Məhkəmə qərarları › İş №e-2(032)-520/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-520/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-520/2024 29.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pulun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1399.05 ABŞ dolları məbləğində əsas borcun, 2181.73 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 3580.78 ABŞ dolları borcun və 98 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 27.85% olmaqla 2259.2 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, kredit sazişinin ayrılmaz tərkib hissəsi sayılan İddiaçı ASC-nin Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri”nin “Preambula” hissəsinə əsasən bu şərtlər istisnasız olaraq İddiaçı ASC-nin hər bir müştərisinə münasibətdə tətbiq üçün nəzərdə tutulan elə şərtlərdir ki, Bank tərəfindən təqdim edilən bütün məhsullar üzrə ümumi şərtləri, tərəflərin hüquq və vəzifələrini, habelə müqavilənin şərtlərini müəyyən edir və tərəflər arasında gələcəkdə bağlanacaq əqdlərin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. Şərtlərdə həm bütün gələcək əqdlər (kredit sazişləri, razılaşmalar və s. üçün ümumi, həmçinin ayrı-ayrı məhsullar üzrə xüsusi şərtlər müəyyən edilir. İddiaçı ASC-nin cavabdeh “kreditin və ona hesablanmış faiz borcunun İddiaçı ASC ilə yuxarıda adı göstərilən şəxs arasında ilkin kredit müqaviləsi CP/48488/48/26 saylı müqavilə olmaqla xx.xx.2015-ci il tarixdə imzalanmışdır. Bu səbəbdən hazırda mübahisə predmeti olan RP/47094/53/26 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi imzalanarkən “Preambula” hissəsində göstərilən və yuxarıda qeyd olunan şərt əsas hesab olunmaqla bütövlükdə “Kreditləşmə və Xidmət Şərtləri” deyil sadəcə şərtlərdə baş vermiş dəyişiklərlə bağlı olan “ 2 Saylı Əlavə” razılaşdırılmaqla imzalanmışdır. Bu prosedur ümumi xarakter daşımaqla, əvvəllər bankın təklif etdiyi kredit məhsullarının hər hansı birindən istifadə edən müştəri sonrakı tərəfələr həmin yaxud digər kredit məhsulundan istifadə ilə bağlı müraciət etdikdə tətbiq dilir. Məhkəməyə təqim edilmiş qeyd olunan maddi sübuta münasibətdə məhkəmə təhqiqatı zamanı göstərilən halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etdi. Bildirdi ki, iddiaçı «Bank of Baku” ASC ilə aralarında müqavilə xx.xx.2015-ci ildə 60 aylıq müddətinə bağlanmışdır. İddia tələbinin irəli sürülməsi üçün qanunvericilikdə konkret müddət müəyyən olunduğundan, həmin müddət ərzində iddia tələbinin irəli sürülməməsi və müqavilə müddəti bitdikdən 3 ildən də artıq müddət keçdikdən sonra müvafiq tələbin irəli sürülməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdeh vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, RP/47094/53/26 nömrəli kredit sazişi müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında illik 27.85% ödəmək şərti ilə 60 ay müddətinə olmaqla 2259.2 ABŞ dolları məbləğində Nağd pul kreditinin verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit üzrə borcun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncunun banka 1399.05 ABŞ dolları əsas, 2181,73 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2874 nömrəli ekspert rəyindən qeyd edilmişdir ki, ekspertiza tədqiqatının nəticəsi olaraq Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli RP/47094/53/26 nömrəli kredit sazişi üzrə borcalanın banka olan kredit borcu xx.xx.2020-ci il tarixə əsas borc üzrə 1399,05 ABŞ dolları, faiz borcu üzrə 2495,92 ABŞ dolları, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 1399,05 ABŞ dolları, faiz borcu üzrə 2495,92 ABŞ dolları, iilik 5 % dərəcəsi ilə faiz borcu 246,97 ABŞ dolları təşkil edir. Məhkəmə, ilk növbədə iddiaçının hazırki tələb irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC Cavabdeh borc (kredit) verməyi, Cavabdeh isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək kredit məbləğini Cavabdeh vermiş olması işin mübahisəsiz halıdır. Cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir və nəticədə onun iddiaçı Banka 1399.05 ABŞ dolları əsas, 2181,73 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Məhkəmə iclasında Cavabdeh qeyd olunan məbləğlərdə əsas münasibətdə mübahisələndirmədiyini etiraf etmişdir. İşdə olan digər sənədlərlə də müəyyən olunur ki, Cavabdeh qeyd olunan məbləğdə ödənilməmiş borcu qalmışdır. Bununla da Cavabdeh kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcunun ödənilməsi barədə öhdəliklərinin icrasına dair tələbi hüquqi və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsindən yaranan əsas öhdəlik lazımınca icra edilmədiyinə görə kredit müqaviləsi üzrə cavabdehə qarşı iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin Cavabdeh tutulması barədə iddiaçının tələbi haqlı və qanunidir. Lakin, Cavabdeh ona qarşı yönəldilmiş iddia tələbinin obyekti olan əsas borcu hissəsinin məbləğini mübahisələndirməsə də, həmin borcun tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair məhkəməyə ərizə vermişdir. Məhkəmə, Cavabdehnun iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddəti isə müqavilə tələbləri üzrə üç illə məhdudlaşır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olubolmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 60 ay müddətinə bağlanmışdır və özündə ödəniş cədvəlini əks etdirən kredit müqaviləsinə “Əlavə”də kredit məbləğinin son ödəniş tarixi kimi xx.xx.2020-ci il tarixi qeyd edilmişdir. Bununla da müəyyən olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi beş il (60 ay) müddətinə bağlanmışdır və həmin müqavilə üzrə öhdəliklərin son icra müddəti kimi xx.xx.2020-ci il tarixi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən yaranan tələblər üzrə iddia müddətinin axımı tərəflərin razılaşması ilə son icra müddəti kimi müəyyən edilmiş xx.xx.2020-ci il tarixindən etibarən başlamışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə bitmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqinə dair Cavabdeh ərizəsi əsaslı hesab edilməli və hazırki mübahisə iddia müddəti tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin tətbiqinin əsaslarını və nəticələrini tənzimləyən maddi hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh kredit müqaviləsi üzrə borcu və həmin borca hesablanmış faiz borcunu tələb etmək hüququ olsa da, iddia müddəti keçdiyinə görə həmin hüququn dövlət məcburetmə vasitələri ilə həyata keçirilməsi imkanını iddiaçı itirmişdir. Buna görə də, iddiaçının kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli, RP/47094/53/26 nömrəli kredit sazişi müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 1399.05 ABŞ dolları məbləğində əsas borcun, 2181.73 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 3580.78 ABŞ dolları məbləğində pulun Cavabdeh tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar