Məhkəmə qərarları › İş №e-2(032)-316/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-316/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-316/2025 17.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 manat əsas borcun və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC X4 arasında xx.xx.2023-cü il tarixli, 1648 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi “Hyundai Sonata” markalı, ** PY *** nömrə nişanlı nəqliyyat vasitəsi günlük 70 manat, ümumilikdə 1400 manat ödəmək şərtiylə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək icarəyə verilmişdir. Cavabdeh tərəfindən müqaviləyə əsasən yaranmış öhdəliklər pozulmuş və tam icra edilməmişdir. Belə ki, X4 tərəfindən ödənilməli olan 1400 manat icarə ödənilməmiş saxlanılmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələr də, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, yaranmış problemin mübət həlli üçün heç bir səy göstərməmişdir. Məhkəmə qeyd edir ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Cavabdehə hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 09 yanvar 2025-ci il tarixli, e-2(032)-316/2025 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC X4 arasında xx.xx.2023-cü il tarixli, 1648 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, “Hyundai Sonata” markalı, ** PY *** nömrə nişanlı nəqliyyat vasitəsi günlük 70 manat, ümumilikdə 1400 manat ödəmək şərtiylə İddiaçı MMC tərəfindən X2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, icarə müqaviləsində qeyd olunan nəqliyyat vasitəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı MMC borclu X3 borc barədə xəbərdar etmiş və borcun ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Yaşayış otağını kirayəyə verən bu Məcəllənin 696-cı maddəsinə uyğun etirazvermə imkanını, habelə etirazın verilməsi formasını və müddətini kirayəçiyə vaxtında göstərməlidir. Azərbaycan Respublikası “İcarə” Haqqında Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. İşin faktiki hallarından göründüyü kimi İddiaçı MMC ilə cavabdeh X4 arasında xx.xx.2023-cü il tarixli, 1648 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən “Hyundai Sonata” markalı, ** PY *** nömrə nişanlı nəqliyyat vasitəsi günlük 70 manat, ümumilikdə 1400 manat ödəmək şərtiylə İddiaçı MMC tərəfindən X2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək icarəyə verilmişdir. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avtomobili cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə baxmayaraq, müqaviləyə əsasən yaranmış öhdəliyi tam icra etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı tələblə iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və cavabdeh X1 1400 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 34 manat dövlət rüsumu ödənilmişdir. Məhəkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 1400 manat məbləğində əsas borc və ödənilmiş 34 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar