Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-245/2024 14.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə İddiaçı QSC-nin Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq , müəyyən etdi: "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh qarşı 5486 manat 86 qəpik əsas borc olmaqla, cəmi 5486 manat 86 qəpik məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-cü il tarixli S-FK-SİR-107 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2014-cü il tarixli 2747 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Cavabdeh 36 ay müddətinə illik 10 %-lə 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC-i BOKT-ı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 5486 manat 86 qəpik əsas borc olmaqla, cəmi 5486 manat 86 qəpik məbləğində pulun və 74 manat 86 qəpik məbləğində dövlət rüsumunun alınmasını tələb etmişdir. İddiaçı QSC-i BOKT-ı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcu vaxtında qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı QSC-nin Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, iddia müddəti ötürüldüyünü bildirirərək ərizə təqdim etmiş və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, cavabdehin ərizəsini və təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İş materiallarında olan : 20 avqust 2014-cü il tarixli 2747 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc verən "xxxx" ASC-nin Şirvan filialı ilə borcalan Cavabdeh arasında illik 10 % olmaqla, 36 ay müddətinə 10000 manat məbləğində kreditin verilməsinə dair müqavilə bağlanmışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 avqust 2014-cü il tarixli 2747 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2017-ci il tarixdə 322 manat 67 qəpik ödəniş etmişdir. xx.xx.2023-cü il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, borclu Cavabdeh 20 avqust 2014-cü il tarixli 2747 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 5486 manat 86 qəpik əsas borc, cəmi 5486 manat 86 qəpik borcu vardır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı QSC-i Bank olmayan Kredit Təşkilatı cavabdeh Abdullayev Cavid Rəhman oğlundan kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməyi tələb etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli ,2(032)-91/2020 saylı qərardadın surətindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdeh iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ona qarşı pul tələbinə dair Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı ilə onun arasında kredit müqaviləsi 20 avqust 2014-cü il tarixdə, 36 ay (3 il) maddətinə bağlanılmışdır. Həmin kredit müqaviləsinin bitməsindən isə artıq 6 (altı) il keçmişdir. İddiaçı kredit müddətinin vaxtının bitməsindən 6 il keçməsinə baxmayaraq 2023-cü ilin dekabr ayında ona qarşı pul tələbi barədə iddia qaldırmışdır. Qanunvericiliyə əsasən iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, məlum olduğu kimi hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu olduğu andan başlanır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddianın təmin edilməməsi üçün əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi, kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir. Lakin iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, "xxxx" ASC-nin Şirvan filialı Cavabdeh 20 avqust 2014-cü il tarixli, 2747 saylı kredit müqaviləsinə əsasən 10000 manat məbləğində krediti 36 ay müddətinə vermiş, kreditin müddəti 20 avqust 2017-ci il tarixdə başa çatmış, xx.xx.2019-cu il tarixdə iddiaçı Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmiş, lakin Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-91/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılsa da, həmin qərardaddan şikayət verilməmiş və ya iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edilməmiş (yəni hərəkətsizlik göstərilmiş) , yalnız iddia müddətinin bitdiyi 20 avqust 2020-ci il tarixdən 3 il keçdikdən sonra, 21 dekabr 2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı QSC-i Bank olmayan Kredit Təşkilatının hüququn müdafiəsi üçün 21 dekabr 2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla iddia müddəti keçdiyindən iddia müddətinin tətbiqinə qanuni əsaslar yaranmışdır. Məhkəmə borc münasibətlərinin 20 avqust 2014-cü il tarixdə yaranmasını, iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizə verməsini nəzərə alıb, hesab edir ki, 3 illik iddia müddəti tətbiq olunmaqla 20 avqust 2014-cü il tarixli, 2747 saylı kredit müqaviləsi üzrə 5486 manat 86 qəpik əsas borc olmaqla , cəmi 5486 manat 86 qəpik məbləğində pulun alınması tələbinə dair iddia təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərə görə məhkəmə xərcləri ödənilmiş 74 manat 86 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı QSC-nin Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı 20 avqust 2014-cü il tarixli, 2747 saylı kredit müqaviləsi üzrə 5486 manat 86 qəpik əsas borc olmaqla, ümumilikdə 5486 manat 86 qəpik məbləğində pulun alınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-245/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-245/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver