Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-266/2024 24.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə , İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" Kommersiya Bankı ASCnin xeyrinə 8092 manat 50 qəpik məbləğində əsas borc, 2239 manat 39 qəpik məbləğində faiz borcu, 338 manat 77 qəpik məbləğində cərimə borcu, cəmi 10670 manat 66 qəpik məbləğində borcun və ödənilmiş 122 manat 42 qəpik məbləğində dövlət rüsumunun tutulmasını tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixədək illik 25% olmaqla istehlak məqsədləri üçün 8200 AZN nağd kredit (komissiya 0 manat, aylıq ödəniş hər ayın 17- si 327 manat) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit № 3413nkSLYb/22). Kredit məbləğinin hesaba köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası hesabdan çıxarışda əks olunmuşdur. Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən Müştəri“ kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" KB ASCnin nümayəndəsi məhkəməyə gəlməmiş, "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş : 28 dekabr 2021-ci il tarixli 01U/21 saylı Ümumi Ofertanın 5.1-ci maddəsinə əsasən Bank "Müştəri"nin ödəniş kartına (bundan sonra "Kart" adlanacaq) xidmət göstərilməsini və kartla bağlı olan cari hesab vasitəsilə hesablaşmakassa əməliyyatlarının aparılması üçün bank xidmətlərini göstərilməsini, müştəri isə Bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. 5.1.1-ci maddəsinə əsasən bu müqavilə üzrə əldə olunmuş ödəniş kartı açar kart kimi istifadə olunur. Müştərinin seçiminə əsasən açar funksiyası ləğv oluna bilər, 5.2-ci maddəsinə əsasən bu ofertada və bank tərəfindən bildirilən digər bütün şərtlər “sayt”da əks olnur. 5.3-cü maddəsinə əsasən müştəriyə təqdim olunan kartın növündən asılı olaraq, kartın cari hesabındakı gündəlik qalığına “sayı”da qeyd olunan illik faiz dərəcəsi ilə əlavə ödəniş hesablara bilər. Əlavə ödəniş hesablanarsa, ödəniş, hər təqvim ayının sonuncu iş günü müştərinin bankda olan cari bank hesabına köçürülür. Müştərinin kartında olan şəxsi vəsaitinə hesablanacaq faiz dərəcəsi haqqında məlumat “sayt”da əks olunir. 20.9-cu maddəsinə əsasən “Müştəri” kreditin və /və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) faiz miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli 01U/21 saylı ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtləri ilə razıdır. Sms çıxarış portalından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 3413nkSLYb/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək, illik 24 faiz dərəcəsi, 89 manat komissiya ilə 8400 manat məbləğində, aylıq ödəniş 330 manat olmaqla kredit təklif olunmuş, xx.xx.2022-ci il tarixdə vəsait karta köçürülmüşdür. Sms çıxarış portalından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 3413nkSLYb/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək, illik 25 faiz dərəcəsi, 0 manat komissiya ilə 8200 manat məbləğində, aylıq ödəniş 327 manat olmaqla kredit təklif olunmuş, xx.xx.2022-ci il tarixdə vəsait karta köçürülmüşdür. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin "xxxx" ASC-yə 8092 manat 50 qəpik əsas, 2239 manat 39 qəpik faiz, 338 manat 77 qəpik cərimə, cəmi 10670 manat 66 qəpik borcu vardır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 122 manat 42 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki,
1. Tərəflər arasında imzalanmış müqaviləyə (Cavabdeh Əfdər oğlu xx.xx.2022-ci il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı , xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş və bununla da tərəflər arasında müqavilə münasibətləri yaranmışdır, bundan sonra ayrılan kredit və kredit xətlərinə də həmin müqavilənin şərtləri tətbiq olunur) əsasən 3413nkSLYb/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə cavabdehə illik 2576 və aylıq ödəniş 327 manat olmaqla 8200 manat kredit ayrılmış və həmin məbləğdən 7919.36 manat cavabdehin "xxxx" KB ASC-yə olan əvvəlki (xx.xx.2022-ci il tarixdə ayrılmış 8400 manat məbləğində kredit üzrə qalıq) borcunun ödənilməsinə yönəldilmiş, 280.64 manat isə cavabdehə verilmiş karta köçürülmüşdür.
2. Kredit müqaviləsi üzrə hesabdan xx.xx.2022-xx.xx.2024 dövrü əhatə edən çıxarışdan da göründüyü kimi 3413nkSLYb/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixdə cavabdehə 8400 manat kredit ayrılmış və həmin məbləğdən 6136.96 manat cavabdehin "xxxx" KB ASC-yə olan əvvəlki (xx.xx.2022-ci il tarixli ayrılmış 6400 manat məbləğində kredit üzrə qalıq) borcunun ödənilməsinə yönəldilmiş ,89 manat komissiya xərci tutulmuş, 2174.04 manat isə cavabdehin ödəniş kartına köçürülmüşdür. 3413nkSLYb/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə cavabdehə ayrılmış 6400 manat kredit məbləğindən 3812 manat 31 qəpik və 1008 manat 72 qəpik cavabdehin "xxxx" KB ASC-yə olan əvvəlki (01U/21 saylı xx.xx.2021-ci il tarixli “ Bank xidmətlərinə dair Ümumi oferta” nın təsdiq edilməsindən qabaqkı) kredit müqaviləsi üzrə borclarının ödənilməsinə yönəldilmiş , 69 manat komissiya xərci tutulmuş, 1509 manat 97 manat isə cavabdehin ödəniş kartına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İddiaçının tələbi cavabdeh ilə onun arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarına əsasən müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Mülki Məcəllənin 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Qeyd etmək lazımdır ki, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “Elektron ticarət haqqında” Qanun) əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur. Belə ki, “Elektron ticarət haqqında” Qanunun 7-ci maddəsinə əsasən, elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; -mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Tərəflər arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı Ümumi Oferta müqaviləsi yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, Cavabdeh Əhdər oğlundan 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı Ümumi Oferta müqaviləsi üzrə 8092 manat 50 qəpik əsas, 2239 manat 39 qəpik faiz, 338 manat 77 qəpik cərimə borcu olmaqla cəmi 10670 manat 66 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli, beləliklə də iddia bu hissədə təmin olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsi nəticəsində gecikdirməyə görə hesablanmış 338 manat 77 qəpik məbləğində cərimə azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı Ümumi Oferta müqaviləsi üzrə hesablanmış 338 manat 77 qəpik cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, cərimənin məbləğinin azaldılmaqla 200 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh Əhdər oğlundan 8092 manat 50 qəpik əsas, 2239 manat 39 qəpik faiz, 200 manat cərimə, cəmi 10531 manat 89 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun və xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, yaranmış əsas, faiz və cərimə borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Bu hissədə toplanmış sənədlərdən müəyyən olunur ki, məhkəmə xərcləri 122 manat 02 qəpik məbləğində ödənilmiş dövlət rüsumundan və xidmət haqqı kimi 0,40 manat məbləğində ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 122 manat 02 qəpik və xidmət haqqı kimi 0,40 manat məbləğində, cəmi 122 manat 42 qəpik məbləğində pul Cavabdeh Əhdər oğlundan alınaraq iddiaçı "xxxx" KB ASC-nə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Əhdər oğlundan 8092 manat 50 qəpik əsas, 2239 manat 39 qəpik faiz, 200 manat cərimə borcu olmaqla cəmi 10531 manat 89 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh Əhdər oğlundan 122 manat 02 qəpik və xidmət haqqı kimi 0,40 manat məbləğində, cəmi 122 manat 42 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" KB ASCyə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli