Məhkəmə qərarları › İş №e-2(032)-313/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-313/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-313/2025 19.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1649 manat 59 qəpik əsas, 10 manat 77 qəpik faiz olmaqla, cəmi 1660 manat 36 qəpik borcun və 36 manat 60 qəpik ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra – İddiaçı QSC) ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 44 saylı üzəştli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 1867 manat 34 qəpik məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh güzəştli borc müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. Bağlanmış xx.xx.2020-ci il tarixli 26 saylı güzəştli borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı QSC-yə olan əsas borcu 1649 manat 59 qəpik, faiz borcu 10 manat 77 qəpik olmaqla, cəmi borcu 1660 manat 59 qəpik təşkil etmişdir. Borcun ödənilməsi barədə Cavabdeh dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildiriş “ünvan bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iş materiallarında olan: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 44 saylı müqaviləyə əsasən Cavabdeh 1867 manat 34 qəpik məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində kredit verilmişdir. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixinə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına 1649 manat 59 qəpik əsas, 10 manat 77 qəpik faiz borcu olmaqla, cəmi 1660 manat 36 qəpik kredit borcu vardır. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM): 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının hesablanmış faiz borcunun cavabdehdən tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehə kredit təşkilatı tərəfindən 1867 manat 34 qəpik məbləğində kredit verilmişdir və cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixə 972 manat ödənilməli olduğu halda 135 manat ödəniş edilmişdir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Beləliklə, iddiaçı Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) barədə iradə ifadəsi qarşı tərəfə xx.xx.2023-cü il tarixli bildirişlə çatdırılmış və daha sonrakı tarixə faizin hesablanması əsaslı sayıla bilməz. Həmin bildirişdə isə faiz məbləğinə dair hər hansı göstəriş olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1649 (min altı yüzqırx doqquz) manat 59 (əlli doqquz) qəpik əsas borcunun olması iş materialları ilə öz təsdiqini tapdığından əsas borcun tutulması hissəsində iddia tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, iddianın dövlət rüsumunun və xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, yaranmış əsas və cərimə borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36 (otuz altı) manat 60 (altmış) qəpik dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1649 (min altı yüz qırx doqquz) manat 59 (əlli doqquz) qəpik məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 36 (otuz altı) manat 60 (altmış) qəpik pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1649 (min altı yüz qırx doqquz) manat 59 (əlli doqquz) qəpik məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 36 (otuz altı) manat 60 (altmış) qəpik pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar