Məhkəmə qərarları › İş №e-2(032)-53/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-53/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-53/2025 11.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7013 manat əsas, 2166.18 manat faiz, 385.25 manat cərimə borcu olmaqla, cəmi 9564.43 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 115.65 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0232 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8000 (səkkiz min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 368 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh Əhmədova Gülgəz Qurban qızı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən cavabdeh Əhmədova Gülgəz Qurban qızının əsas borc üzrə 7013.00 manat, faiz borcuna görə 2166.18 manat, cərimə borcuna görə 385.25 manat, cəmi 9564.43 (doqquz min beş yüz altmış dörd manat qırx üç qəpik) manat təşkil edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin İddiaçı MMM QBKT-nın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “FİNCA Azerbaiyan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0232 saylı müqaviləyə əsasən, borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 26 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan *************-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh1 İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2nun xx.xx.2024-cü il tarixə İddiaçı MM QBKT-yə 7013 manat məbləğində əsas borcu, 2166.18 manat məbləğində faiz borcu, 385.25 manat cərimə borcu olmaqla, ümumilikdə 9564.43 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, 8000 manat pul Cavabdeh2 ödənilmişdir. Məhkəmənin 29 oktyabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 izahatında iddia tələbini qismən etiraf edərək, 7013 manat əsas borc hissəsində iddianı qəbul etdiyini, lakin bank tərəfindən tələb olunan faiz və cərimə borcu ilə razı olmadığını, bu səbəbdən də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(032)-1366/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2024-cü il tarixli, 9/9785 saylı mühasibat rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, xx.xx.2023-cü il tarixli, **********0232 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixə Cavabdeh2 İddiaçı MM QBKT-yə olan borcu əsas borc üzrə 6867.62 manat, faiz borcu üzrə 562.61 manat müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “FİNCA Azerbaiyan” MM QBKT ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı “FİNCA Azerbaiyan” MM QBKT Cavabdeh2 borc (kredit) verməyi, Cavabdeh2 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və borcverən tərəfindən müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam olaraq icra etmişdir. Müqavilə üzrə borcun ödənilmiş olamasını sübut etmə yüklülüyü cavabdeh tərəfin üzərəinə düşsə də, cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “FİNCA Azerbaiyan” MM QBKT ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehlərin də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə Cavabdeh1 imzaladığı zaminlik müqaviləsi ilə borclu Cavabdeh2nun kredit müqaviləsi üzrə öhdəliyin tamamilə icra etməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliyini pozduğuna görə zaminlərin də onunla birlikdə kreditor qarşısında birgə (solidar) məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edldi ki, “FİNCA Azerbaiyan” MM QBKT cavabdehlərdən müştərək qaydada 7013 manat əsas, 2166.18 manat faiz, 385.25 manat cərimə borcu olmaqla, cəmi 9564.43 manat borc tutulmalı olduğunu iddia edir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı MM QBKT arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0232 saylı saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu 6867,62 manat əsas, 562,61 faiz borcu təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı “FİNCA Azerbaiyan” MM QBKT-nin iddia tələbi cavabdehlərdən tutulacaq əsas və faiz borcu iddia tələbi üzrə deyil, ekspert rəyi əsas götürülməklə tutulmalıdır. Yəni xx.xx.2023-cü il tarixli, **********0232 saylı saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 6867.62 manat, faiz borcu üzrə 562.61 manat pul tutulmalıdır. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 385.25 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə 385.25 manat deyil, 38 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan “AsanPay” vasitəsi ilə ödənilmiş olan **********97 nömrəli ödənişlərdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı ümumilikdə 115.65 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq tərəflərdən tutulur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan ümumilkdə 115.65 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə, yəni 94.69 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, 21 manat hissəsi isə iddiaçıya aid edilməlidir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci isə mütənasib olaraq cavabdehlərə və iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6867.62 manat əsas borc, 562.61 manat faiz borcu, 38 cərimə borcu olmaqla, cəmi 7468.21 manat, həmçinin 94.69 (doxsan dörd manat 69 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MM QBKT-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 21 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 20 manatı İddiaçı MM QBKT-dan, 80 manat isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar