Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-450/2025 01.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 5436.23 manat məbləğində əsas, 879.24 manat faiz borcu və 50.93 manat cərimə borcu olmaqla, ümumilikdə 6366.40 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 84.07 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2024-cü il tarixində xx.xx.2029-cu il tarixədək illik 28% olmaqla istehlak məqsədləri üçün 5600 manat nağd kredit (komissiya 285 manat, aylıq ödəniş hər ayın 8-i 175 manat) məbləğicavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit № 5087nkBKSb/22). Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən “Müştəri” kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qismən qəbul edərək, 5436.23 manat əsas borcun, faiz borcunun isə ona ünvanlanmış bildirişə uyğun, yəni 345 manat məbləğində tutulmasına etiraz etmədiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 5087nkSLYb/22 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 5600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli 5087nkSLYb/22 saylı kredit müqaviləsinə əsasən 5436.23 manat əsas, 345 manat faiz və 7.19 manat cərimə borcu olmaqla, ümumilkdə 5788.42 manat borcunun olduğu, kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablandığı, banka olan bütün borc məbləğinin 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif edildiyi, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərcləri tam olaraq qaytarılması ilə əlaqədar tərəflərindən iddia tələbi ilə məhkəməyə müraciət edəcəkləri qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli 5087nkSLYb/22 saylı kredit müqaviləsi üzrə 5436.23 manat məbləğində əsas borcu, 879.24 manat məbləğində faiz borcu və 50.93 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6366.40 (altı min üç yüz aytmış altı manat 40 qəpik) manat kredit borcu vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, bankla borclu arasında xx.xx.2024cü il tarixli 5087nkSLYb/22 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə xx.xx.2029-cu il tarixinədək, illik 28 % ödəmək şərtilə 5600 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq öz üzərinə düşən öhdəliyi icra etmiş, lakin borclu tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müəyyən edilmiş müddət və cədvəl üzrə ödənişlərin həyata keçirilməsi öhdəliyi pozulmuşdur. Hazırda bank borclu tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış olan borcun ödənilməsi ilə bağlı məhkəmə müraciət etmişdir. Hazırda iddiaçı Cavabdeh 5436.23 manat əsas, 879.24 manat faiz, 50.93 manat cərimə borcunun tutulmasını xahiş edir. İddiaçının iddia tələbinin Cavabdeh 5436.23 manat əsas borcun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən kredit müqaviləsi üzrə əsas borca hesablanmış 879.24 manat faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşdən göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2024-cü il tarixli 5087nkSLYb/22 saylı kredit müqaviləsi üzrə faiz borcu məhz sonuncuya ünvanlanmış olan xx.xx.2024-cü il tarixili bildiriş əsas götürülməli və cavabdehdən 345 manat məbləğində faiz borcu tutulmalıdır. İddia tələbinin cavabdehdən 50.93 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia cərimə borcunun tutulması hissəsində də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 50.93 manat deyil, 8 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Həmçinin iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 83.67 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 5087nkSLYb/22 saylı kredit müqaviləsi üzrə 5436.23 manat əsas, 345 manat faiz borcu, 8 manat cərimə borcu olmaqla, cəmi 5789.23 manat və dövlət rüsumuna görə ödənilmiş 83.67 manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-450/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-450/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver