Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-306/2025 11.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR2833283B299 saylı kredit müqaviləsinə əsasən 3573,76 manat əsas, 333,89 manat faiz, cəmi 3907,65 manat məbləğində borcun, xx.xx.2022-ci il tarixli, BRCB6700595A141 saylı kredit kartına dair müqaviləyə əsasən 467,31 manat əsas, 62,05 manat faiz, cəmi 529,36 manat borcun və ödənilmiş 64,37 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR2833283B299 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə, illik 15,5% dərəcəsi ilə 4170 manat olan kredit verilmişdir. Daha dəqiq kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BRCB6700595A141 saylı kredit xətti müqaviləsinə əsasən ona 500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, GTKR2833283B299 saylı kredit müqaviləsinə əsasən 3573,76 manat əsas, 333,89 manat faiz, cəmi 3907,65 manat məbləğində borcun, xx.xx.2022-ci il tarixli, BRCB6700595A141 saylı kredit kartına dair müqaviləyə əsasən 467,31 manat əsas, 62,05 manat faiz, cəmi 529,36 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiada qeyd olunan məbləğdə kredit götürdüyünü etiraf etmiş, lakin işsiz olduğundan ödənişləri edə bilməmişdir. Lakin, məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddia tələbində qeyd edilən borcu qəbul etmədiyini, faizlərin şişirdildiyini, iş üzrə müvafiq ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, GTKR2833283B299 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında cavabdehə 48 ay müddətinə, illik 15,5 faiz ödəmək şərtilə 4170 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, BRCB6700595A141 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 15/020440 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR2833283B299 saylı kredit müqaviləsinə əsasən 3573,76 manat əsas, 333,89 manat faiz, cəmi 3907,65 manat məbləğində borcun, xx.xx.2022-ci il tarixli, BRCB6700595A141 saylı kredit kartına dair müqaviləyə əsasən 467,31 manat əsas, 62,05 manat faiz, cəmi 529,36 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC borclu Cavabdeh borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. İddiaçının dəlillərini yoxlamaq məqsədi ilə Şirvan Şəhər Məhkəməsinin 17 mart 2025ci il tarixli, 2(032)-306/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2252 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR2833283B299 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 3780.51 manat əsas borc və 476.92 manat faiz borcu, xx.xx.2024-cü il tarixə 3780.51 manat əsas borc, 519.24 manat faiz borcu; xx.xx.2022-ci il tarixli BRCB6700595A141 saylı kredit kart müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 469.49 manat əsas borc və 7.51 manat faiz borcu, xx.xx.2024-cü il tarixə 469.49 manat əsas borc, 9.55 manat isə faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görəcavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh kredit və kredit kartına dair müqavilələrinə əsasən borc alan qismində öhdələrinə götürdükləri vəzifələri yerinə yetirməmiş, yəni kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişi və faiz borcu da daxil olmaqla göstərilən ödənilməli olan aylıq məbləği kreditor İddiaçı ASC-yə ödəmədiyi üçün müqavilə şərtlərini pozmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. İddiaçı ASC-nin iddia tələbində göstərilən məbləğlər ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2252 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi arasında fərq müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə görə, məhkəmə hər hansı sübutun etibarlılığı və əhəmiyyətini öz daxili inamına əsasən qiymətləndirir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən, ekspert rəyi da digər sübutlar kimi məhkəmə üçün məcburi olmayıb, yalnız onun qiymətləndirməsi üçün nəzərə alınır. Bununla belə, məhkəmə praktikasında (o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-61/2021 saylı qərarında) qeyd olunur ki, pul məbləğlərinin dəqiq hesablanması ilə bağlı məsələlərdə müvafiq sahə üzrə təyin edilmiş ekspert rəyinə üstünlük verilməlidir, əgər həmin rəy qanuni, əsaslı və iş materiallarındakı digər sübutlarla ziddiyyət təşkil etmirsə. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə iddianın predmeti və həcmi ilə məhdudlaşdırılaraq qərar qəbul edir və iddiaçının tələbindən artıq məbləğdə qərar çıxara bilməz. -“Məhkəmə iddia tələbindən kənara çıxaraq, tələb edilməyən məbləği kreditorun xeyrinə müəyyən edə bilməz”. Beləliklə, məhkəmə aşağıdakı yanaşmanı əsas götürür: Əgər iddia tələbində göstərilən əsas borc və ya faiz məbləği ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən çoxdursa – bu halda, iddia tələbi ilə müəyyən edilmiş məbləğ ekspertin rəyinə uyğun olaraq azaldılmalı və məhkəmə qərarı ekspert rəyi əsasında qəbul edilməlidir. Bu, sübutların obyektivliyinin təmin edilməsi və əsassız ödənişin qarşısının alınması məqsədini daşıyır. Əgər ekspert rəyi ilə müəyyən edilmiş əsas borc və ya faiz məbləği iddia tələbində göstərilən məbləğdən çoxdursa – bu halda, məhkəmə iddiaçının tələbindən artıq məbləğ təyin edə bilməyəcəyi üçün yalnız iddia tələbində göstərilən məbləği əsas götürməlidir. Bu yanaşma həm mülki prosessual iqtisadiyyat prinsipinə, həm də ədalətli məhkəmə araşdırması (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, AİHK-nın 6-cı maddəsi) tələblərinə tam uyğundur. Məhkəmə, toplanmış sübutlar, xüsusilə də ekspert rəyi və iddia tələbi arasında aparılmış müqayisə nəticəsində müəyyən etmişdir ki, iddianın təmin edilməli olan məbləği yuxarıda göstərilən meyarlara uyğun olaraq hesablanmalıdır. Nəticədə, borcun məbləği müəyyən edilərkən iddia tələbi ilə ekspert rəyi arasındakı fərqlər üzrə yalnız aşağı olan məbləğ əsas götürülmüşdür. Bu, həm tələb hüdudlarının qorunması, həm də iqtisadi əsaslandırmanın təmin edilməsi məqsədilə zəruridir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2252 saylı rəyi ilə qismən razılaşaraq Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR2833283B299 saylı kredit müqaviləsinə əsasən 3573,76 manat əsas, 333,89 manat faiz, cəmi 3907,65 manat, xx.xx.2022-ci il tarixli, BRCB6700595A141 saylı kredit müqaviləsinə əsasən 467,31 manat əsas, 7,51 manat faiz, cəmi 474,82 manat borcu tutularaq İddiaçı ASC-yə verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri hissəsinə gəldikdə isə ödənilmiş 64,37 manat dövlət rüsumundan və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdan ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR2833283B299 saylı kredit müqaviləsinə əsasən 3573,76 manat əsas, 333,89 manat faiz, cəmi 3907,65 manat, xx.xx.2022-ci il tarixli, BRCB6700595A141 saylı kredit müqaviləsinə əsasən 467,31 manat əsas, 7,51 manat faiz, cəmi 474,82 manat borcu və dövlət rüsumuna görə ödənilmiş 64,37 manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22,AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №e-2(032)-306/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-306/2025
11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver