Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-586/2024 20.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə icraat qaydasında yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində yaranmış 1148 manat 28 qəpik borcun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “X1” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1” ASC ilə Cavabdeh arasında fiziki şəxslərə kredit kartının verilməsi üzrə xidmətlərin göstərilməsinə dair 10 mart 2022-ci il tarixli ******************** saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən bank ödəniş kartlarının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsinə olmuşdur. xx.xx.2023-cü il tarixində aparılmış RRN**********15 nömrəli əməliyyat qrşı bank tərəfindən revers (geri çəkilmə) edilsə də, texniki xəta səbəbindən balans azalmamış və müştəri vəsaiti istifadə etmişdir. Bu səbəbdən də, banka 1148 manat 28 qəpik manat həcmində ziyan dəymişdir. Təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən və iş üzrə əlavə araşdırmanın zərurəti yarandığından işə iddia icraatı qaydasında Şirvan Şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı ASC-nin debit kartından istifadə edir, lakin bank tərəfindən onun kartına hər hansı pul vəsaiti köçürülməmişdir. Müəyyən ödənişlərlə bağlı həmin karta 1200 manat pul vəsaiti daxil olmuşdur ki, həmin vəsaiti "xxxx" ASC-nin hesabından və digər ödənişlər vasitəsi ilə qeyd olunan karta özü tərəfindən köçürülmüşdür. Həmin ödənişlərin mənbələri barədə sübutlar mövcuddur, çıxarışlarda öz əksini tapır. İddiaçı tərəfindən hər hansı bir vəsait karta mədaxil olsaydı, onunla bağlı sübutlar olardı. 2023-cü ilin may ayının əvvəllərində debit kartında mənfi yaranmış və bu barədə məlumat vermişdir, o bankla əlaqə saxlamış, bankdan ona texniki səhv olduğu bildirilmişdir. 1 həftə bundan öncə "xxxx" ASC-dən ona zəng edilərək kredit verilmişdir, banka belə bir vəziyyət olduğunu bildirmiş, "xxxx" ASC-nin əməkdaşı yoxlayaraq ona bildirilmişdir ki, onun adında borc yoxdur. Əgər onun adında borc olsaydı, yenidən "xxxx" ASC-dən kredit təklif olunmazdı. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi iştirak etmir, lakin məhkəməyə ərizə ünvanlayaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və baxışında tədqiq edilmiş : xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ASC-nin (bundan sonra Bank) müştərisi olan Cavabdeh məxsus debet kart hesabı üzrə xx.xx.2023-cü il tarixində aparılmış RRN**********15 nömrəli əməliyyat qarşı bank tərəfindən revers (geri çəkilmə) edilsə də texniki xəta səbəbindən balans azalmamış və müştəri vəsaiti istifadə etmişdir. Bununla əlaqədar olaraq Banka 1158.28 manat həcmində ziyan dəymişdir. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixində aparılmış RRN**********15 nömrəli əməliyyat qarşı bank tərəfindən revers (geri çəkilmə) edilsə də, texniki xəta səbəbindən balans azalmamış və müştəri vəsaiti istifadə etmişdir. Bununla əlaqədar olaraq, Banka 1158.28 manat həcmində ziyan dəymiş və cavabdeh məbləğdə əsasız olaraq varlanmışdır. 1148.28 manat 5 iş günü ərzində bütövlükdə geri ödənilməsi təklif etmiş, əks təqdirdə, həmin vəsaitin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh “MC World ATB X2 Pass” 3 il müddətinə ******************** hesab nömrəli kart verilməsinə dair müqavilə bağlanılmış, sənəd xx.xx.2022-cil il tarixdə saat 16:50 müştəri Cavabdeh tərəfindən şəxsi imzanın analoqu ilə imzalanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, bu halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğlərini cavabdehə verdiyini sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tələb etdiyi 1148 manat 28 qəpik borcu sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə mötəbər və inandırıcı sübut təqdim olunmamışdır. İddiaçının bu tələblə bağlı yeganə arqumenti texniki xəta səbəbindən balans azalmış və müştəri tərəfindən istifadə olunmasıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı «X1” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 1148 manat 28 qəpik borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-586/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-586/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver