Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-60/2024 01.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılmasına dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 22155.55 manat əsas borc, 1861,02 manat faiz borc, 1175.47 manat cərimə borc, cəmi 25192.04 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 166 manat məbləğində vəsaitin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçıSC ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 24% olmaqla 29.000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh2 və Cavabdeh1 həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh3 adi bütün öhdəlikləri icra etməlidirlər. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəməyə vəsatət göndərərək bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanan müqavilə əsasında tərtib edilmiş ödəniş cədvəlinə uyğun olaraq xeyli miqdarda, yəni 10 ay 1141 manat olmaqla, ümumilikdə 11.410 manat əlavə cərimə məbləği kimi isə 800 manat ödənişlər etmişdir. İddiaçının qeyd etdiyi 22155,5 manat əsas borc, 1861,02 manat məbləğində faiz borcu, 1175,47 manat məbləğində cərimə borcu düzgün hesablanmamış və süni şəkildə artırılmışdır. Beləliklə, iş üzrə İddiaçı ASC cavabdehlərə qarşı pul tələbinə dair iddia ərizəsində borcu əmələ gəlməsi və ona hesablanmış faiz ümumi sözlərlə göstərilmişdir. Odur ki, iş üzrə məhkəməmühasibatlıq ekspertizasınin təyin edilməsini, ekspertin qarşısında aşağıdakı sualın qoyulmasını xahiş etmişdir: Cavabdehlərin İddiaçı ASC-nə nə qədər ödənilməyən əsas borcu və ödənilməyən əsas borca görə hesablanmış faiz borcu vardır. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iş qurmaq məqsədilə Cavabdeh3 zamin durmuş, əvvəllər kredit ödənişləri vaxtında edilmişdir. Hazırda bankın tələb etdiyi məbləğ həddindən artıq çox olduğunu bildirərək, cavabdehlərin maddi vəziyyətini nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq (elektron qaydada sms və məhkəmə bildirişi göndərilmişdir) məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehlərin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı ASC ilə borclu Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişinin surətindən görünür ki, bank borc alana illik faiz dərəcəsi 24% olmaqla, 36 ay müddətinə 29.000 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin ödəmə cədvəlindən görünür ki, borclu hər ay 1137 manat 75 qəpik ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2025-ci il tarixə kimi ödəməli idi. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh3 eyni tarixdə 28.999 azn məbləğində pulu İddiaçı ASC-dən almış, müvafiq qaydada imza etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 banka 22155.55 manat məbləğində əsas, 1861.02 manat faiz, 1175.47 manat cərimə borcu vardır. xx.xx.2023-cü il tarixdə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 göndərilmiş bildirişlərdə göstərilmişdir ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 24% olmaqla 29.000 manat məbləğində kredit götürmüşdür. Hal-hazırda tərəfindən borcun ödənilməsi gecikdirilir. İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 22155.55 manat əsas, 1462.23 manat faiz və 887.19 manat məbləğində cərimə borcu təşkil edir. Ödəniş gününə olan borcunu 3 gün ərzində ödəməsi xahiş olunmuşdur. Əks təqdirdə müvafiq borc məbləğinin tələbi ilə bağlı məhkəməyə müraciət olunacaq və bankın tələbləri habelə məhkəmə xərcləri və icra hərəkətlərinə çəkilən xərclər ondan tutulacaqdır. İddiaçının dəlillərini yoxlamaq məqsədi ilə Şirvan şəhər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(032)-1434/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/360 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 31 may 2022-ci il tarixli, MK/41776/86/86 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh3 12 sentyabr 2023-cü il tarixə banka əsas borc üzrə 21929,46 manat, faiz borcu üzrə isə 1838 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquqi və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.3-ci maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsinə əsasən borc alan qismində öhdələrinə götürdükləri vəzifələri yerinə yetirməmiş, yəni kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişi və faiz borcu da daxil olmaqla göstərilən ödənilməli olan aylıq məbləği kreditor İddiaçı ASC-yə ödəmədiyi üçün müqavilə şərtlərini pozmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə ekspertiza rəyində əsas və faiz borc tələb edilən borcdan aşağı olduğu üçün məhz cavabdehlərdən göstərilən məbləğin, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/360 saylı rəyi ilə razılaşaraq Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 21929,46 manat əsas borcu, 1838 manat faiz borcu, cəmi 23767,46 manat tutularaq İddiaçı ASC-yə verilməsini məqsədəmüvafiq hesab edir. İddiaçının cavabdehlərdən tələb etdiyi cərimə məbləğinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin şərti kimi icranı lazimi qaydada yerinə yetirmədiyinə görə iddiaçı cavabdehdən dəbbə pulunu tələb etməyində haqlı olsa da, lakin məhkəmə qanunun ona verdiyi səlahiyyət əsasında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi) işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə hazırki iş üzrə müqavilələrin cavabdeh tərəfindən icra olunmama müddəti, əsas borcun-öhdəliyin də həcmini diqqətdən qaçırmır. Belə olan halda məhkəmə cavabdehlərdən müştərək qaydada müqavilə üzrə 400 (dörd yüz) manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri hissəsinə gəldikdə isə ödənilmiş 166 manat dövlət rüsumundan və aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manatdan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri təmin olunan tələbə mütənasib cavabdehlərə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 21929 (iyirmi bir min doqquz yüz iyirmi doqquz) manat 46 (qırx altı) qəpik əsas borc, 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat faiz borcu, 400 (dörd yüz) manat cərimə, cəmi 24167 (iyirmi dörd min bir yüz altmış yeddi) manat 0.46 (qırx altı) qəpik məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 166 (bir yüz altmış altı) manat alınaraq İddiaçı ASC-yə verilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(032)-60/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-60/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver