Məhkəmə qərarları › İş №e-2(032)-267/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-267/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-267/2024 08.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı QSC «Bank Standart» Kommersiya Bankının (ləğv prosesindədir) Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC «Bank Standart» Kommersiya Bankı (ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı «X3 Bankı» QSC ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2015-ci il tarixli 1xx/xx/94800/15 saylı kredit müqaviləsi üzrə 3689.50 (üç min altı yüz səksən doqquz manat, 50 qəpik) manat əsas borc, 3709.34 (üç min yeddi yüz doqquz manat, 34 qəpik) manat faiz borcu, 1744.97 (bir min yeddi yüz qırx dörd manat, 97 qəpik) manat cərimə borcu, 791.01 (yedi yüz doxsan bir manat, 01 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 9934.82 (doqquz min doqquz yüz otuz dörd manat, 82 qəpik) manat məbləğində pulun və ödənilmiş 119.35 (yüz on doqquz manat, 35 qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan «X3 Bankı» (ləğv prosesindədir) QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC «Bank Standart» Kommersiya Bankı ilə Cavabdeh arasında 10 fevral 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/94800/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə banka 3689,50 (üç min altı yüz səksən doqquz manat, 50 qəpik) manat məbləğində əsas borc, 3709,34 (üç min yeddi yüz doqquz manat, 34 qəpik) manat məbləğində faiz borcu, 1744,97 (bir min yeddi yüz qırx dörd manat, 97 qəpik) manat məbləğində cərimə borcu, 791,01 (yeddi yüz doxsan bir manat, 01 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 9934,82 (doqquz min doqquz yüz otuz dörd manat, 82 qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. QSC «Bank Standart» Kommersiya Bankı tərəfindən məhkəməyə elektron ərizə ünvalanaraq işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarının surətindən görünür ki, Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 1xx/xx/94800/15 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, QSC «Bank Standart» Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən illik 26 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 720/21 nömrəli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Nazim oğluna aid olan zərf "xxxx" MMC-nin kuryeri tərəfindən götürülüb, 234154 nömrəli qaimə ilə həmin ünvana aparılmışdır. Lakin həmin ünvanda qeyd edilən şəxs yaşamadığı üçün məktubu çatdırmaq mümkün olmadığı üçün geri qaytarılmışdır. İş materiallarında olan QSC «Bank Standart» Kommersiya Bankının Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziyada sonuncunun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3525.68 manat əsas, 1744.97 manat faiz, 1744.97 manat cərimə, 516.63 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 9476.78 manat borcunun olduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «X3 Bankı» QSC-yə xx.xx.2023-cü il tarixə 3689.50 (üç min altı yüz səksən doqquz manat, 50 qəpik) manat əsas borc, 3709.34 (üç min yeddi yüz doqquz manat, 34 qəpik) manat faiz borcu, 1744.97 (bir min yeddi yüz qırx dörd manat, 97 qəpik) manat cərimə borcu, 791.01 (yedi yüz doxsan bir manat, 01 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 9934.82 (doqquz min doqquz yüz otuz dörd manat, 82 qəpik) manat məbləğində borcu vardır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-267/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10 may 2024-cü il tarixli, 9/2258 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarından göründüyü kimi, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış 10 fevral 2015-ci il tarixli, 1xx/xx/94800/15 saylı kredit razılaşmasının şərtlərinə müvafiq olaraq Cavabdeh qeyd edilən tarixlərə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 3667.37 manat, faiz borcu üzrə 2381.14 manat, xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi xx.xx.2021-ci il tarixə (müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borc üzrə 3667.37 manat, faiz borcu üzrə 2381.14 manat, 5% ilə hesablanmış faiz borcu üzrə 510.89 manat, xx.xx.2023-cü il tarixə (maliyyə arayışının tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borc üzrə 3667.37 manat, faiz borcu üzrə 2381.14 manat, 5% ilə hesablanmış faiz borcu üzrə 779.83 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/94800/15 nömrəli kredit (borc) razılaşmasına əsasən borc alan qismində öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, yəni kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişi və faiz borcu da daxil olmaqla göstərilən ödənilməli olan aylıq məbləği kreditor QSC «Bank Standart» Kommersiya Bankına ödəmədiyi üçün müqavilə və digər razılaşmaların şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, cavabdehdən bankın xeyrinə tutulacaq borc məbləği bank tərəfindən təqdim edilmiş maliyyə arayışı üzrə deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2024-cü il tarixli, 9/2258 saylı nömrəli ekspert rəyi əsas götürülməklə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2024-cü il tarixli, 9/2258 saylı nömrəli ekspert rəyi əsas götürülməklə cavabdehdən bankın xeyrinə pul tutularkən bank tərəfindən borclu Cavabdeh ünvanlanmış olan pretenziyanın tarixinə uyğun, yəni xx.xx.2021-ci il tarixə əsasən aparılmış hesabat əsas götürülməli, yəni əsas borcu üzrə 3667.37 manat, faiz borcu üzrə 2381.14 manat müəyyən edilməlidir. Bundan başqa iddiaçının iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 791.01 manat faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarınada qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi–maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM–in 425-ci maddəsi). Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, kreditor hazırkı mülki iş üzrə iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki,xx.xx.2015-ci il tarixli, 1xx/xx/94800/15 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2024-cü il tarixli, 9/2258 saylı nömrəli ekspert rəyi ilə müəyyən edilmiş sonuncuya ünvanlanmış olan xx.xx.2021-ci il tarixli bildirişin tarixi əsas götürülməli və cavabdehdən 510.89 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2015-ci il tarixli, 1xx/xx/94800/15 nömrəli kredit müqaviləsi üzrə 3667.37 manat əsas borca münasibətdə cavabdehdən 1744.97 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan dəbbənin (cərimə) məbləği xx.xx.2015-ci il tarixli, 1xx/xx/94800/15 nömrəli kredit müqaviləsi üzrə 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 119.35 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri təmin olunan tələbə mütənasib cavabdehə və iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3667.37 manat əsas, 2381.14 manat faiz borcu, 50 manat cərimə borcu, 510.89 manat gecikdirilmiş vaxt üçün faiz məbləği olmaqla ümumilikdə 6609.40 manat məbləğində pul tutularaq iddiaçı QSC «Bank Standart» Kommersiya Bankına (ləğv prosesindədir) ödənilsin. Ödənilmiş dövlət rüsumunun 33.26 manatı iddiaçıya aid edilsin. Ödənilmiş 86.09 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı QSC «Bank Standart» Kommersiya Bankına (ləğv prosesindədir) ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 70 manatı Cavabdeh, 30 manat isə iddiaçı QSC «Bank Standart» Kommersiya Bankından (ləğv prosesindədir) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar