Məhkəmə qərarları › İş №e-2(032)-545/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-545/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-545/2024 08.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pulun tutulması tələbinə dair mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8929.61 manat əsas, 1315.08 manat faiz, 352.13 manat cərimə borcu olmaqla, cəmi 10596.82 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 122.20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 8791nkADJb/22 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a illik 36 ay müddətinə illik 19% ödəmək şərtilə 13000 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə “Borcverənə”ə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə “Borcalana” ayrılan kredit məbləği oferta çərçivəsində Borcalana verilən ödəniş kartına köçürülür. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin verilməsi və kredit prosedurlarına görə kredit məbləğinin 0 faizi həcmində, kreditin nağdlaşdırılmasına görə isə kredit məbləğinin 1 faizi həcmində komissiya tutulur. Сavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, bank tərəfindən tələb olunan faiz və cərimə borcu ilə razı deyil, həmin məbləğlər şişirdilmişdir, bu səbəbdən də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilərək faiz və cərimə borcunun düzgün hesablanmasını xahiş etmişdir. Hazırda tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin iddiaçı "xxxx" ASCnin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcini nəzərə alaraq iclası onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixli, 8791nkADJb/22 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinədək, illik 19% ödəmək şərti ilə 13000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 8791nkADJb/22 saylı kredit müqaviləsi üzrə 8929.61 manat əsas, 814.74 manat faiz və 99.33 manat cərimə borcu olmaqla, ümumilkdə 9843.68 manat borcunun olduğu, kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablandığı, banka olan bütün borc məbləğinin 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif edildiyi, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərcləri tam olaraq qaytarılması ilə əlaqədar tərəflərindən iddia tələbi ilə məhkəməyə müraciət edəcəkləri qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 8791nkADJb/22 saylı kredit müqaviləsi üzrə 8929.61 manat məbləğində əsas borcu, 1315.08 manat məbləğində faiz borcu və 352.13 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10596.82 (on min beş yüz doxsan altı manat 82 qəpik) manat kredit borcu vardır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-545/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 03 sentyabr 2024-cü il tarixli, 3-16-16/2- 9/4654/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallaınrda olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 12 aprel 2022-ci il tarixli, 8791nkADJb/22 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" ASC-yə maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə olan borcu 10244.27 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc ürə 8927.11, faiz borcu üzrə 1317.16 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, bankla borclu arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 19% ödəmək şərti ilə 36 ay müddətinə 13000 manat kredit verilmişdir. Həmçinin iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 12 aprel 2022-ci il tarixli, 8791nkADJb/22 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC-yə maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə olan borcu 10244.27 manat müəyyən edilir, o cümlədən əsas borc üzrə 8927.11, faiz borcu üzrə 1317.16 manat təşkil edir. Məhkəmə iddiaçının cavabdehdən tələb olunan əsas borca münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının nəticəsi olaraq cavabdehin 12 aprel 2022-ci il tarixli, 8791nkADJb/22 saylı saylı kredit müqaviləsi üzrə əsas borcu 8927.11 manat təşkil etdiyi müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehdən tutulacaq olan əsas borc 8929.61 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq olan əsas borc iddiaçının iddia tələbində qeyd edilən məbləğ üzrə deyil, ekspert rəyi üzrə tutulmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2022-ci il tarixli, 8791nkADJb/22 saylı kredit müqaviləsi üzrə 8927.11 manat əsas borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddiaçının iddia tələbinin kredit müqaviləsi üzrə əsas borca hesablanmış 1315.08 manat faiz borcunun cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən borcluya xx.xx.2023-cü il tarixdə bildiriş ünvanlanmış və həmin bildirişin surətindən görünür ki, 12 aprel 2022-ci il tarixli, 8791nkADJb/22 saylı kredit müqaviləsi üzrə 8929.61 manat əsas, 814.74 manat faiz və 99.33 manat cərimə borcu olmaqla, ümumilkdə 9843.68 manat borcunun olduğu, kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablandığı, banka olan bütün borc məbləğinin 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif edildiyi, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərcləri tam olaraq qaytarılması ilə əlaqədar tərəflərindən iddia tələbi ilə məhkəməyə müraciət edəcəkləri qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşdən göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının xx.xx.2023-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilərək, cavabdehdən 12 aprel 2022-ci il tarixli, 8791nkADJb/22 saylı kredit müqaviləsi üzrə faiz borcu məhz sonuncuya ünvanlanmış olan xx.xx.2023-cü il tarixili bildiriş əsas götürülməli və 814.74 manat məbləğində faiz borcu tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 12 aprel 2022-ci il tarixli, 8791nkADJb/22 saylı kredit müqaviləsi üzrə 814.74 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapdığından faiz borcun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 352.13 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia cərimə borcunun tutulması hissəsində də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 352.13 manat deyil, 20 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 121.80 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 121,80 manat dövlət rüsumu bankın xeyrinə Cavabdeh tutulmalıdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 8791nkADjb/22 saylı kredit müqaviləsi üzrə 8927.11 manat əsas, 814.74 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 9761.85 manat və dövlət rüsumuna görə ödənilmiş 121,80 manat məbləğində pul iddiaçı "xxxx" KB ASCnin xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar