Cəlal Əmənulla oğlu arasında bağlanmış 12 iyun 2019-cu tarixli BPM**********12 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 6600 manat məbləğdə kredit verilmişdir. X1 Əmənulla oğlu 17 aprel 2022-ci il tarixdə vəfat etmişdir. Şirvan şəhəri 1 saylı notariat ofisinin 01 dekabr 2023-cü il tarixli, 1558 nömrəli məktubu və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə müəyyən edilmişdir ki, mərhum Əzizzadə Cəlal Əmənulla oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhumdan qalan miras əmlakı qəbul etmişlər. Bankın “Şirvan” filialı tərəfindən təqdim edilmiş 13 mart 2024-cü il tarixli maliyyə arayışa əsasən Əzizzadə Cəlal Əmənulla oğlunun vəfat etdiyi tarixə banka ödənilməmiş 3931.58 manat əsas, 91.55 manat faiz olmaqla, cəmi 4023.13 manat kredit borcu qalmışdır. Cavabdehlər mərhum Əzizzadə Cəlal Əmənulla oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən və iş üzrə əlavə araşdırmanın zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 (digər cavabdehlər yetkinlik yaşına çatmamışdır) məhkəmə iclasında gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə verərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" ASC və Əzizzadə Cəlal Əmənulla oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********12 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana 60 ay müddətinə illik 24 % olmaqla 6600 manat məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderinə əsasən müəyyən olunur ki, cavabdeh Əzizzadə Cəlal Əmənulla oğlu kredit müqaviləsində razılaşdırılmış 6534 manat məbləğində pulu almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Əzizzadə Cəlal Əmənulla oğlunun xx.xx.2019-cu il tarixli BPM**********12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 3931 manat 58 qəpik məbləğində əsas borcu, 91 manat 55 qəpik məbləğində faiz borcu, ümumilikdə 4023 manat 13 qəpik məbləğində borcu vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əzizzadə Cəlal Əmənulla oğlu xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatmamazlığı səbəbindən Sabirabad rayonu Xəlfəli kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 330 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şirvan şəhəri 1 saylı Notariat Ofisinin "xxxx" ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli 1558 saylı məktubunun surətindən görünür ki, mərhum Əzizzadə Cəlal Əmənulla oğlunun adına Şirvan şəhəri 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Şirvan şəhəri 1 saylı notariat kontorunun notariusu şəhadətnamədə miras əmlakın - ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 101,2 kv/m olan bağ evindən ibarət olmasını, xx.xx.2022-ci ildə vəfat etmiş Əzizzadə Cəlal Əmənulla oğlunun vərəsələri xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.2021-ci il təvəllüdlü Cavabdeh3 və onların hər biri miras əmlakdan 1/3 irs almaları qeyd etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Şirvan şəhəri 1 saylı notariat kontorunun notariusu şəhadətnamədə miras əmlakın – Şirvan RQİTBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AE068255 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2010241A568904, mühərrikin nömrəsi **********771 və buraxılışı ili 1990-cı il olan Mrecedes Benz 190 minik markalı ** VC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitlərindən ibarət olmasını, xx.xx.2022-ci ildə vəfat etmiş Əzizzadə Cəlal Əmənulla oğlunun vərəsələri xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.2021-ci il təvəllüdlü Cavabdeh3 və onların hər biri miras əmlakdan 1/3 irs almaları qeyd etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli miras passivinin qaytarılmasına dair xəbərdarlığın surətindən görünür ki, "xxxx" ASC ilə Əzizzadə Cəlal Əmənulla oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********12 saylı kredit müqaviləsinə əsasən banka ödənilməmiş 4023 manat 14 qəpik əsas və həmin məbləğlərə hesablanmış faiz və cərimə borcunun olması barədə mərhum Əzizzadə Cəlal Əmənulla oğlunun vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9418 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Əzizzadə Cəlal Əmənulla oğlunun banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları və 12 iyun 2019-cu il tarixli BPM**********12 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Əzizzadə Cəlal Əmənulla oğlunun xx.xx.2022-ci il tarixə (sualda göstərilən göstərilən tarix) banka olan faiz borcu 78.82 manat məbləğində və xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas borcu 3.941,13 manat məbləğində müəyyən edilir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, "xxxx" ASC ilə borcalan Əzizzadə Cəlal Əmənulla oğlu arasında bağlanmış 12 iyun 2019-cu il tarixli BPM**********12 saylı kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 24% dərəcəsi ilə 6600 (altı min altı yüz) manat məbləğində kredit verilmişdir. Əzizzadə Cəlal Əmənulla oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, borclunun ölümü halında, ilk növbədə mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır Onun ölümündən sonra ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 101,2 kv/m olan bağ evi, Şirvan RQİTBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AE068255 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2010241A568904, mühərrikin nömrəsi **********771 və buraxılışı ili 1990-cı il olan Mrecedes Benz 190 minik markalı ** VC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras aktivi və iddiaçı ilə bağladığı müqavilələr üzrə icra etmədiyi öhdəlikləri miras passivi olaraq miras qalmışdır. Həmin mirası Cavabdeh1 həm özünə aid hissədə, həm də mərhumun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.2021-ci il təvəllüdlü Cavabdeh3 əvəzinə qəbul etmişdir. Odur ki, məhkəmə iddia tələbini Cavabdeh1 aid hissədə qismən təmin etməyi, digər cavabdehlərə aid hissədə isə yetkinlik yaşına çatmadıqlarından rədd etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.3-cü maddəsində qeyd olunur ki, 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1244-cü maddəsinə görə, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 aprel 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit sazişi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit sazişi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, borc alan kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən əsas borc məbləği iddia ərizəsində göstərildiyi kimi, yəni 3931 manat 58 qəpik, faiz borcu isə borclunun öldüyü tarix və Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9418 saylı rəyi nəzərə alınmaqla 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 60 (altmış) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatdır. Bu hissədə toplanmış sənədlərdən müəyyən olunur ki, məhkəmə xərcləri 260 (iki yüz altmış) manat 64 (altmış dörd) qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, miras qoyan Əzizzadə Cəlal Əmənulla oğlunun kreditoru olan iddiaçının mənafelərini alınmış aktivdə özünün payına mütənasib surətdə borclu kimi tam ödəməyə borclu olduğundan, miras qoyanın xx.xx.2022-ci il tarixə "xxxx" ASC-yə 12 iyun 2019-cu tarixli BPM**********12 nömrəli kredit müqaviləsinə əsasən 3931 (üç min doqquz otuz bir) manat 58 (əlli səkkiz) qəpik əsas, 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik faiz, cəmi 4010 (dörd min on) manat 40 (qırx) qəpik məbləğində borcu onun vərəsəsi Cavabdeh1 alınıb iddiaçı "xxxx" ASC-yə verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Cavabdeh1 dövlət rüsumu üçün ödənilmiş 60 (altmış) manat 64 (altı dörd) qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti isə alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh1 3931 (üç min doqquz otuz bir) manat 58 (əlli səkkiz) qəpik əsas, 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik faiz, cəmi 4010 (dörd min on) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq "xxxx" ASC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh1 dövlət rüsumu üçün ödənilmiş 60 (altmış) manat 64 (altı dörd) qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə, 200 (iki yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE**********00********) hesabına köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-22/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-22/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver