Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-552/2025 07.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 6715 manat 80 qəpik məbləğində əsas borc, 1460 manat 04 qəpik məbləğində faiz borcu, cəmi 8175 manat 84 qəpik məbləğində borcun və ödənilmiş 102 manat 16 qəpik məbləğində dövlət rüsumunun tutulmasını tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2023-ci il tarixində xx.xx.2028-ci il tarixədək illik 28,75% olmaqla istehlak məqsədləri üçün 7500 manat nağd kredit (komissiya 380 manat, aylıq ödəniş hər ayın 15-i 237 manat) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit № 8497nkSLYb/22). Kredit məbləğinin hesaba köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası hesabdan çıxarışda əks olunmuşdur. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qismən etiraf etdi, izahat verərək bildirdi ki, "xxxx" KB ASC-dən həqiqətən də kredit götürmüşdür. Əvvəllər banka olan borcunu vaxtında ödəmişdir. Daha sonra işdən çıxdığı üçün ödənişlərini ödəyə bilməmişdir. Banka olan borcunu ödəməkdən imtina etmir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş : 28 dekabr 2021-ci il tarixli 01U/21 saylı Ümumi Ofertanın: 5.1-ci maddəsinə əsasən Bank "Müştəri"nin ödəniş kartına (bundan sonra "Kart" adlanacaq) xidmət göstərilməsini və kartla bağlı olan cari hesab vasitəsilə hesablaşmakassa əməliyyatlarının aparılması üçün bank xidmətlərini göstərilməsini, müştəri isə Bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. 5.1.1-ci maddəsinə əsasən bu müqavilə üzrə əldə olunmuş ödəniş kartı açar kart kimi istifadə olunur. Müştərinin seçiminə əsasən açar funksiyası ləğv oluna bilər; 5.2-ci maddəsinə əsasən bu ofertada və bank tərəfindən bildirilən digər bütün şərtlər “sayt”da əks olnur; 5.3-cü maddəsinə əsasən müştəriyə təqdim olunan kartın növündən asılı olaraq, kartın cari hesabındakı gündəlik qalığına “sayı”da qeyd olunan illik faiz dərəcəsi ilə əlavə ödəniş hesablara bilər. Əlavə ödəniş hesablanarsa, ödəniş, hər təqvim ayının sonuncu iş günü müştərinin bankda olan cari bank hesabına köçürülür. Müştərinin kartında olan şəxsi vəsaitinə hesablanacaq faiz dərəcəsi haqqında məlumat “sayt”da əks olunur; 20.9-cu maddəsinə əsasən “Müştəri” kreditin və /və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) faiz miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli 01U/21 saylı ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtləri ilə razıdır. Sms çıxarış portalından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 470sSLYb/23 saylı kredit müqaviləsi üzrə xx.xx.2028-ci il tarixədək, illik 28,75 faiz dərəcəsi, 380 manat komissiya ilə 7500 manat məbləğində, aylıq ödəniş 237 manat olmaqla kredit təklif olunmuş, xx.xx.2023-cü il tarixdə vəsait karta köçürülmüşdür. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixə cavabdehin "xxxx" ASC-yə 6715 manat 80 qəpik əsas, 1460 manat 04 qəpik faiz, 0 manat cərimə, cəmi 8175 manat 84 qəpik borcu vardır. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixinə əsas kredit borcu üzrə 6715 manat 80 qəpik , faiz borcu üzrə 825 manat 53 qəpik , cərimə borcu üzrə 17 manat 95 qəpik məbləğində borcun 3 (üç) gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə bank tərəfindən borc tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 102 (bir yüz iki) manat 16 (on altı) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçının tələbi cavabdeh ilə onun arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarına əsasən müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Mülki Məcəllənin 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Qeyd etmək lazımdır ki, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “Elektron ticarət haqqında” Qanun) əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur. Belə ki, “Elektron ticarət haqqında” Qanunun 7-ci maddəsinə əsasən, elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; -mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Tərəflər arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı Ümumi Oferta müqaviləsi yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının hesablanmış faiz borcunun cavabdehdən tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehin banka xx.xx.2024-cü il tarixinə əsas kredit borcu üzrə 6715 manat 80 qəpik əsas, 825 manat 53 qəpik faiz borcu, 17 manat 95 qəpik cərimə, cəmi 7559 manat 28 qəpik borcu mövcuddur. İddia ərizəsində isə göründüyü kimi, faiz borcunun məbləği artırılmışdır. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Beləliklə, iddiaçı "xxxx" KB ASC tərəfindən müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) barədə iradə ifadəsi qarşı tərəfə xx.xx.2024-cü il tarixli bildirişlə çatdırılmış və daha sonrakı tarixə faizin hesablanması əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faiz və cərimə borcunun tutulması hissəsində iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2023-cü il tarixdə 470sSLYb/23 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 825 manat 53 qəpik faiz borcu tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixdə 470sSLYb/23 saylı kredit müqaviləsi üzrə 6715 manat 80 qəpik əsas, 825 manat 53 qəpik faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapdığından əsas borcun tutulması hissəsində iddia tam, faiz borcun tutulması hissəsində iddia qismən təmin edilməlidir . Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 102 (bir yüz iki) manat 16 (on altı) qəpik dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 470sSLYb/23 saylı kredit müqaviləsi üzrə 6715 (altı min yeddi yüz on beş) manat 80 (səksən) qəpik əsas, 825 (səkkiz yüz iyirmi beş) manat 53 (əlli üç) qəpik faiz borcu olmaqla cəmi 7541 (yeddi min beş yüz qırx bir) manat 33 (otuz üç) qəpik məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 102 (bir yüz iki) manat 16 (on altı) qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli, bununla da iddia qismən təmin edilməlidir . Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 470sSLYb/23 saylı kredit müqaviləsi üzrə 6715 (altı min yeddi yüz on beş) manat 80 (səksən) qəpik əsas, 825 (səkkiz yüz iyirmi beş) manat 53 (əlli üç) qəpik faiz borcu olmaqla cəmi 7541 (yeddi min beş yüz qırx bir) manat 33 (otuz üç) qəpik məbləğində pul alınaraq iddiaçı “X1” ASC-yə verilsin . Məhkəmə xərcləri cavabdehə aid edilsin . Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 102 (bir yüz iki) manat 16 (on altı) qəpik məbləğində pul alınaraq iddiaçı “X1” ASC-yə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-552/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-552/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver