Məhkəmə qərarları › İş №e-2(032)-540/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-540/2025

18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-540/2025 18.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi ziyan kimi 8670 manat maddi ziyan, 800 manat hüquqi yardım üçün və 107,10 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan “Nissan Altima” minik markalı ** RZ *** dövlət qeydiyyat nömrəli, 2007-ci il istehsalı, Ban 1N4AL21DX8C109526 nömrəli avtomobili Vəkiliv Elvin Rəfael oğluna 2 il müddətinə həmin nəqliyyat vasitəsini idarə etməyə etibarnamə vermişdir. Həmin avtomobili Vəkilov Elvin Rəfael oğlu X1 icarəyə vermiş, sonuncu isə həmin avtomobili iş üzrə cavabdehə Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarə vermişdir. İş üzrə cavabdeh xx.xx.2024-cü il tarixdə həmin avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iş üzrə iddiaçıya ümumilikdə 8670 manat maddi ziyan vurmuşdur. Bu hadisə nəticəsində iş üzrə cavabdehin barəsində inzibati qaydada protokol tərtib edilərək, cərimə edilmişdir. Həmin hadisə nəticəsində iş üzrə cavabdehin ətraf mühizə vurduğu maddi ziyana görə sığorta həmin ziyanı ödəsədə, ona dəymiş ziyanı ödəməmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, polisə müraciət etməmişdən əvvəl Amid adlı şəxs hansı ki, avtomobillərin icarəsini həyata keçirir. Həmin şəxs əvvəl ondan 2.000 manat istədi ki, avtomobili təmir etdirsin, sonra razılıq olmadığı üçün 4100 manat, Hacıqabul rayon Polis Şöbəsinə müraciətdə isə 5000 manat dəymiş ziyan istədi. Deyilən məsələlərlə razı olmadı, çünki avtomobilin icarə proseduru və eyni zamanda “Nissan Altima” minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan həqiqəti əks etdirmir. Əksinə çox şişirdilmiş rəqəmlər tələb olunur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq bunun səbəbi barəsində heç bir məlumat verməmiş, məhkəmə iclasına gəlməmiş və yuxarıda qeyd olunan qurumlara müraciət olunması ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan iddia təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli rəy aktından görünür ki, qəza zamanı “Nissan Altima” minik markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qəza zamanı əzilib sıradan çıxan hissələr üzrə dəyən maddi ziyan ümumilikdə 8670 manat təşkil edir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Altima” minik markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Vəkilov Elvin Rəfael oğlunun adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli Sabunçu rayon DYPŞ polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-540/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixində məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuş, artıq qeyd edilən fəaliyyətin qiymətləndiricilər tərəfindən həyata keçirilməli olmasında dair vəsatətlə geri qaytarılmış və mülki iş üzrə icraat təzələnmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-540/2025 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMCyə tapşırılmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 11-193/25 nömrəli rəyində göstərilmişdir ki, 1,2 və 3cü sualların cavablandırılması qiymətləndiricinin səlahiyyətlərinə aid deyildir. Aparılan araşdırmalar və təhlillərə əsasən 4, 5 və 6-cı suallar üzrə “Nissan Altima” minik markalı, ** RZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə təmir işlərinin aparılması, dəyişdirilmiş və yenilənmiş ehtiyyat hissələri ilə birlikdə 6270 manat ehtiyyat hissələrinin xərci və 2400 manat olmaqla, ümumilikdə 8670 manat məbləğində ziyan dəymişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İddiaçıya məxsus “Nissan Altima” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən xx.xx.2024-cü ildə yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə avtomobilə ziyan dəymişdir. Hadisə ilə bağlı inzibati protokol tərtib edilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş ekspert rəylərinə əsasən avtomobilə 8670 manat məbləğində maddi ziyan dəydiyi təsdiq olunmuşdur. İddiaçı həmçinin hüquqi yardım üçün 800 manat, dövlət rüsumu üçün 107,10 manat və ekspertiza xərci üçün 250 manat ödəmişdir. Cavabdeh iddianın şişirdildiyini bildirsə də, etirazlarını sübutlandıran hər hansı sənəd təqdim etməmiş, məhkəmə iclaslarında da iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə əmlakın zədələnməsi və zərərçəkənin çəkdiyi xərclər başa düşülür; Həmin məcəllənin 1096 və 1097-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərər təqsirli şəxs tərəfindən tam həcmdə ödənilməlidir; Hazırkı işdə Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə zərərçəkənə məxsus avtomobilə maddi ziyan vurulmuşdur. Bu, Mülki Məcəllənin 1099 və 1108-ci maddələrinin tətbiqi baxımından delikt öhdəliyi yaradır. Mülki hüquqi məsuliyyət üçün tələb olunan şərtlərin hamısı mövcuddur, yəni hüquqa zidd əməl – inzibati protokolla təsdiqlənmişdir; Təqsir – cavabdeh yol hərəkəti qaydalarını pozaraq təqsirli bilinmişdir; Zərər – ekspert rəyi ilə 8670 manat maddi ziyan təsdiq edilmişdir; Səbəbli əlaqə – zərər məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində baş vermişdir. Bu şərtlərin mövcudluğu zərərin cavabdehdən tutulmasını zəruri edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:  77.1-ci maddəsinə görə hər bir tərəf iddia və etirazlarını sübut etməlidir;  217.4-cü maddəsinə görə qətnamə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanır. İddiaçı təqdim etdiyi ekspert rəyləri, protokol və qəbzlərlə iddiasını sübuta yetirmiş, cavabdeh isə öz etirazlarını təsdiq edən sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tələbin təmin olunma dərəcəsindən asılı olaraq cavabdeh üzərinə qoyulur. Bura daxildir: 107,10 manat dövlət rüsumu və 250 manat ekspertiza xərci Yuxarıda göstərilənləri, qanunvericiliyin tələblərini, iş materiallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır və tam təmin olunmalıdır. Ziyanın tərkib hissəsi kimi vəkil xərcinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə yalnız əmlakın sıradan çıxması deyil, həm də zərərçəkmişin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Deməli, zərərçəkmiş şəxs hüququ pozulduğu üçün məhkəməyə müraciət edirsə və hüququnun müdafiəsi üçün vəkil cəlb edirsə, bu xərclər məhz hüququnun pozulmasının nəticəsində yaranır. Əgər zərər törədilməsəydi, iddiaçı vəkil tutmaq məcburiyyətində qalmazdı. Bu baxımdan, vəkil xərci zərərin birbaşa nəticəsi kimi real zərər anlayışına daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə xərcləri tələbin təmin olunmasına mütənasib qaydada cavabdeh üzərinə qoyulur. Buraya dövlət rüsumu və işin baxılması ilə bağlı digər xərclər daxildir. 121.2 və 121.4-cü maddələrinə əsasən, vəkilin göstərdiyi hüquqi yardımın dəyəri də bu xərclərə daxildir və məhkəmə həmin xərclərin məqbul və zəruri olub-olmamasını qiymətləndirməlidir. Məhkəmə təcrübəsində də dəfələrlə vurğulanmışdır ki, əgər vəkil xərci sənədlə təsdiq olunubsa və mübahisəli iş üzrə hüququn müdafiəsi üçün obyektiv zərurət təşkil edirsə, bu xərclər cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinə görə, hər kəsin məhkəmə müdafiəsi hüququ vardır. Bu müdafiənin effektivliyi üçün vəkilin iştirakı çox vaxt labüddür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə qərarlarında (xüsusilə delikt öhdəliyi və ziyanın ödənilməsi ilə bağlı) vurğulanır ki, zərərin tam həcmdə ödənilməsi prinsipi yalnız maddi əmlakın bərpasını deyil, həm də hüququn müdafiəsi üçün çəkilən zəruri xərclərin ödənilməsini əhatə edir. Hazırkı işdə İddiaçı vəkil Nümayəndə 800 manat ödəmiş, bu ödəniş rəsmi qəbzlə təsdiqlənmişdir. Belə ki, iddia hüquqi mürəkkəblik kəsb etdiyindən və ekspertiza təyin olunduğundan, vəkilin iştirakı obyektiv zəruri olmuşdur. Bu xərclər iddiaçının hüququnun bərpası üçün çəkildiyindən, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərərin tərkib hissəsi və MPM-in 121-ci maddəsinə əsasən isə məhkəmə xərcləri sayılır və cavabdehdən tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 8670 manat məbləğində maddi ziyan, 800 manat hüquqi yardım, 250 manat ekspertiza xərci və ödənilmiş 107,10 manat dövət rüsumu olmaqla ümumilikdə 9827.1 manat (doqquz min səkkiz yüz iyirmi yeddi manat on qəpik) alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar